İrandakı anarxiyanın qarşısını türklər aldı


Siyasət 05 Yan 2018 21:07:00 263 0

İrandakı anarxiyanın qarşısını türklər aldı

Yola saldığımız 2017-ci ilin son günləri cənub qonşumuz İran üçün çox ağır və ağrılı keçdi.

Belə ki, dekabrın 28-də İranın Məşhəd şəhərində sosil tələblərlə başlayan etiraz aksiyaları daha sonra Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərə, eləcə də Təbriz və paytaxt Tehranadək yayıldı. Bu günlər ərzində təhlükəsizlik qüvvələri, dinc sakinlər və iğtişaşçılar da olmaqla etiraz aksiyası zamanı onlarla insan öldü (ölənlərin sayının 20-30 nəfər arası olduğu bildirilir - red.).

Hər şey Məşhəddə insanların qiymətlərin qalxması əleyhinə çıxışları ilə başladı, daha sonra isə digər şəhərlərdə sosial vəziyyətdən narazı olanlar da onlara qoşuldular. Yəni küçələrə çıxanların əsas tələbləri sosial-iqtisadi məsələlərlə bağlı idi. Əslində, etirazçılar o qədər də böyük sosial bazaya malik deyildilər və təşkilatlanmamış, kortəbii hərəkət edirdilər. Təsadüfi deyil ki, İran prezidenti Həsən Ruhani aksiyaların başlanmasından 3 gün sonra bildirdi ki, onlar ölkə daxilindəki problemlərlə bağlıdır və etiraz etmək vətəndaşların konstitusion hüququdur. Lakin bəzi qüvvələr ciddi-cəhdə bunu İranda insanların azadlıq hərəkatı, camaatın hakimiyyətin çevrilməsi uğrunda ayağa qalxması kimi qələmə verməyə çalışdılar. Elə məhz bundan sonra aksiyalarda bəzi siyasi şüarlar səslənməyə başladı.

Ona görə də İran hakimiyyəti aksiyaların süni şəkildə başqa istiqamətə yönəldilməsini və bəzi yerlərdə iğtişaşlara çevrilməsini digər dövlətlərin müdaxiləsi ilə əlaqələndirdi.

"Azadlıq çarçıları"nın səsi isə, əsasən, Qərbdən, xüsusən də ABŞ-dan gəlirdi. Əbəs yerə deyil ki, İran onun daxili işlərinə müdaxilə etdiyinə görə ABŞ-ın cəzalandırılması üçün BMT-yə müraciət edib. İran rəsmilərinin sözlərinə görə, ABŞ və onun müttəfiqləri olan Səudiyyə Ərəbistanı və İsrail İranda vəziyyətin qarışmasında maraqlı olublar.

Artıq fitnəkarların məğlubiyyətə uğradığını deyən İran İslam Respublikasının Keşikçilər Korpusunun (SEPAH) baş komandanı general-leytenant  Məhəmmədəli Cəfərinin sözlərinə görə, ABŞ, İsraildəki sionistlər və Səudiyyə Ərəbistanı "İŞİD" terror təşkilarına göstəriş verib və onların bəzi qrupları iğtişaşlar və partlayışlar törətmək məqsədilə İrana girib.

Lakin İranın Təhlükəsizlik Nazirliyi (Ettelaat) məlumat yayaraq bildirdib ki, son hadisələrin təhrikedicilərindən, təxribatçılar və iğtişaşçılardan bəziləri müəyyən edilib və həbs olunub. Həbs olunanların sayı isə yüzlərlədir.    Amma çoxları İranın məhz milyonlarla Azərbaycan türklərinin yaşadığı ərazilərdə hansı hadisələrin baş verəcəyini səbirsizliklə gözləyirdilər. Onlar isə digər bölgələrə nisbətən sosial vəziyyət baxımından daha ağır durumda olmalarına, işsizliyə, maddi problemlərə baxmayaraq, təxribatlara uymadılar və sakit davrandılar.

Qeyd edək ki, İran əhalisinin az qala 40 faizini Azərbaycan türkləri təşkil edir. Əgər onlar da bu aksiyalara qoşulsaydılar, o zaman İran iqtidarı bunun öhdəsindən gələ bilməyəcəkdi. Hərçənd, Qərbdə bəzi qüvvələr İranı sarsıtmaq, burada vətəndaş müharibəsinə nail olmaq üçün iran azərbaycanlılarının azadlıq uğrunda ayağa qalxacağına və bu üsyanı "İrana qarşı türk planı" kimi qələmə verməyə böyük ümid bəsləyirdilər. Hətta buna İrandan kənarda yaşayan bəzi təxribatçı milliyyətçilər tərəfindən cəhdlər də oldu. Azərbaycanda hamının həyəcanla xəbər gözlədiyi vaxtda Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü çıxış edərək, Azərbaycan tərəfinin İrandakı hadisələrin İran İslam Respublikasının qanunlarına uyğun olaraq sülh şəraitində olmasını arzuladığını bildirdi.

Bundan başqa, türkofob meylləri alışdırmaqla məsələyə Türkiyəni də qatmaq istəyirdilər. Amma burada da istəkləri daşa dəydi. Belə ki, Türkiyə də İrandakı üsyançıları dəstəkləmədi. Çünki 2016-cı ilin iyulunda Türkiyədə də xarici qüvvələrin təhriki ilə dövlət çevrilişi cəhdi olmuşdu. Ona görə də prezident Rəcəb Tayyip Ərdoğan İranın mövcud legitim hakimiyyətini dəstəklədiyini və onun yalnız seçkilər yolu ilə dəyişə biləcəyini bəyan etdi. Telefonda İran prezidenti Həsən Ruhani ilə danışan Ərdoğan ona dəstək oldu, sadəcə ondan xalqın tələblərini nəzərə almağı xahiş etdi. Çünki Türkiyənin dövlət başçısı yaxşı anlayır ki, İrandakı stabillik orada vətəndaş müharibəsindən, İranın Suriyaya çevrilməsindən daha yaxşıdır. Özü də İran nə Suriya, nə İraq deyil. Burada baş verən hər hansı münaqişə, toqquşma region üçün daha böyük fəlakətlərə səbəb ola bilər. Bunun qarşılığında isə Həsən Ruhani öz türk həmkarına minnətdarlığını bildirdi. Təxribatların, araqarışdırmaların olmasına baxmayaraq, məhz Azərbaycan və Türkiyənin reallığa soyuq başla yanaşması, İranın qanuni hakimiyyətini dəstəkləməsi, eləcə də iran azərbaycanlılarının özlərini təmkinli aparması, qanuna riayət etmələri İranı anarxiyadan, vətəndaş müharibəsindən, oradakı hadisələrin daha böyük miqyas almasından, onun etnik müstəviyə keçməsi təhlükəsindən qurtardı. Məhz bundan sonra Tehran etirazçılar üzərində nəzarəti tam ələ keçirdi, vəziyyət stabilləşdi. Məhz bundan sonra İran rəsmiləri fitnəyə son qoyulduğunu, təxribatçı və iğtişaşçıların müəyyən edildiyini bəyan etdilər.

İndi İranda hakim dairələrin hansı addımları atacaqları çox maraqlıdır. Hər halda onlar artıq kimin dost, kimin düşmən olduğunu anlamamış deyillər. Ona görə də ümid edirik ki, köklü dövlətçilik ənənələrinə malik İranı idarə edənlər bunu nəzərə alacaq, bundan sonra dostlara daha yaxın olacaq, düşmənlərə və onlara dəstək olanlara yerini göstərəcəklər...

Pünhan Mirzə Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində