Fərqanə Qasımova: “Həmin gecə atam evə gəlmədi” MÜSAHİBƏ FOTO


Kriminal 05 Yan 2018 11:37:00 472 0

Fərqanə Qasımova: “Həmin gecə atam evə gəlmədi”  MÜSAHİBƏ  FOTO

Ailem.az-ın müsahibi tanınmış xanəndə, əməkdar artist Fərqanə Qasımovadır.

Son.az müsahibəni təqdim edir:  

- Fərqanə xanım, sizi hicablı bir müğənni kimi tanıdıq və dünyanın hər yerində bu cür çıxış edirsiniz. Sizi necə qəbul edirlər?  - Bilirsiniz, mənim baş bağlamağım sırf Allaha olan sevgimdən irəli gəlib. Yəni deyirlər, Allahla insan arasında bir gözə görünməyən qüvvə var. Bu da məndə Allaha qarşı inam və etibardır. Əslində, mənə çox deyən oldu ki, başını bağlama, sən sənətçisən, səhnələrdə olacaqsan. Yaxud da başqa problemlər ola bilər. Amma Allaha olan inam, etibar, etiqad bütün fikirlərdən öncədir. Ona görə mən etibarımı bu yola sövq etdim. 15 ildən artıqdır ki, hicablıyam. Çox sevinirəm və xoşbəxtəm ki, Azərbaycanın hicablı sənətçisiyəm. Buna görə dövlətimə də çox təşəkkür edirəm ki, mənim üçün bu baxımdan bütün yollar açıqdır. İslam ölkəsi olaraq heç bir maneə, baryerlə üzləşmədim. Xarici ölkələrdə də başımın hicablı olmağı mənə xoş təsir edir. Məsələn, indi müsəlmanlığı terrorizm kimi təbliğ etməyə çalışırlar. Bir növ deyərdim, mən onlarda peşmançılıq hissi yaradıram ki, bizim islamımız, örtüyümüz, mədəniyyətimiz budur. Yəni biz insanlara pisliklər yox, sevgi paylayırıq. İslam sevgi dinidir. Bizim məqsədimiz kimisə öldürmək, terror təşkil etmək deyil. Biz dünyanın demək olar ki, bütün ölkələrində olmuşuq və həmişə də bu mesajı vermişik.

- Bəs seçimləri necə edirsiniz? Hicabı da dəbə uyğunlaşdırırsınız? - Təbii ki, sənətçi olduğum üçün məcburən də olsa müəyyən məqamlara diqqət etməli oluram. Çünki səhnə mədəniyyətinin də öz tələbləri var. Mən də elə etməliyəm ki, həm islamın şərtlərindən çıxmasın, həm də səhnə mədəniyyətinə uyğun olsun. O cümlədən tamaşaçıların görünüş zövqünü oxşasın və onlarda ikrah hissi yox, sevgi yaratsın. Məsələn, çox qadınlar var, deyir, Fərqanə xanım, sizi hicabda gördükdən sonra hicaba xeyli məhəbbətim artıb və mən də hicab bağlamağa başlamışam. Yaxud çox soruşurlar ki, siz hicabı necə bağlayırsınız? Bizə də öyrədin.

- Bəs həmin libasları haradan alırsınız? - Bəzən görürsünüz ki, xarici ölkələrdən xoşuma gələn hansısa libasları, aksessuarları alıram. Amma örtükləri Azərbaycandan əldə edirəm. Gündəlik geyimlərimdə şux geyimlərə üstünlük vermirəm. Amma konsert geyimlərimdə yaşıl, zoğalı, göy, firuzəyi rənglərdən çox istifadə edirəm.

- Bəs bahalı daş-qaşlardan istifadə edirsiniz? - Onları ala və istifadə edə bilmirəm. Bilirsiniz, büdcəm ancaq gündəlik lazım olan, daha vacib şeylərə çatır. Bahalı daş-qaşları, bəzək əşyalarını hansısa bir dolabda saxlamaq istəməzdim. Buna israf kimi baxıram. Həm də dinimizdə belə şərtlər var ki, evdə saxlanılan qızılın hansısa bir hissəsinin məbləği evdən çıxmalıdır. Bu, eyni zamanda gümüş üçün də keçərlidir. Bu baxımdan mən bu məsuliyyətdən çox qorxuram, çəkinirəm deyə mənim belə əşyalarım demək olar ki, yoxdur və qızıldan istifadə etmirəm.

- Gəlinliyiniz də hicab formasında idi? - Mən evləndikdən 4 il sonra hicaba keçmişəm. Hətta o zaman övladlarım da dünyaya gəlmişdi. Bu üzdən mən adi gəlinlik geyinmişəm.

- Övladlarınızdan söz düşmüşkən, üçəm uşaqlarınız dünyaya gəlmişdi. Onları böyüdüb boya başa-çatdırmağın öhdəsindən necə gəldiniz? - Hər bir ana bilir ki, adi bir uşağı da saxlamaq nə qədər çətindir. Amma bu çətinliyin içində mənə kömək edən insanlar oldu. Ən əsası Allahın mənə rəhmi gəldi. Sonra valideynlərim mənə həm maddi, həm mənəvi kömək etdi. Çünki üç uşağın bir arada olması əziyyətin 3-4 dəfə artıq olması deməkdir. Bu da insanın daşıya bilməyəcəyi bir yükdür, həm fiziki, həm mənəvi, həm maddi baxımdan. Ona görə kömək nəticəsində bu işin öhdəsindən gəldik. İndi çox şükür ki, həmin uşaqlar mənə kömək edirlər.

- Əvvəlcədən bilirdiniz yəqin, övladlarınız üçəm olacaq... - Bəli, bilirdim. Sanki bunu gözləyirəmmiş kimi oldu. Mən hər zaman ürəyimdə dua edəndə əkiz uşaq istəyirdim. Əkizlərə çox əlçatmaz, xoşbəxtlik rəmzi kimi baxırdım. Buna görə çox maraqlı idi mənə. Ola bilməzdi ki, mən əkizlərin yanından reaksiyasız keçəm. Hardasa əkiz görəndə həmişə çevrilirdim arxalarınca, uzun müddət baxırdım. Ürəyimdə dua edəndə Allahdan əkiz uşaqlar istəyirdim. Elə oldu ki, Allah mənə iki yox, üç övlad birdən verdi. Əvvəldən də bir Fatimə qızım var idi. Sanki mən gözlədiyim bir xəbər kimi qarşıladım və çox sevindim. İkisi qızdır, biri oğlan.

- Oxşayırlar bir-birlərinə? - Xeyr, qətiyyən oxşamırlar. Nə xasiyyətcə, nə rəngcə, nə forma baxımından. Tamamilə fərqlidirlər.


Xəbərə aid fotolar