Şimali Kipr Türk Respublikasının təmsilçisi Musiqili Teatrda olub FOTO


Kriminal 25 Dek 2017 12:38:00 298 0

Şimali Kipr Türk Respublikasının təmsilçisi Musiqili Teatrda olub  FOTO

Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi xanım Ufuk Turganer Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Dövlət Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, mötəbər qonağı teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə edilib. Görüş zamanı qarşılıqlı ikitərəfli mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaradıcılıq mübadiləsi ilə bağlı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib. Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor, rəssam, baletmeyster və aktyorların müvafiq olaraq Azərbaycana və Şimali Kipr Respublikasına dəvət edilərək səhnə əsərlərinə quruluş verilməsi ilə yanaşı, qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub. "Biz çağdaş dünya teatrlarında gedən bütün prosesləri diqqətlə izləyir, bu ümumi prosesə öz töhfələrimizi verməyə çalışırıq. İnanırıq ki, dövlətlərimiz və xalqlarımız arasındakı mədəni əlaqələr bundan sonra daha da inkişaf edəcək", - deyə Əliqismət Lalayev söhbət zamanı bildirib.

Xanım Ufuk Turganer Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Ə.Lalayevə səmimi söhbətə və qəbula görə təşəkkür edib. "Teatrınızın əzəmətli görkəmi var. Elə ilk baxışdan hiss olunur ki, burada yaradılmış şərait və peşəkar yaradıcı münasibət çox yüksək səviyyədədir. Əminəm ki, Şimali Kipr-Azərbaycan qarşılıqlı mədəni əlaqələri xalqlarımızın yaxınlaşmasında və bu əlaqələrin inkişafında çox mühüm rol oynayacaq. Düşünürəm ki, qarşılıqlı olaraq mədəni-kütləvi tədbirlər tez-tez keçirilməlidir", - deyə Şimali Kipr Respublikasının Bakı təmsilçisi xanım Ufuk Turganer söyləyib.


Xəbərə aid fotolar