“İslam aləmində savadsızlıq geniş yayılıb” FOTO


Siyasət 22 Dek 2017 15:32:00 260 0

“İslam aləmində savadsızlıq geniş yayılıb”  FOTO

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

Son.az APA-ya istinadən xəbər verir ki, universitetin professor-müəllim heyətinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən rektor Abel Məhərrəmov baş direktor əl-Tüveycrinin dünyanın tanınmış siyasətçilərindən biri olduğunu, müasir dünyada təhsilin, elmin və mədəniyyətin inkişafına layiqli  töhfələr verdiyini bildirib. O, İSESCO-nun əsas məqsədinin islam ölkələri arasında həmrəyliyi möhkəmləndirmək, qarşılıqlı əlaqələri daha da yaxşılaşdırmaq, islam ölkələrinin əldə etdiyi uğurları, zəngin mədəniyyəti, elmi və incəsənəti dünyaya təqdim etmək olduğunu xüsusilə qeyd edib.

Azərbaycanın 1991-ci ildən İSESCO-nun üzvü olduğunu xatırladan A. Məhərrəmov təşkilatın baş direktorun hər zaman Dağlıq Qarabağ, Xocalı soyqırımı barədə ədalətli çıxışlar etdiyini və Azərbaycanı dəstəklədiyini deyib.

Daha sonra çıxış edən İSESCO-nun baş direktoru  Əbdüləziz bin Osman əl-Tüveycri İSESCO-nun fəaliyyəti  barədə və Azərbaycanda həyata keçirdiyi proqramlarla bağlı məlumat verib. İslam aləmində savadsızlığın kifayət qədər geniş yayıldığını deyən qonaq bildirib ki, müsəlman dünyasında təhsil ehtiyacı çoxdur. Azərbaycanda savadlılıq səviyyəsini yaxşı qiymətləndirən baş direktorun sözlərinə görə, bəzi müsəlman ölkələrində əhalinin 45 %-i savadsızdır: "Bu göstərici ilə həmin ölkə inkişaf edə bilməz.  Buna görə, savadsızlığın aradan qaldırılması üçün  yorulmadan çalışmalıyıq. Təhsil sahəsindəki siyasət inkişaf etdirilməli, təhsil ocaqları müasirləşdirilməli, alimlərə qayğı artırılmalı, elmi tədqiqatlar aparılmalıdır".

Sonda Əbdüləziz bin Osman əl-Tüveycri dünyada sülhün qorunmasında, xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsində böyük roluna, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə görə "Bakı Dövlət Universitetinin dostu" adına layiq görülüb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar