Baş prokurorluq azərbaycanlı maqnata qarşı irimiqyaslı yoxlamalara başladı FOTO


Kriminal 19 Dek 2017 14:53:00 226 0

Baş prokurorluq azərbaycanlı maqnata qarşı irimiqyaslı yoxlamalara başladı  FOTO

Rusiya Baş prokurorluğu Mərkəzi Bank tərəfindən müvəqqəti idarəçilik tətbiq olunan "Otkrıtie" bankının səhmdarları Leonid Fedun, Vahid Ələkbərov və Aleksandr Belyayevlə bağlı irimiqyaslı yoxlamalara başlayıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Baş prokurorluq onları bir tərəfdən bankın müflisləşməsinə gətirib çıxaran, digər tərəfdən dələduzluq yolu ilə mənfəət əldə etməyə imkan verən hərəkətlərdə şübhəli hesab edir.

Hüquq-mühafizə orqanlarında belə qənaətə gəliblər ki, "Lukoil" prezidenti Vahid Ələkbərov və onun biznes ortaqları Arxangelsk vilayətində almaz hasilatı ilə məşğul olan "Arxangelsk geoloji hasilat" ("Arxanqelskgeoldobıça") şirkətinin səhmlərini banka bazar dəyərindən dəfələrlə baha sırıyıblar. Belə ki, səhmlərin bazar dəyəri 300-350 milyon dollar olduğu halda bank onu 1.5 milyard dollara alıb. Əldə olunan fərq isə bankın səhmdarları-Aleksandr Belyayev, Leonid Fedun və Vahid Ələkbərov arasında bölünüb.

Məlumata görə, Baş prokurorluq bu işlə bağlı təhqiqatı Mərkəzi Bankla birlikdə aparır. Xəbər verildiyi kimi "Otkrıtie" bankında 5 milyard dollara yaxın kapital yetərsizliyi aşkarlanıb, nəticədə Mərkəzi Bank bankda müvəqqəti idarəçilik tətbiq edərək səhmdarların qarşısında həmin pulu tapıb yerinə qoymaq tələbi qoyub. Lakin bankın təsisçisi Vadim Belyayev Rusiyanı tərk edib və geri qayıtmaq niyyətində deyil. Nəticədə dövlət orqanları bankın çatışmayan kapitalına görə onun səhmdarlarının aktivlərini müsadirə etməyi qərara alıb.

Gözlənilir ki, bankın çatışmayan kapitalına görə Vahid Ələkbərovun "Lukoil" şirkətindəki səhmlərinin bir hissəsi müsadirə olunacaq. Rusiyada bank sektorunun konsolidasiyası Fondunun nizamnaməsinə əsasən kredit təşkilatlarının sağlamlaşdırılması tədbirlərində onun sahibləri birbaşa iştirak etməlidir.