"Heç zaman tamaşaçını söyüşlə güldürməyin tərəfdarı olmamışam"


Kriminal 17 Dek 2017 07:44:00 298 0

"Heç zaman tamaşaçını söyüşlə güldürməyin tərəfdarı olmamışam"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Debüt" rubrikamızın qonağı Bakı Uşaq Teatrının quruluş hissə müdiri Bəhruz Məmmədovdur.  Bəhruz 9 may 1989-cu ildə Göyçay rayonunda anadan olub. 2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "dram teatr və kino aktyorluğu" fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildən Bakı Uşaq Teatrında çalışır. Bu illər ərzində nəinki teatrın repertuarında yer alan tamaşalarda, eyni zamanda bir sıra seriallarda da rol alıb. Onlardan "Həyat varsa - Qəza", "Bağışlamaq", "Bir ovuc torpaq", "Durnalar qayıdanda"nı göstərmək olar.

Tələbəlik illərində AzTV-də "Mir prodakşın"ın ərsəyə gətirdiyi "Əsgəran" verilişində yumor aktyoru kimi çalışıb.    - Bəhruz bəy, ailənizdə sizdən başqa incəsənətlə məşğul olan varmı?    - Nəinki ailəmizdə, heç nəslimizdə məndən başqa incəsənətlə məşğul olan olmayıb (gülür). İncəsənətə öz istəyimlə gəlmişəm. Valideynlərimin narazı olmasına baxmayaraq, mən öz yolumu seçmişdim və onun arxasınca getdim. Anam istəyimi biləndə o qədər də etiraz etmədi, ancaq rəhmətlik atam incəsənətə gəlməyimə bir az tərəddüd etdi. Daha sonra anamın təkidi ilə o da razılaşdı. 2006-cı ilin aprelində Bakıya gəldim və burada ayyarım qabiliyyət imtahanına hazırlaşdım. Universitetə sənəd qəbulundan öncə qabiliyyət imtahanından keçmək şərt olduğu üçün bu imtahan mənim üçün çox önəmli idi. Qabiliyyət imtahanından yaxşı keçdim. İmtahanda münsif kürsüsündə mərhum sənətkarımız Yaşar Nuri, xalq artistləri Bəsti Cəfərova, Firənzgiz  Mütəllimova və müəllimim Ötükəm İskəndərli idi.

- Universitet sizə nə qazandırdı?

- Universitet mənə yaxşı dostlar və təcrübə qazandırdı. Kurs rəhbərim Firəngiz Mütəllimova olub. Sənətin sirlərini məhz ondan öyrənmişik. Onun hazırladığı tamaşalarda rol alır, çıxışlar edirdik. Sənət dərslərimdən yaxşı qiymətlər alırdım. Məhz bu səbəbdəndir ki, universiteti qırmızı diplomla bitirmişəm. Bundan başqa, səhnə danışığı müəlliməmiz Mahirə Yaqubovadan çox şey öyrənmişik. Rayondan gəlmiş bir oğlan idim, danışığımda çox qüsurlar var idi. Məndə hər zaman "d", "t" kimi problemlər olub. Mahirə müəllimə mükəmməl pedaqoqdur. Universitet mənə nəzəri cəhətdən çox şey öyrədib. Ancaq insan işlədikcə, öyrəndiklərini istifadə etdikcə, təkmilləşir.    - Universitetə daxil olarkən hansı xəyallar qururdunuz və o arzular reallaşdımı? 

- Arzularım çox idi. Özümü səhnədə sevilən, tələbatlı bir aktyor kimi görürdüm. Təəssüf ki, bu gün o istəklərim yenə də arzu olaraq qalır. Mən bu səviyyəyə öz gücümlə gəlib çıxmışam.

- Nə zaman hiss etdiniz ki, məhz incəsənət üçün doğulmusunuz?

- Məktəb illərində içimdə o potensialı hiss edirdim. Rəhmətlik ingilis dili müəlliməm Elmira xanım həmişə deyirdi ki, səndən yaxşı aktyor çıxacaq, mütləq bu sənətin arxasınca get. Şagird vaxtlarımda məktəbdə keçirilən tədbirlərdə aktiv iştirak edirdim. Səhnəciklər hazırlayırdım. Bu da müəllimlərimin nəzərindən qaçmırdı.    - Necə bir aktyor olmaq istəyirdiniz? 

- Heç zaman böyük arzular arxasınca getməmişəm. Rejissoru qane edəcək səviyyədə olmağım mənə kifayət edib.    - Bəs Bakı Uşaq Teatrına necə gəldiniz?

- 2011-ci ildə hərbi xidmətdən qayıdandan sonra dostlarım məsləhət bildi ki, Bakı Uşaq Teatrına müraciət edim. Elə də etdim. Teatrda ilk olaraq administrator, sonra səhnə fəhləsi oldum, illər keçdi, quruluş hissə müdiri, direktor müavini vəzifəsində də çalışdım. 7 ildir ki, teatrda çalışıram.    - Aktyor kimi səhnəyə çıxırsınızmı?

- Ekstremal hallarda çıxıram. Elə məqamlar olur ki, teatrın baş rejissoru və ya İntiqam müəllimin uyğun bildiyi səhnələrdə aktyorlara qoşuluram. O da çox nadir hallarda.

- Qeyd etdiniz ki, ən böyük arzunuz aktyor olmaq idi. Kənardan aktyorların oyununu izləyəndə, ürəyinizdən o səhnədə əsas rollardan birini oynaq keçmirmi?

- Nə yalan deyim, hərdən olur.    - Misal üçün hansı tamaşalarda? 

- Bilirsiniz ki, Bakı Uşaq Teatrının repertuarı zəngindir. Bütün tamaşalarımız maraqlıdır, ancaq mənim oynamaq istədiyim tamaşa İntiqam Soltanın quruluş verdiyi "Həyatla oyun" tamaşasıdır. Orada Niyaz Qasımov, Cavanşir Məhərrəmov, Rauf Hüseynli rol alır. Niyaz o tamaşada Duman rolunu canlandırır. Bu tamaşaya 100 dəfə baxsam da, hamısında ağlamışam. Niyaz çox istedadlı, peşəkar aktyorlarımızdandır. Hərdən elə bir rol oynamaq istəyirəm, sonra da tərəddüd edirəm. Uzun müddətdir ki, aktyorluqla məşğul olmuram, bəlkə paslanmışam.


Xəbərə aid fotolar