Həbsdə olanları azad edəcəkdi, özü həbsxanaya getdi


Kriminal 10 Dek 2017 17:44:13 277 0

Həbsdə olanları azad edəcəkdi, özü həbsxanaya getdi

Yaxınları həbsdə olanlara, işdən çıxarılan müəlliməyə, nəvəsini himayəyə götürmək istəyən vətəndaşlara qarşı dələduzluq edən vəkilin şikayəti təmin edilməyib. O, ilk cinayətində şərti cəza alsa da bundan nəticə çıxarmayaraq dələduzluq əməllərini davam etdirib. İkinci cinayətində isə 8 il müddətinə azadlıqdan məhrum edilərək dəmir barmaqlıqlar arxasına göndərilib.

Son.az musavat.com-a istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Cəfərov Seyfulla Vahid oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bu cəzadan narazı qalan Seyfulla Cəfərov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb.

Qeyd edək ki, ittihama görə, S.Cəfərov bir neçə nəfərə qarşı müxtəlif yalanlarla onların etibarından sui-istifadərək dələduzluq edib.

Özgənin əmlakını ələ keçirmək məqsədi ilə S.Cəfərov ilk olaraq Vəfa Quliyevanın həbsdə olan oğlu İmanverdi Quliyevi azadlığa çıxaracağını vəd edib. Bu məqsədlə 2013-ci ildə Vəfa Quliyevadan 8 min manat alıb. Məhbus İmanverdi Quliyevin digər qohumu Azər Şükürovdan isə 7 min manat alıb.

O, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Nüşabə Abdullayevanın həbsdə olan əri Elsevər Nəbiyevi azadlığa çıxaracağını, onun hüquqlarının müdafiə edəcəyini vəd edərək 35 min manatını alıb.

S.Cəfərovun digər qurbanı isə Rəhim Zəkiyev olub. Belə ki, S.Cəfərov onun etibarından sui-istifadə edərək əvvəllər işlədiyi müəssisədən verilməmiş əmək haqqısını geri alması üçün məhkəməyə müraciət edəcəyini söz verib və qarşılığında ondan 200 manat alıb.

Zərərçəkmiş Nərminə Əliyeva həyat yoldaşı Rəcəbəli Əliyevin ata yurdundan torpaq payı almaq üçün məhkəməyə müraciət etmək istəyib. Bu məqsədlə də S.Cəfərovdan yardım istəyib və qarşılığında ona 2 min manat verib.

Zərərçəkmişlərdən Minayə Məmmədova isə evinin tikintisi zamanı tikinti şirkəti tərəfindən ona dəymiş 4500 manat maddi ziyanı geri qaytarmaq üçün S.Cəfərova 200 manat, Sabir Xəlili isə nəvəsini himayəyə götürməsinə kömək etmək üçün S.Cəfərova 1200 manat veriblər.