Əməkdar artist ETİRAF etdi: "O xanım mənə dedi ki, üzündə qırış əmələ gəlib" FOTO


Kriminal 06 Dek 2017 21:03:00 534 0

Əməkdar artist ETİRAF etdi: "O xanım mənə dedi ki, üzündə qırış əmələ gəlib"  FOTO

"Ajda Pekkanla məni müqayisə etmələri xoşuma gəlmir"

Əməkdar artist Suğra Bağırzadənin Son.az-a müsahibəsi.

- Suğra xanım, illər öncə müsahibələrinizdən birində filmlərimizdə qadın rollarının olmamasından şikayətlənmişdiniz. Yenə də həmin fikirdəsiniz?

- Bəli, demək olar ki, hələ də eyni fikirdəyəm. Artıq mənim 70 yaşım tamam olub. Mən çox istərdim ki, nənə, ana rollarında çəkilim. Bu günlərdə reklam çəkilişinə dəvət gəldi, nənə rolunda çəkiləcəyimi bilib asanlıqla razılıq verdim. Nədir nədir ki, nənə rolunda oynayacağam. Çünki ilk dəfə idi ki, mənə nənə rolunu həvalə etmişdilər. Mənə elə gəlir ki, hər bir aktrisa yaşa dolanda nənə rolunu oynamaq istəyir.

- Gəlin bir şeyi etiraf edək ki, bizdə tipik nənə rolu ağ saçlı, kələğayılı qadın obrazdır. Amma biz sizi heç vaxt bu cür görməmişik. Bəlkə elə buna görə rejissorlar sizə nənə rolunu həvalə etmir?

- İnsan gərək həmişə zəmanə ilə ayaqlaşsın. Müasir nənələrin hamısı belədir. Sofi Lorenin 82 yaşı var, amma baxanda gözümü ondan çəkə bilmirəm. Mənim özümün də 4 nəvəm var. Çünki mən artıq bilirəm nəvə nə olan şeydir. Hər halda həyat təcrübəsi də nənə rolunu yaratmağa böyük köməklik göstərir.

- Suğra xanım, sizi həmişə bu cür görmüşük. İllər sizi heç dəyişməyib. Gözəlliyinizin xüsusi bir resepti varmı?

- Həmişə demişəm ki, əsas insanın həyat tərzidir. Mən axşam saat 10-da yatıb, səhər saat 6-da oyanıram. Evimizlə üzbəüz parkda idman edirəm, qaçıram. Əlbəttə ki, illər məni də dəyişir. Siz məni verilişdən-verilişə, müsahibədən müsahibəyə görürsünüz. Hətta bu günlərdə çəkilişlərdən birində məni qrimləyən xanım dedi ki, Suğra xanım üzünüzdə qırış əmələ gəlib. İnsan sağlam qidalanmalıdır, maariflənməlidir. Mən həmişə böyüklərin sözünə qulaq asmışam. Yemək və çayda həmişə bol-bol nanədən, sarıkökdən, darçından istifadə etmişəm. Bütün bunlar insanın sağlamlığı üçün çox vacibdir.

- Bəzən gözəllik özünü genetika ilə göstərir.

- Bəli, bəzən belə də olur. Mənim anam 83 yaşında dünyasını dəyişdi. Mən onu həmişə gözəl, özünəbaxımlı xanım kimi görmüşəm. Biz 7 bacıyıq, şükür Allaha hamısı salamatdır.

- Bu günlərdə Ajda Pekkan mətbəxdə bir şəkil paylaşmışdı. Onun paylaşdığı şəkili sizin şəkilinizlə müqayisə etmişdilər. Ajda Pekkan bu yaşına kimi hədsiz əməliyyatlar etdirib. Bəs Suğra xanım necə?

- Mən 2002-ci ildə göz nahiyyəmdən əməliyyat keçirmişəm. Çünki mənim işimlə əlaqədar olaraq gözlərim həmişə aşağı baxır. Sonradan heç bir əməliyyat etdirmədim. 30 yaşından sonra insan özü özünün həkimi deyilsə, deməli o insanda nəsə çatışmamazlıq var.

- Bəs siz özünüzü Ajda Pekkanla necə müqayisə edərdiniz?

- Mən ümiyyətlə xoşlamıram ki, qadınları bir- biri ilə müqayisə etsinlər. Heç vaxt özümü heç kimlə müqayisə etmirəm. Sosial şəbəkədə oxuyanda çox da xoşuma gəlmədi. Ajda Pekkan daha çox göz qabağındadır. İnsanlar bəzən düşünür ki, maddi imkanım varsa, deməli hədsiz əməliyyatlar etdirməliyəm. Onlar sonradan bunun ağrısını çəkirlər. Bıçaq altına düşmək yaxşı bir şey deyil. Müəyyən bir vaxt gözəllik olur, daha sonra isə hər şey əvvəlki kimi olur.

- Əsərlərinizdən ibarət yeni çıxan kataloqunuzun adı "Hər yerdə gözəllik" adlanır. Suğra xanım hər yerdə gözəllik axtarır?

- Nahaqdan deməyiblər ki, dünyanı gözəl görmək istəyirsənsə, birinci öz pəncərələrini təmizlə. İnsan hər yerdə gözəllik axtarmaq istəyirsə birinci özünü təmizləməlidir. İnsanın başına oyun açan onun ağzıdır. Dediyi söz və yediyi yemək. Uşağlıqdan biz bunu təbliğ etməliyik.

- "Ulduz" filmi sizin həyatınızda dönüş nöqtəsi oldu. 70 yaşında 15 yaşınızın kadrlarına baxmaq necə bir hissdir? Ümumiyyətlə keçmişlə yaşayan insansınız?

- Əgər keçmişdə yaxşı şeylər baş veribsə, onları xatırlamaq yaxşıdır. Əgər pis şeylər olubsa, o artıq həyatın bir hissəsi kimi keçmişdə qalıb, xatırlanmamalıdır. "Ulduz" filmi mənim həyatımı tamamilə dəyişdi. Mən 9-cu sinifdə oxuyanda bu filmdə çəkilmişdim, 15 yaşım var idi. 70 yaşında 15 yaş kadrlarına baxmağın özü də böyük bir xoşbəxtlikdir.

- Həyatınızda nəyi dəyişmək istərdiniz?

- Mən aktyorluq sənətini çox sevmişəm. Məktəbi bitirəndə məni Moskva Kinemotoqrafiya universitetinə yollamaq istəyirdilər, amma atam qoymadı. Bəlkə də atamı yola gətirə bilərdim, hər şey başqa cür olardı. Bu hələ də ürəyimdə nisgil kimi qalıb.

Əli Rəhimoğlu