Gürcüstan “Şərq tərəfdaşlığı” ölkələrinin yeni parlament platforması yaratmasını təklif etdi


Siyasət 03 Dek 2017 14:05:00 316 0

Gürcüstan “Şərq tərəfdaşlığı” ölkələrinin yeni parlament platforması yaratmasını təklif etdi

"Şərq tərəfdaşlığı" ölkələrinin yeni parlament platforması yaratması vacibdir".  

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Avrointeqrasiya üzrə komitəsinin sədri Tamar Xulordava keçirdiyi brifinqdə bildirib.

T. Xulordava deyib ki, "Şərq tərəfdaşlığı" proqramına üzv ölkələrin Avropa İttifaqı ilə gələcəkdə əməkdaşlıq üzrə planları var: "Biz görürük ki, Avropa İttifaqı daxili məsələlərə daha çox diqqət ayırır. Bu vəziyyətdə proqrama üzv ölkələrin yeni parlament platforması yaradaraq Avropa İttifaqı ilə ümumi gələcəklə bağlı müzakirələr aparması vacibdir."    T.Xulordava sabah Tbilisidə "Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması" mövzusunda beynəlxalq parlament konfransı keçiriləcəyini nəzərə çatdırıb. Tədbirdə 20-yə yaxın ölkənin təmsilçiləri iştirak edəcək və əsas mövzu Aİ-nin xarici siyasəti və "Şərq tərəfdaşlığı" ölkələri ilə münasibətləridir. Konfransda Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və parlament sədri İrakli Kobaxidze də iştirak edəcək.   Qeyd edək ki, Azərbaycanı tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil edəcək.