Avropa Ermənistan bataqlığında


Siyasət 25 Noy 2017 12:15:00 245 0

Avropa Ermənistan bataqlığında

Brüsseldə Avropa Birliyi ilə tərəfdaş dövlətlər arasında 5-ci "Şərq Tərəfdaşlığı" Sammiti öz işini başa vurdu. Sammitdə diqqət yetiriləcək yeganə hadisə AB ilə Ermənistan arasında imzalanan "Hərtərəfli və Genişləndirilmiş Saziş" oldu. Çoxu bu sazişi, elə Ermənistanın özündə də, Avropa Birliyinə bir inteqrasiya mərhələsi kimi görür. Amma həqiqətdə bu necədir?

"Yeni saziş iki tərəfin münasibətlərini tənzimləyən, 1996-cı ildə imzalanan, fəqət, müddəti başa çatan "Əməkdaşlıq və Tərəfdaşlıq Sazişi"nin (ƏTS) yerini aldı. Həmin sənəd AB ilə Ermənistan arasında bir çox sahədə əməkdaşlığın hansı şəkildə inkişaf edəcəyinə dair müddəaları sadalayır, AB tərəfindən texniki və maddi dəstəyin nə şəkildə ediləcəyini nizamlayır".

Son.az xəbər verir ki, bu fikiləri Cənubi Koreyanın Hankuk Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə ekspert, politoloq Rövşən İbrahimov bildirib.

 

Onun sözlərinə görə, əslində, ƏTS-nin yerini hələ 2013-cu ildə imzalanması nəzərdə tutulan və üzərində AB ilə Ermənistanın 3 il boyunca işlədikləri "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində hazırlanan "Assosiyasiya Sazişi" adı almalıydı: "Amma o vaxt Rusiyanın təzyiqi nəticəsində Ermənistan həmin sənədə imza ata bilmədi və bir gün ərzində xarici siyasətini dəyişərək Avrasiya İqtisadi Biriliyinə daxil olacağını bəyan etdi və belə də oldu. Sonra isə həmin təşkilat çərçivəsində Avrasiya Gömrük İttifaqının üzvü oldu. AB-nin "Assosiyasiya Sazişi"ni isə yalnız 3 ölkə imzaladı - Gürcüstan, Moldova və Ukrayna".

Ekspertin fikrincə, Ab ilə Ermənistan arasında imzalanmış Sazişin müddəalarını yerinə yetirmək çətin olacaq: "AB tərəfdaş ölkələrə çox məhdudiyyətli inteqrasiya təklif edir: onun birinci mərhələsini, yəni Azad Ticarət Zonasının yaradılmasını. Özü də bunu edərkən həmin dövlətin AB-ın qurumlarında iştirakı nəzərdə tutulmayıb, çünki əməkdaş ölkələr onların işində iştirak edə bilməz. Bundan əlavə tərəfdaş ölkələrin turistləri üçün AB-nə bəzi şərtlərlə vizasız daxil olmağa icazə verirdi.

Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olduğu üçün artıq AB ilə Azad Ticarət Zonası qura bilməz. Ona görə də yeni Sazişdə bu müddəa yer almır, ancaq münasibətlərin dərinləşməsi barədə mövzulara toxunulur. Həmin Saziş ermənilər üçün ona görə əhəmiyyətlidir ki, Ermənistan Rusiyadan olduqca asıllı vəziyyətdədir. Bu səbəbdən həmin vəziyyəti balanslaşdırmağa çalışırlar. Fəqət, təklif olunan müddəalar balans üçün kifayət etmir. Bunu həm Rusiyada, həm də Ermənistanda yaxşı başa düşürlər.

Sazişin imzalanması daha çox daxili publika üçün psixoloji rahatlaşdırma funksiyasını yerinə yetirir və mövcüd iqtidarın populyarlığını artırmaq məqsədi daşıyır. Müddəaların özünə baxanda görünür ki, onları həyata keçirmək o qədər də asan olmayacaq, çünki bunun üçün həm siyasi iradə, həm də Rusiyanın razılığı lazımdır".

İlkin İzzət Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar