Prezident İlham Əliyev: "Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır"


Siyasət 23 Noy 2017 14:00:01 267 0

Prezident İlham Əliyev: "Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır"

"Regional təhlükəsizliyə ən böyük təhlükə Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişədir"

"Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır." 

"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

"Biz regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik və regional təhlükəsizliyə ən böyük təhlükə  Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişədir", - İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, uzun illərdir Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələrinin işğalı altındadır: "Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılır və bu vəziyyət, təəssüf ki, dəyişmir. Ermənistan status-kvonun saxlanılmasını istəyir, baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən gələn bəyanatlarda status-kvonun qəbuledilməzlyi və onu dəyişdirilməsinin zəruriliyi bildirilir."

Prezident bildirib ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib: "20 ildən artıqdır Ermənistan bu qətnamələrə tabe olmur. Münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyü prinsipinin qorunmasına əsaslanmalıdır."