“Baku Network” ekspert şurası ölkələrin daxili siyasətində "ideoloji müharibə"nin əhəmiyyətini müzakirə edib FOTO


Siyasət 21 Noy 2017 19:27:00 304 0

“Baku Network” ekspert şurası ölkələrin daxili siyasətində "ideoloji müharibə"nin əhəmiyyətini müzakirə edib  FOTO

Bu gün "Baku Network" ekspert şurasında Rusiya və Azərbaycandan bir sıra ekspertlərin iştirakı ilə "İctimai diplomatiya, QHT, "yumşaq qüvvə": ideya və intellektual təsir xarici siyasətin amili kimi" mövzusunda müzakirələr keçirilib.

Müzakirələrdə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov, Trend İnformasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Milli Məclisin deputatı Hikmət Məmmədov, politoloq Fikrət Sadıqov, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz problemləri və regional təhlükəsizlik Mərkəzinin böyük elmi işçisi Nikolay Silayev, "Strategiya.az" saytının baş redaktoru İbrahim Əliyev və digərləri iştirak edib.

Nikolay Silayev çıxışı zamanı deyib: "Bu mövzu həm Rusiya, həm də Azərbaycan üçün aktual və vacibdir, ilk növbədə ona görə ki, bu ölkələr hər zaman öz suverenlikləri barədə qətiyyətlə bəyan ediblər. Azərbaycanın siyasəti bu istiqamətdə, o cümlədən beynəlxalq təşkilatlara üzvlük çərçivəsində dəqiq düşünülüb".

Digər aktual mövzular arasında N.Silayev ABŞ və Rusiya arasındakı münaqişəyə, Suriya münaqişəsinə, eləcə də dünyada separatçılıq problemlərinə toxunub.

Dünyadakı separatçılıq hərəkatları, xüsusilə də İspaniyanın Kataloniya bölgəsində baş verənlər haqqında müzakirələrdə bəzi dövlətlərin bu və ya digər regionlarının ayrılmaq istəməsinin mümkün səbəbləri vurğulanıb. Səbəblər arasında dil əngəlləri və mədəni təzyiqlər qeyd edilib.

Fikrət Sadıqov qeyd edib ki, Azərbaycan 25 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışır, amma orada yaşayan ermənilər heç vaxt hər hansı bir təzyiq və ya dil baryeri ilə üzləşməyiblər.

"Geosiyasi cəbhədə "ideyalar müharibəsi"nin qayıtması" və "İdeyalar müharibəsində yeni media və sosial şəbəkələrdən istifadə" mövzusunda, eləcə də Belarusdan olan publisist, filosof Aleksey Dzermant və Azərbaycanın siyasi şərhçisi Əli Hacızadə çıxış ediblər.

Qeyd edək ki, tədbir Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana iki günlük səfəri (19-20 noyabr) çərçivəsində keçirilib. İclas zamanı həmçinin qeyd edilib ki, Rusiya və Azərbaycan arasında münasibətlər fəal inkişaf mərhələsindədir.

http://bakunetwork.com

Əlaqə üçün Facebook, Twitter və Youtube