Sergey Lavrov Bakıda Dağlıq Qarabağ münaqişəsini və ikitərəfli münasibətləri müzakirə edəcək


Siyasət 20 Noy 2017 07:22:46 267 0

Sergey Lavrov Bakıda Dağlıq Qarabağ münaqişəsini və ikitərəfli münasibətləri müzakirə edəcək

Rusiyanın XİN rəhbəri bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq

Ötən gün Bakıya rəsmi səfərə gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri diqqət mərkəzində olacaq. Bundan əlavə, Rusiyanın XİN rəhbərinin səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə uyğunlaşdırılıb.

"Regional və beynəlxalq problemlər haqqında danışacağıq. Həmçinin anlamağa çalışacağıq, Ermənistan və Azərbaycan prezidentlərinin bu yaxınlardakı (16 oktyabrda, Cenevrədə - red) görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə hansı səylər çərçivəsindəyik", - deyə daha əvvəl Serqey Lavrov görüşü elan edib.

Qeyd edək ki, görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransının keçiriləcəyi gözlənilir.

Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır.