Azərbaycan Dağlıq Qarabağ məsələsində bundan istifadə etməlidir


Siyasət 18 Noy 2017 07:00:00 267 0

Azərbaycan Dağlıq Qarabağ məsələsində bundan istifadə etməlidir

İspaniyanın Kataloniya və İraqın Kürdüstan bölgəsində keçirilən referendumlar göstərir ki, xalqların öz müqəddəratını həlletmə məsələsi dünyadakı müasir siyasi konyukturasında öz əhəmiyyətini itirib və dövlətlərin ərazi bütövlüyü prinsipi daha üstün tutulur. Belə yanaşma Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqlara da müəyyən qədər təsir edir və biz bu təsiri hər vəhclə gücləndirməliyik.

Bu barədə Son.az-a açıqlamasında "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib.

Ekspertin fikrincə, Azərbaycan bu yanaşmadan istifadə edib heç vəchlə Ermənistanın işğalı etdiyi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməməlidir:

"Müqayisə üçün deyək ki, əvvəla, Kataloniyadakı katalonların Dağlıq Qarabağda yaşayan ermənilər kimi 2-ci dövləti (Ermənistan) yoxdur. İkincisi, Kataloniyada 7 milyon katalon yaşayır, Dağlıq Qarabağda isə 50-60 min erməni. Üçüncüsü, katalonlar Kataloniyadakı ispanlara qarşı silahlı hücum, təzyiq və ya hər hansı etnik təmizləmə həyata keçirməyiblər. Dağlıq Qarabağdakı ermənilər isə yerli azərbaycanlılara qarşı cinayətlər, soyqırımları törədiblər. Dördüncüsü, Kataloniyadakı referendum qanunsuz keçirilsə də, orada katalonlarla yanaşı, ispanların da səsverməsi təmin olunub, Dağlıq Qarabağdakı referendumda isə bircə azərbaycanlı da iştirak etməyib.

Kataloniyanın Avropa və Ermənistan üçün dərsləri

Oxşar fikirləri Dağlıq Qarabağı İraq Kürdüstanı ilə müqayisə etdikdə demək olar. Belə ki, İraq Kürdüstanında kürdlərin sayı Dağlıq Qarabağda yaşayan ermənilərdən qat-qat çoxdur, kürdlərin başqa dövləti yoxdur, kürdlər ərəblərə və oradakı digər millətlərə qarşı soyqırımı həyata keçirməyiblər. Bununla belə nə Kataloniyada, nə də Kürdüstanda müstəqilliyə dair keçirilən referendumların nəticələri dünya tərəfindən tanınmadı. Bu onu göstərir ki, Dağlıq Qarabağdakı ermənilər də öz müqəddəratını müstəqil həlletmə hüququna malik deyillər və ya bu prinsip Azərbaycanın ərazi bütövlüyü prinsipindən üstün sayılmır. Azərbaycan bu məsələləri xüsusi diqqətdə saxlamalı, daim beynəlxalq arenada qabartmalı və Dağlıq Qarabağda muxtariyyətin müstəqil dövlət kimi tanınmasına imkan verməməlidir. Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə bildirib ki, biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik. Bunun üçün Azərbaycanın beynəlxalq hüquqla tam əsası var".

Bölgədə daha bir müharibə ehtimalı artır

Lakin ekspertin fikrincə, Kataloniya və Kürdüstandakı separatçılıq Dağlıq Qarabağ probleminin həllinə təsir etməyəcək, etsə də, bu təsir çox cüzi olacaq: "Çünki bunlar fərqli hadisələr və fərqli problemlərdir. Burada əsasən prinsipə təsir var. Belə ki, bu hadisələr göstərdi ki, indi dövlətlərin ərazi bütövlüyü əsas götürülür. Düzdür, Kosova məsələsindən sonra bu prinsip zəifləmişdi. ona görə də Abxaziya, Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə əlaqədar mülahizələr artmışdı. Lakin Kataloniya və Kürdüstan məsələlərindən sonra hər şey öz yerini tutdu".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində