XİN: booking.com-un Qarabağa qanunsuz mehmanxana sifarişlərini bərpa etməsi çirkli pulların yuyulmasına xidmət edir
Siyasət 17 Noy 2017 12:42:00 272 0
Hikmət Hacıyev: "Bu addım beynəlxalq qanunlara və mənəvi çərçivələrə sığmır"
Bunu "Report"un sorğusuna cavab olaraq XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O vurğulayıb ki, booking.com şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana sifarişlərinin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsipləri, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə tamamilə ziddir: "Bir milyondan artıq azərbaycanlıya qarşı qanlı etnik təmizləmənin törədildiyi işğal olunmuş ərazilərin turizm məntəqəsi kimi təşviq edilməsi və mehmanxana rezervasiyasının həyata keçirilməsi hər hansı mənəvi çərçivələrə də sığmır.
Azərbaycanın işğal olunmuş əraziləri qanuni beynəlxalq pul köçürmə əməliyyatları üçün qapalı olduğu halda, booking.com üzərindən onlayn ödənişlər edilərək işğal olunmuş ərazilərdə mehmanxana reservasiyası və booking.com-un bundan qazanc əldə etməsi qanunsuz beynəlxalq ödəmə əməliyyatları və çirkli pulların yuyulması anlamına da gəlir.
Təəssüf edirik ki, korporativ biznes etik qaydalarına zidd olaraq bu kimi davranış ilə şirkət özü haqqında qeyri-ciddi təəssürat yaradır və öz nüfuzuna xələl gətirir".
H.Hacıyev bildirib ki, məsələ ilə əlaqədar XİN və Mədəniyyət və Turizm Nazirliyi əlaqələndirilmiş şəkildə müvafiq tədbirlər görür. Onun sözlərinə görə. bununla bağlı Azərbaycanın Hollandiyadakı səfirliyinə də təlimat göndərilib.