Qarabağ danışıqlarında artan fəallıq və müəmmalar TƏHLİL


Siyasət 16 Noy 2017 07:00:00 309 0

Qarabağ danışıqlarında artan fəallıq və müəmmalar  TƏHLİL

Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinin Türkiyədən olan həmkarı Rəcəb Tayyib Ərdoğanla noyabrın 13-də Soçidə görüşəcəyi barədə yayılan xəbər Azərbaycanda da maraqla izlənildi. Çünki çoxları hesab edirdi ki, iki prezidentin görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə ediləcək.

Hətta bəziləri prezidentlərin görüşündən sonra bu problemin həllində hansısa dəyişikliyin olacağını düşünürdü. Lakin elələri də vardı ki, düşünürdü ki, Türkiyə ilə Rusiya arasında həll edilməli olan məsələlər onsuz da çoxdur və Putinlə Ərdoğanın Qarabağ mövzusuna toxunacağı inandırıcı deyil. Halbuki, görüşdən bir neçə gün əvvəl Bakıda səfərdə olan Türkiyə prezidenti R.T.Ərdoğan rusiyalı həmkarı ilə bu məsələyə toxunacağına işarə etmişdi və hətta Putinin imkanlarını yüksək qiymətləndirmişdi:

Putin-Ərdoğan görüşünün Qarabağ gizlinləri - Yaxın zamanlarda çox şey üzə çıxacaq

"Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycan tərəfində olmağa davam edəcək. Növbəti həftə və ya digər həftə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəm. Onun bu münaqişənin həllində mövqeyi çox önəmlidir. Əgər cənab Putin həqiqətən bu məsələyə diqqət yetirsə, onu həll etmək asan olacaq".

Məsələ ondadır ki, nə Putin-Ərdoğan görüşündən sonra keçirilən mətbuat konfransında, nə də ötən 2 gün müddətində prezidentlərin Dağlıq Qarabağ məsələsini müzakirə etdiklərinə dair rəsmi olaraq bircə kəlmə də səslənməyib. Xatırladaq ki, Türkiyə-Suriya sərhədində Rusiyanın hərbi təyyarəsinin vurulmasından sonra korlanmış Rusiya-Türkiyə münasibətləri yenidən yaxşılaşanda politoloqlar, ekspertlər bunun Dağlıq Qarabağ probleminin həllinə mümkün təsirini əsasən iki cür qiymətləndirirdilər.

Onların bir qismi hesab edirdi ki, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması Azərbaycanın bu ağrılı yarasının da sağalmasına müsbət təsir edəcək. Digərləri isə bunun əksini düşünürdü.

Ərdoğan Putindən istədiyini əldə edə bildi? - ŞƏRH

Onların fikrincə, Moskva ilə Ankaranın yaxınlaşması Azərbaycan üçün müsbət heç nə vəd etmir, əksinə, Dağlıq Qarabağla əlaqədar vəziyyət daha da pisləşəcək və bundan daha çox Azərbaycan ziyan görəcək.

Qeyd edək ki, Ərdoğanın Soçi səfərindən hələ bir neçə gün əvvəlcədən məlum idi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yenidən görüşüb Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlar aparılacağı planlaşdırılır. Lakin Soçi görüşündən sonra nazirlərin ATƏT-in Minsk qrupunda faktiki lider rolunu ələ almış Rusiyanın vasitəçiliyi ilə baş tutacaq danışıqların istər-istəməz maraq doğuracaq qrafiklə baş tutacağını bəlkə də çox az adam gözləyirdi.  

Belə ki, noyabrın 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfər edib orada rusiyalı həmkarı S.Lavrovla görüşəcək.

Azərbaycan XİN-nin məlumatına görə, səfər çərçivəsində onun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüşləri olacaq. Lavrov Moskvada həmçinin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşəcək. Bundan 4 gün sonra isə isə S.Lavrov Bakıya, oradan isə İrəvana səfər edəcək. Rusiya diplomatiyasının öndəri KİV-ə açıqlmasaında qeyd edib ki, səfərin gündəliyinə hər iki ölkə ilə ayrılıqda ikitərəfli əlaqələrin müzakirəsi daxildir. Həmçinin, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səylərin hansı səviyyədə olduğu müzakirə ediləcək.

Son.az xəbər verir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu nazirlərin səfər qrafikinin niyə bu qədər maraq doğurması ilə bağlı fikirlərini belə açıqlayıb:

"Türkiyə cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan noyabrın 13-də rusiyalı həmkarı Vladimir Putinlə Soçidə qapalı görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etməliydi. Prezidentlər yekun mətbuat konfransında bu haqda bir söz demədilər. Bundan sonra maraqlı səfər turlarına start verildi. Ərdoğanın səfərindən bir gün sonra Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvaya çağırıldı, iki gün sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya paytaxtına getməlidir. onlarla Moskvada görüşəcək Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə 4 gün sonra həm Bakıda, həm də İrəvanda olacaq. Qəribə səfər və görüş trayektoriyası deyilmi? Moskvada ayrı-ayrılıqda görüşdüyün nazirlərlə iki gün sonra yenidən Bakıda və İrəvanda niyə görüşəsən ki? Burda nəsə "Bizans bicliyi" var. Bütün bu kombinasiyaların bizə xeyiri olacağını düşünmürəm. Təsadüfi deyil ki, prezident İlham Əliyev də YAP-ın tədbirində Lavrovun səfəri öncəsi "Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq" fikrini səsləndirməyə ehtiyac duydu".

Azərbaycanın sabiq səfiri və xarici işlər naziri Tofiq Zülfüqarov da Sergey Lavrovun Bakı və İrəvan səfərinə birmənalı yanaşmayıb. Son.az xəbər verir ki, o, özünün Facebook profilində kəskin replika ilə bildirib ki, Lavrovun Azərbaycanın Qarabağ üzərində suverenliyini itirməsi barədə açıqlamasından sonra o, ümumiyyətlə "persona non grata" elan edilməliydi: "Azərbaycanda çoxları sual verir: Lavrov Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində Rusiya dövlətinin nüfuzundan istifadə edərək Rusiyada və ondan kənardakı erməni diasporunun sifarişlərini daha nə qədər yerinə yetirəcək? Ona görə də təkrarən sual olunur - O, niyə gəlir? Axı "Made by Lavroff" imzalı istənilən təklif Azərbaycan ictimaiyyətini səbrini daşıra bilər".

Amma hər halda Lavrov indi Azərbaycanda və Ermənistanda sözü keçən Rusiya kimi böyük bir dövlətin yüksək vəzifəli rəsmi nümayəndəsidir və bu səbəbdən də onun təkcə özünün yox, Rusiyanın maraqlarından çıxış edəcəyi şübhə doğurmur. Lakin mərkəzində Lavrovun dayandığı xarici işlər nazirləri arasındakı görüşlərin və Qarabağ danışıqlarının son Putin-Ərdoğan görüşü ilə nə dərəcədə bağlı olub-olmadığı yenə də müəmma olaraq qalır. Daha böyük müəmmanı isə bundan sonra hadisələrin necə cərəyan edəcəyi doğurur...

Hər halda heç nəyin gizli qalmadığı bu dünyada həmin müəmmaların da bir hissəsinə yaxın günlərdə aydınlıq gələcəyi istisna deyil. Lakin unutmayaq ki, münaqişə tərəfləri arasında fəal danışıqlar aparılırsa, mütləq hansısa nəticə olmalıdır. Əgər razılıq əldə olunursa, bu danışıqlar sülhə, olunmursa, böyük fəlakətlərə gətirib çıxarır...

İlkin İzzət

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində