Avtomobilləri qaçıranların sevinci çox çəkmədi


Kriminal 15 Noy 2017 13:04:00 295 0

Avtomobilləri qaçıranların sevinci çox çəkmədi

Respublikanın ərazi polis orqanları tərəfindən qeydə alınan avtomobil qaçırmaları faktları "isti izlər"lə açılıb və bu əməlləri törədənlər məsuliyyətə cəlb ediliblər. 

Daxili İşlər Nazirliyindən (DİN) Son.az-a verilən məlumata görə, noyabrın 12-də Bakı şəhər sakini Vüsal Rəhimova məxsus "Ford" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Cəmil Səfərəliyev Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Onun noyabrın 3-də Əsəd Vəliyevə məxsus "Ford" markalı avtomobili qaçırması da müəyyən edilib. 

Noyabrın 13-də Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini Namiq Ağayevə məxsus "VAZ-2106" markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri olan 3 yeniyetmə saxlanılıb. 

Bundan bir gün sonra, noyabrın 14-də saat 02:00 radələrində Ağstafa rayonunun Köçəsgər kəndindən kənd sakini Mikayıl Nəsirova məxsus "VAZ-2106" markalı avtomobilin qaçırılması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 04:00 radələrində tapılıb və onu qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakinləri Fərid Məmmədzadə, Rəşadət Fəttahov və əvvəllər məhkum olunmuş Ağalar Səfərov tutulublar.

Noyabrın 14-də daha bir avtomobil qaçırılması hadisəsi Zaqatala rayonunda qeydə alınıb. Belə ki, saat 07:00 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndindən kənd sakini Rövşən Mehdiyevə məxsus "QAZ-31029" avtomobilin qaçırılması barədə RPŞ-yə daxil olan məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Qaçırılan maşının Qax rayonu istiqamətində hərəkətdə olduğu müəyyən edilib.