İnsanların ürəyini vərəqləyə bilən bəstəkar


Kriminal 08 Noy 2017 21:27:00 362 0

İnsanların ürəyini vərəqləyə bilən bəstəkar

Həyat uğrunda mübarizə aparan Tahir Əkbər əsərlərinin özü ilə birgə qocalmamasını, onların daim cavan qalmasını istədiyini deyirdi

 

Musiqi elə bir aləmdir ki, burada duyğular danışır. Sanki musiqi insanın içində yaşayır: sevinən, kədərlənən, arzuya qovuşan məqamlarında, başqa sözlə desək, o daim bizimlədir. İnsanın sənətə aidiyyatı elə bir sərvətdir ki, onu İlahi hər kəsə bəxş etmir. Təsadüfi deyil ki, istedada malik olan insanı "Allah tərəfindən seçilmiş", "taleyin istəklisi" adlandırırlar. Elə sevimli bəstəkarımız, əməkdar incəsənət xadimi Tahir Əkbər kimi. Son.az kaspi.az-a istinadən bildirir ki, bir neçə gün öncə bəstəkarla bağlı üzücü bir xəbər aldıq. Sevimli bəstəkarımızın insult keçirdiyi və səhhətinin o qədər də qənaətbəxş olmağını eşitdik. 

Təəssüf ki, insult Tahir müəllimin sağlıq durumuna ciddi zərər vurub. Onu da nəzərə alaq ki, bu onun keçirdiyi 3-cü insultdur. 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən, sonradan Respublika Diaqnostika Mərkəzinə köçürülən Tahir Əkbərin vəziyyəti hazırda sabit ağırdır.   Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə əməkdar incəsənət xadiminin müalicə xərcləri fond tərəfindən ödəniləcək.   "Hər an nəsə bir dəyişiklik olacağını gözləyirik"   Bəstəkarla əlaqə saxlamağa çalışdıq. Tahir müəllimin nömrəsini yığıb dəstəyi özünün qaldırmasını arzuladıq. Dəstəyi isə həyat yoldaşı qaldırdı. Bəstəkarın halını xəbər aldıq. Öyrəndik ki, T.Əkbərin vəziyyəti ağır olaraq qalır: "Tahir müəllimin vəziyyəti stabildir. Nə o tərəflik, nə də bu tərəflikdir. Tahir sizinlə danışa bilməyəcək. Hələ ki onu iynə ilə yatızdırırlar. Bəstəkarımızın vəziyyəti ilə Birinci vitse-prezidentimiz Mehriban xanım yaxından maraqlanır.  Ona böyük təşəkkürümüzü bildiririk. Nə yaxşı ki, sənətə, sənətkara qiymət verən dövlətimiz var".

Aybəniz Əkbər bildirdi ki, həkimlər bəstəkarın vəziyyəti ilə bağlı geniş açıqlama vermirlər: "Həkimlər heç nə demir. Biz də hər an nəsə bir dəyişiklik olacağını gözləyirik. Həkimlər deyir ki, onun vəziyyətinin stabil qalmağı ümidvericidir. Allahdan ümid kəsilməz".    Tahir Əkbərin həkimi, Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov mətbuata açıqlamasında bildirib ki, hazırda bəstəkarın vəziyyəti normaldır, huşu başındadır. Xəstəxanaya sabit-orta vəziyyətdə gətirilib. Onun sözlərinə görə, hazırda əməliyyat üçün hazırlıqlar, müayinələr aparılır: "Tahir Əkbərin ürəyində də problemlər var. Kardioloq icazə versə, əməliyyat olunacaq. Diaqnoz ikitərəfli xroniki baş-beyin substral hematomadır. Əməliyyat vacibdir. Vəziyyətindən asılı olaraq, ən azı bir həftə, on gün xəstəxanada yatmalıdır". 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bəstəkarla maraqlanması, onun bütün müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən ödənilməsi haqda tapşırıq verməsi Tahir Əkbərin ailəsində böyük sevinclə qarşılanıb. Hələ bir il bundan öncə  T.Əkbərlə söhbətimiz zamanı o, səhhətindən giley-güzar edərək, dərmanlarını almağa imkanı olmadığını deyirdi: "İlyarım əvvəl əməliyyat olunmuşdum. İndi məlum oldu ki, başqa bir xəstəliyim var. Bir müddətdir qızımın təhsil haqqını ödəyə bilmirəm, həyəcan keçirirəm. Düşünürəm ki, mən bunu hardan alıb ödəyəcəm. Bütün problemlər yığıldı, nəticədə halım pisləşdi. Dərmanlarımı almağa belə çətinlik çəkirəm. Eləsi var ki, bahadır, ala bilmirəm. Bir az da borclarım var. Sağalım, hamısını ödəyəcəm". Bu fikirləri səsləndirən Tahir müəllimə dövlətin sahib çıxması, onun xərclərini öz üzərinə götürməsi ailəsi üçün böyük dəstəkdir.    Tahir Əkbəri insanlara sevdirən musiqisi   Bəstəkarın səhhətinin pisləşməsi nəinki bizi, onu sevən tamaşaçıları da məyus edib. Azərbaycan musiqi aləmində öz sözünü deyən bəstəkar yaradıcılığı və gözəl insani xasiyyəti ilə böyük hörmət qazanıb. Hər dəfə onunla söhbət edəndə mənə gəncliyindən danışar, gənc ikən necə çalışqan  olduğundan, hansı çətinliklərdən keçdiyindən bəhs edərdi. Bəstələrinə gəlincə isə, onu hər gördüyümdə sual edirdim ki, ən çox hansı əsərini sevir. Cavabı belə olurdu: "Qızım, o bəstələr mənim övladım kimidir. Onların hamısı mənə əzizdir. Beynimdə yeni layihələrim çoxdur. İnşallah, onları həyata keçirəndən sonra konkret olaraq sənə mənim üçün doğma olan əsərimin adını çəkəcəm". O mənə bir söz vermişdi. İnanıram ki, gün gələcək, Tahir müəllim o sözün üstündə duracaq. Çünki bu günə qədər Tahir Əkbər verdiyi sözlərin arxasından qaçmayıb. Tanrım onun verdiyi bu sözün də arxasında dayanmağına yardımçı olar, inşallah.    Tahir müəllim müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. "Simfonik rənglər", ilahiyyat mövzusunda yazdığı "Amin" əsəri Azərbaycan professional musiqisində yeni janrlar sayılır. "Dərdin alım", "Heç küsməyin yeridirmi", "Əzizim", "Amin"... Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Elmira Rəhimova və digər sənətkarların ifasında səslənən bu mahnılar dünyanı dolaşıb. Çoxları onun musiqilərini xalq mahnıları kimi tanıyıb. Əslində bu da bəstəkarın böyüklüyüdür. Bəstələdiyi mahnılar xalq dilinə, xalq ruhuna o qədər yaxın olub ki, o mahnılar xalq mahnıları qədər sevilib. 

Bəstəkarın bəstələdiyi onlarca mahnını hətta türk müğənniləri də ifa ediblər. Nəşə Karaböcək bəstəkarın "Heç küsməyin yeridirmi?" mahnısı ilə hər zaman repertuarını bəzəyib. Bəstəkarın "Amin" mahnısı müğənni Brilyant Dadaşovanın ifasında Norveçdə Nobel mükafatının 100 illiyi ilə əlaqədar olaraq diskə salınıb və dünya xalqlarını sülhə çağıran bu disk Avropada yayılıb. Şanxayda keçirilən 8-ci Beynəlxalq Asiya müsabiqəsində Tahir Əkbərin "El oğlu, hay ver..." əsəri 26 ölkədən finala çıxan qaliblərdən biri olub. Bu mahnı dünya azərbaycanlılarına ünvanlanan və onları həmrəyliyə çağıran əzəmətli bir əsərdir. Bunun davamı kimi Dünya Azərbaycanlılarının 2-ci qurultayı ərəfəsində ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Həmrəylik" himni xor və simfonik orkestrin ifasında səslənib.