Moskvadan gələn heyət Xanın boğazında gizlədilmiş cihazı axtarıb XANƏNDƏNİN OĞLU DANIŞIR


Kriminal 03 Noy 2017 20:36:00 360 0

Moskvadan gələn heyət Xanın boğazında gizlədilmiş cihazı axtarıb  XANƏNDƏNİN OĞLU DANIŞIR

Publika.az-ın müsahibi dahi xanəndəmiz Xan Şuşinskinin oğlu Aslan Cavanşirovdur.

Son.az həmin müsahibəni təqdim edir:

- Xan Şuşinskinin Azərbaycan musiqisinə, muğam sənətinə gətirdiyi yeniliklər çoxdur. - Xan xalq çalğı alətləri, simfonik orkestrlərilə ifa edən ilk xanəndədir. Azərbaycan klassik sənətində Cabbar Qaryağdıdan çox mahnı bəstələyən yoxdur. Ancaq qadın xanəndələrlə ilk duet mahnıları atam yazıb. O mahnıların əksəriyyətinin sözləri də Xana məxsusdur.

- İlk dueti Şövkət xanımla olub? - Xeyr, ilk dueti Sara xanımla oxuyub, birinci səsyazma dueti Şövkət xanımladır.

- Bir də hər üçünün birgə ifası var. - Bunun da maraqlı tarixçəsi var. 1959-cu ildə Moskvada Azərbaycan mədəniyyəti və incəsənəti dekadasının bağlanış konserti baş tutur. Atamın Sara xanım və Şövkət xanımla birgə, Səid Rüstəmovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Orkestrinin müşaiyətilə "Şikəstə" ifaları nəzərdə tutulur. Konsertin başlamağına bir az qalmış ifa üçün ayrılmış vaxt rəhbərlik tərəfindən məhdudlaşdırılır. Səid Rüstəmov Xanı yanına çağırır və deyir ki, ya Şövkət xanımın, ya da Sara xanımın ifasını ixtisar etmək lazımdır. Atamsa heç bir xanım həmkarından imtina etmir, əksinə təklif edir ki, ifalar arasındakı çalğı hissələri ixtisar olunsun və "Şikəstə"nin ritmi tezləşdirilsin. Səid bəy razılaşır. Bütün orkestrə paylanmış notlar yığışdırılır. Yenidən işlənir.

- Bu haqda Vaqif Səmədoğlunun da maraqlı xatirəsi var. - Bəli, Vaqif müəllim həmin konsertdə xanəndələrin ifasını səhnə arxasından həyəcanla izləyirmiş. Muğamın tempi tezləşdirilir. Ümumiyyətlə, bilirsinizmi, qadınların səsi kişilərdən bir aktava zil olur. Yəni, notlar qadın xanəndələrlə kişi xanəndələr üçün fərqli şəkildə tərtib olunur. Kişi ifaçının səs imkanları genişdirsə qadın partituralarını ifa edə biləcək, yoxsa qeyri-peşəkar ifa ortaya çıxacaq. Musiqinin ritmi tezləşdirildiyi üçün Şövkət xanım və Sara xanım öz partiyalarını oxuduqdan sonra atam fəsilə vermədən ifa etməyə başlayır. Atam səsini 3-cü aktavaya ucaldanda Vaqif Səmədoğlunun yanında duran Böyük Teatrın aparıcı solisti , SSRİ xalq artisti İvan Kozlovski heyrətə gəlir və başını tutub deyir "Boje moy, kakoy qolos", yəni, İlahi bu nə səsdir!

- Xanın səsinin əzəmətini sübut edən belə əhvalatlar az deyil.

- Həddən artıq çoxdur. 1943-cü ildə Moskvadan Bakıya folklor sənətini təhlil edən bir qrup musiqişünas professor gəlir. Bülbül Xan Şuşinskini dəvət edir ki, qonaqlar üçün "Mahur-hindi" muğamını oxusun. Qonaqlar uzun müddət Xanı dinləyəndən sonra icazə istəyib, onun ağzına, boğazına diqqətlə baxırlar. Xan Bülbüldən soruşur ki, bunlar nə istəyir? Bülbül deyir ki, bunlar elə bilirlər boğazında nə isə gücləndirici alət gizlətmisən.

Bir dəfə də Bakıda keçirilən dövlət tədbirinin bədii hissəndə Cabbar Qaryağdı ilə birgə, Xan Şuşinski də çıxış edir. Konsertin sonunda Cabbarın ifasında "Heyratı" muğamı elan olunur. O da xanəndələrə müraciət edib, onunla birgə oxumaq istəyəni səhnəyə dəvət edir. Hamı ehtiyat edib, geri çəkilsə də, gənc İsfəndiyar səhnəyə çıxır. Mir Cəfər Bağərov da bu səs yarışını diqqətlə izləməyə başlayır. Musiqiçilər yaxşı bilər ki, onsuz da zil muğam olan "Heyratı"da "Şikəsteyi-fars" hansı nota gedib çıxır. Cabbar da "Şikəsteyi-fars" oxuyub, estafeti Xana ötürür. Xan özünü itirmədən bu hissəni oxuyub bir az da zil notlarda "Qazağı" şöbəsinə keçir. Cabbar Qaryağdı tarzən Qurban Pirimovun heyrət və sual dolu baxışlarına cavab olaraq deyir ki, Qurban, dədəmin goru haqqı Xana qıymazdım, dedim bir imtahan eliyim, görüm nə qayırır? Sonra əlini Xanın çiyninə qoyub, əhsən, gələcəyin xanəndəsi sənəsən - deyir.

- Xan Şuşinskinin rusca muğam oxumağından danışaqmı? - (Gülür). 1934-cü ilin payızında Bakıda Mixail Lermontovun 120 illik yubileyi keçirilir. Xan Şuşinski də bu məclisdə çıxış etmək üçün dəvət olunur. Tədbirdə Azərbaycanın dövlət rəsmilərilə yanaşı, Rusiyadan dəvət olunmuş məşhur ədəbiyyat xadimləri də çıxış edirmişlər. Rusiyalı qonaqların könlünü xoş tutmaq üçün tədbirdə Lermontovun şeirləri oxunur. Xan çıxış etmək üçün öz repertuarından bir ifa səsləndirməyə hazırlaşır. Elə bu vaxt təşkilatçılardan göstəriş gəlir ki, Xan mütləq Lermontovun şeirlərindən muğam səsləndirməlidir ki, rus qonaqlar əmin olsunlar ki, bizim xanəndələrimiz də onun yaradıcılığının aşiqidırilər. Atam isə təcrübəli xanəndə idi, bütün çətin vəziyyətlərdən çıxış yolu tapa bilirdi. Nə isə, şeirlərin birini cəld kağız parçasına köçürdüb, qavalın içərisinə qoyur. Bir təhər ifa edib, səhnəni tərk edir. Tədbirin sonunda Mir Cəfər Bağırov musiqiçilərə yaxınlaşıb, öz razılığını bildirir. Atama yaxınlaşanda isə zarafatla deyir: "Xan, həmişəki kimi yaxşı oxudun, amma qavalın içinə yaman boylanırdın".

- Xan Şuşinski həm də çox yaraşıqlı insan olub.

- Atamı gəncliyində varlı ailələrin evinə oxumağa çağırarmışlar. Qadınlar isə digər otaqda əyləşib, xanəndəni dinləyərmişlər. Birdən səs-küy qoparmış ki, hansısa xanımın halı pisləşdi, ürəyi getdi. Yəni deməyim odur ki, onun xarici görünüşü də, səsi də bir-birini tamamlayardı.

- Aslan bəy səsiniz var? - Hansı qarabağlının səsi yoxdur ki?!

- Bəs niyə xanəndə olmadınız? - Bilirsiniz, mən başqa kişinin oğlu olsaydım, xanəndə olardım. Ən azı musiqişünas olardım. Atam 70 yaşınadək səhnədə oldu, bir dəfə də mikrofonla ifa etmədi. Mən Xan Şuşinskinin oğlu kimi bu sənətə gəlməkdən utandım. Hazırda gözəl səsli muğam ifaçılarımız çoxdur. Muğamımız YUNESKO-nun mənəvi irsi siyahısına daxil edilib. Bilirsiniz də, muğam Hindistandan İrana, oradan isə bizə gəlib. Ancaq biz onu o qədər özümüzünküləşdirib, elə həddə çatdırmışıq ki, artıq öz əcdadı hinddən, farsdan imtina edə bilər.

- Hazırda dövlətin qayğısı nəticəsində muğam dünya səviyyəsində tanınır. Sovet dövründə isə muğam oxumaq böyük cəsarət idi. - Bir dəfə evdə bir kitab tapdım. İçərisində qəzəllər vardı. Bəzi qəzəllərin üstünə möhür vurulmuşdu. Atamdan səbəbini soruşanda dedi ki, bu qəzəlləri oxumağa qadağa qoyulub. İndi düşünəndə anlayıram ki, Sovet dövrü bizi kökümüzdən ayıran, milli ideologiyamızı zədələyən illər olub. Hətta 60-70-ci illərdə muğam çox hörmətsiz olmuşdu. Efirə çıxan müğənnilər ifalarının arasına qısamüddətli muğam saldırmaq istəyirdilər. Rejissora pul da təklif edirdilər. Lakin qəti şəkildə icazə verilmirdi. Yadıma gəlir, 1971-ci ildə Xanın 70 illik yubileyi qeyd olundu. Atam o tədbirdə belə bir cümlə işlətdi: "Ay gənclər, ay balalarım, mən babalarımızdan qalmış muğam sənətini bu çətin illərdə gətirib bu günə çıxartmışam. Artıq sizin öhdənizə buraxıram bu şərəfli işi". Ondan sonra atam qavalını bir daha əlinə almadı.

- Səməd Vurğunla Xan Şuşinski arasında möhkəm dostluq olub. - Xan Səməd Vurğunla dost olub. Atam danışırdı, Səməd ona həmişə deyirmişdi ki, ay Xan, sən Füzulidən oxu. O da deyirmiş ki, Füzulidən oxuyanda, camaat başa düşmür axı. Səməd də zarafatla cavab verirmiş ki, sən oxu, başa düşən düşsün, düşməyən də cəhənnəmə düşsün.

Bir dəfə də Şuşada, İsa bulağında oturub, yeyib-içirmişlər.

Səməd Vuğrun atama deyib ki, Xan, niyə təzə heç nə oxumursan?

Atam da deyib, ay qardaş, sən xalqın şairi, mən də xanəndəsi, yaz oxuyum.

Səməd Vurğun da bədahətən

Könlüm keçir Qarabağdan,