MTNnin adından istifadə edib 3,4 milyon dollarlıqlıq dələduzluq etdi MƏHKƏMƏ


Kriminal 27 Okt 2017 13:09:00 346 0

MTNnin adından istifadə edib 3,4 milyon dollarlıqlıq dələduzluq etdi  MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayevin atası Çingiz Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Ç.Abdullayev özünü elan olunmuş ittiham üzrə təqsirli bilmədiyini deyib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində Tofiq Zülfüqarov ifadə verib. O, təqsirləndirilən şəxsi tanımadığını, onunla telefon əlaqəsinin olduğunu qeyd edib: "Çingiz Abdullayevin oğlu Loğman məni aldadıb. Çingizin bu işdə əlinin olub-olmamasını bilmirəm. Onu deyə bilərim ki, oğlu mənim pullarımı ölkədən çıxarıb. Qazaxıstanda mənim pullarımla əmlak əldə edib".

T.Zülfüqarov bildirib ki, Ç.Abdullayevin oğlu Loğman Abdullayev onun ələ keçirdiyi 3.5 milyon manat pulundan yalnız 1.6 milyon manatı geri qaytarıb. O, pullarının geri qaytarılmasını tələb edib. O, hadisə zamanı maşınının qabağı kəsildiyini və qaçırıldığını söyləyib: "Evimin qabağında qarşımı kəsdilər. Loğman çibindən vəsiqə çıxarıb, öznü MTN əməkdaşı kimi təqdim etdi. Sonra məni maşına qoyub apardılar. Maşında Emin və Pərviz vardı. Həzi Aslanova gəldik və mənə dedilər ki, "sənin evində əmanət var, Avropa Oyunları qabağı terrrorla bağlı bizə məlumat daxil olub". Sonra mənim yaşadığım mənzilə daxil olduq. Evdə Olqa da yaşayırdı. Seyfdən pulları çıxartdım. Həmin pullardan 100 min dolları özümə götürdüm. Digər 3.4 milyon dolları Loğmana verdim. Sonra məni özləri ilə apardılar. Ondan soruşdum ki, "Loğman, sən kimsən"? O, MTN kapitanı olduğunu dedi və bildirdi ki, "sevin ki, generalın əlinə düşməmisən". Mənim işimi həll edəcəklərini söylədilər". Prokuror zərərçəkmişə sual verib ki, "sənin nə işin var idi ki, ondan qorxurdun".

T.Zülfüqarov isə heç bir gizli işinin olmadığını, həmin zaman MTN əməkdaşlarının bir neçə şəxsi tutduğu üçün qorxduğunu söyləyib: "Buna görə onlarla razılaşdım. Məni dörd gün evdə saxladılar. Yemək-içmək verdilər. Sonra Loğman mənə dedi ki, "sənin işin araşdırılır, lakin indi səni xaricə göndərəcəyik". Biletimi alıb xaricə getdim". O qeyd edib ki, Ç.Abdullayevlə telefon danışığından sonra Qazaxıstanda həmin puldan 290 min manatı dostuna verib.