Avropa Şurası və Avropa İttifaqı Azərbaycanda həyata keçirilən layihənin nəticələrini açıqlayacaq


Siyasət 26 Okt 2017 13:45:21 332 0

Avropa Şurası və Avropa İttifaqı Azərbaycanda həyata keçirilən layihənin nəticələrini açıqlayacaq

Jurnalistlər, ədliyyə və inzibati idarəetmə orqanlarının işçiləri və hüquq ekspertləri üçün həyata keçirilən layihəyə 4.9 milyon avro xərclənib

Avropa Şurası və Avropa İttifaqı Azərbaycanda jurnalistlər, ədliyyə və inzibati idarəetmə orqanlarının işçiləri və hüquq ekspertləri üçün həyata keçirdikləri layihənin nəticələrini təqdim edəcək.

"Report"un məlumatına görə, bununla bağlı tədbir oktyabrın 31-də Bakıda baş tutacaq. 

Məlumata görə, 2015-2017-ci illər ərzində Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq çərçivəsində Azərbaycanda dörd layihə həyata keçirilib. Layihələrin əsas məqsədi Azərbaycanda KİV-nin azadlığının və ifadə azadlığının inkişafı, inzibati idarəetmədə korrupsiyaya qarşı mübarizə və korrupsiyanın qarşısının alınması bacarıqlarının gücləndirilməsi, Ədliyyə Akademiyasının rolunun və bacarıqlarının artırılması, hakimlərə təlimlərin keçirilməsi, eləcə də ölkədə ədliyyə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılmasından ibarət olub.

Bildirilib ki, 4.9 milyon avro büdcəsi olan layihə Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilib və Avropa Şurası tərəfindən həyata keçirilib. Ölkə üzrə spesifik olan layihələrə əlavə olaraq, Azərbaycan habelə müxtəlif ölkələri əhatə edən 14 regional təşəbbüslərdə iştirak edir.

Tədbirdə Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Jankauskas, Xarici İşlər Nazirliyinin Demokratiya və İnsan Hüquqların Şöbəsinin müdiri vəzifəsini həyata keçirən Fəxrəddin İsmayılov və Avropa İttifaqı-Avropa Şurasının Tapşırıqlar üzrə Əlaqələndiricisi Arkadi Sytınenin iştirak edəcəyi gözlənilir.