Sələmçinin Tanrı ilə dialoqu...


Kriminal 23 Okt 2017 17:20:00 308 0

Sələmçinin Tanrı ilə dialoqu...

Teatral oxucularımızın bildiyi kimi S.Vurğun adına Rus Dram Teatrı Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, yeni müstəviyə kimi inkişaf etdirilməsi, təcrübə mübadilələrinin artırılması təzahürlərini və eksperimental tamaşaların (əlbəttə ən böyük, ən geniş mənada hər bir teatrın hər bir tamaşası eksperimentdir və ya eksperiment olsa, daha məqsədəuyğundur) silsiləsini təqdim etməkdədir.

Çoxdan görmədiyimiz Nekrasov

Premyerası ötən həftəsonu baş tutmuş növbəti səhnə əsərinin tamaşası rus ədəbiyyatının klassiklərindən biri N.A.Nekrasovun "Peterburqlu sələmçi" vodevilinin quruluşu oldu. Nekrasovun Azərbaycan teatrında nadir hallarda qoyulan müəllif olması layihəyə olan marağın xeyli hissəsini təmin etmişdi. Bir də təbii ki, klassik ədəbi nümunə və teatr sənətinin mərkəzlərindən biri olan Moskvadan dəvət edilmiş rejissor amilləri. "Peterburqlu sələmçi" moskvalı gənc rejissor Vladimir Danayın yozumunda cəsarət və yaradıcı axtarışların orijinala sadiqlik (pyesin bəzi yerlərini, məsələn, sələmçinin bir müştəridən beh aldığına baxmayaraq, daha sərfəli müştəri peyda olanda tablonu birinci müştəriyə satmaq "istəməməsini izah edən" monoloqun bir hissəsinin və ən son dialoqun ixtisarını rejissorun özgün yanaşması kimi dəyərləndirmək olar) və onunla səsləşmək tərzindədir. Sergey Jenovaçın tələbəsi V.Danay gənc olmasına baxmayaraq, Rusiyanın bir sıra tanınmış teatr aktyorları ilə çalışıb, tamaşaları isə dəfələrlə festivallarda uğur qazanıb. "Peterburqlu sələmçi" o tamaşalardandır ki, dərhal və birmənalı şəkildə qəbul edilmir - tamaşaçıların reaksiyalarından da bəlli oldu ki, bəziləri rol bölgüsünə daha ciddi yanaşma arzulayırlar, bəziləri isə fərqli aktyor və rejissor məktəblərinin aktyorlarımız üçün nə dərəcədə uyarlı olduğunu qiymətləndirirlər. Tamaşaçıların əksəriyyəti isə aktyorluq və rejissorluq sənətinə bilavasitə aidiyyatı olan şəxslər, həmçinin rus ədəbiyyatının həvəskarları və biliciləri idilər.

Müəllifin qəhrəmanına verdiyi şans əlindən alındı

Bir hissəli vodevil 17 haldan ibarətdi. Nekrasov bu 17 halın 16-nı sıra nömrəsi ilə işarələyib, yalnız 17-ci hal sonuncu hal kimi qeyd olunub. Pyesin hissələrinin belə adlandırılması həmin hallardakı iştirakçıların sayının dəyişməz qalmasını nəzərdə tutur. "Peterburqlu sələmçi" vodevilində isə bu hallar eyni zamanda baş qəhrəman Potap İvanoviç Loskutkovun (Yuri Omelçenko) Tanrı ilə söhbətinə dəlalət edən priyomdur. Hətta belə demək mümkünsə, Tanrının zühurudur. Məhz bu məqamın rejissor tərəfindən özünəxas şəkildə yozumu - pulgir və xəsis Loskutkovun növbəti müştərinin başını aldadıb daha çox mənfəət götürmək barədəki düşüncələrin tanrı ilə bölüşməsi zamanı səhnənin yuxarı sağ küncündə Yaradanın ona ünvanlanan, hər dəfə Loskutkova diktə ilə deyil, dürüstlüyə yönəldən cavablarının elektron lövhədə yazılması - tamaşaçılarda ilk canlanmanı yaratdı. Və bu canlanma səhnə əsərinin sonuna kimi zalı tərk etmədi. Tamaşasının janrını 17 hallı qarət kimi xarakterizə edən rejissor əsərin sonluğuna müəllif yanaşmasını kifayət qədər üzvi tərzdə təqdim etdi - pyesdə hərisliyi və axmaqlığı ucbatından müflisləşdiyini zənn edən, əslində isə bir müştərinin marağını digərinə qurban verməkdən usanmayan və beləliklə əldə etdiyi çox böyük bir məbləği kürəkəni olmağa namizəd İvan Fyodoroviç Nalimovun (bu teatrda debüt rolu ilə Murad İsmayılov) qurduğu ibrət tələsinə düşərək itirən Loskutkovu intihardan Nalimov xilas edirsə, Rus Dram Teatrının tamaşasında onun ruhunun Allahın "yanıma gəl" çağırışına həvəslə riayət etdiyini gördük. Bu hal "ləyaqəti qəlp pul, hiyləgərliyi sərvət" hesab edən, üstəlik çətin anlarında Tanrıya üz tutduğu halda onun nəsihətlərini qulaqardına vuran Loskutkov kimilərinə cəmiyyətdə yer olmamasını vurğuladığı üçün 17-ci deyil, məhz sonuncu hal kimi qeyd olunub. Lakin əgər Nekrasov Loskutkova sonda Allahını sadəcə eşitmək, dinləyib, riayət etmək şansı verirsə, Danay bu şansı onun əlindən alır...

Boşluğa son qoyacaq hadisə


Xəbərə aid fotolar