Azərbaycan Akkreditasiya Mərkəzinin üzvlüyü məsələsinə baxılacaq FOTO


Siyasət 12 Okt 2017 13:55:00 375 0

Azərbaycan Akkreditasiya Mərkəzinin üzvlüyü məsələsinə baxılacaq   FOTO

Noyabr ayında Berlində keçiriləcək Avropa Akkreditasiya Təşkilatının (EA) Assambleyasında Azərbaycan Akkreditasiya Mərkəzinin quruma assosiativ üzvlüyü məsələsinə baxılacaq.

Son.az xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bunu Komitənin sədri Ramiz Həsənov Avropa ittifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas ilə görüşdə deyib.

R.Həsənov hazırda icra olunan "Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi" adlı "Tvinninq" layihəsinin nəticəsində Azərbaycanın Avropa Akkreditasiya Təşkilatı ilə (EA) qarşılıqlı tanınma haqqında Sazişin imzalanacağına əminliyini ifadə edib.

Komitə sədri qeyd edib ki, bütün bunlar Azərbaycanda keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tanınması, məhsulların keyfiyyətini təsdiq edən sənədlərin, sertifikat və akkreditasiya prosedurlarının xarici ölkələrdə tanınmasının təmin edilməsi istiqamətində mühüm addımdır.

Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edən K.Yankauskas ölkəmizdə qeyri-neft ixrac potensialının artırılması istiqamətində həyata keçirilən sistem xarakterli islahatları yüksək qiymətləndirib.

O bildirib ki, keyfiyyət infrastrukturu sahələrinin müasir təcrübə ilə uzlaşdırılması məhz bu siyasətə xidmət edir.

Səfir bu prosesdə bundan sonra da Aİ-nin yaxından iştirak edəcəyinə, lazımi dəstəyin veriləcəyinə əmin olduğunu bildirib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar