ADGTT Beynəlxalq mono tamaşalar festivalında iştirak edib


Kriminal 11 Okt 2017 18:42:00 425 0

ADGTT Beynəlxalq mono tamaşalar festivalında iştirak edib

ADGTT Kiyev şəhərində keçirilən "Mariya" adlı Beynəlxalq mono tamaşalar festivalında uğurla iştirak edib.

Teatrın mətbuat xidmətindən Son.az-a verilən xəbərə görə, ADGTT-nın kollektivi  oktyabr ayının 3-dən 9-dək Ukrayna Respublikasının Kiyev şəhərində keçirilən "Mariya" adlı Beynəlxalq mono tamaşalar festivalında iştirak edib.  Sözügedən festivalda ölkəmizi ADGTT-nın aktyoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar artisti Şövqi Hüseynov P.Züskindin "Kontrabas" tamaşası ilə təmsil edərək festivalın diplomu ilə təltif edilmişdir.  Şövqi Hüseynov festival çərçivəsində təşkil edilən "Aktyor sirri" adlı mədəni dialoq forumunda da iştirak edib. O, seminarda  "Azərbaycan teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının  fəaliyyəti " mövzusunda  məruzə ilə çıxış etmişdir.  Çıxışda Azərbaycan teatrının bu gunku durumu və ölkəmizdə fəaliyyət göstərən teatrların inkiaşfı ilə bağlı məlumatlar diqqətə çatdırılıb. ADGTT repertuarının zənginliyi, səhnədə klassik əsərlərin çoxluğu forum iştirakçılarında böyük maraq doğurub. Qeyd edək ki, festivalda ölkəmizlə bərabər Polşadan, İspaniyadan, Ukraynadan, Slovakiyadan, Böyük Britaniyadan və Türkiyədən olan peşəkar teatrlar da iştirak edib.  

"Kontrabas" tamaşasının nümayişindən sonra  iştirakçı dövlətlərin festival rəhbərləri, Slovakiya və Polşalı həmkarlar ADGTT-nı öz ölkələrində keçirilən teatr bayramlarında görməkdən məmnunluqlarını ifadə ediblər. Hər iki respublikanın  festival rəhbərləri ADGTT-nın kollektivini  ölkələrində keçiriləcək növbəti festivallara dəvət ediblər.


Xəbərə aid fotolar