Azərbaycanlı terrorçu İŞİD komandirini aldadıb 100 dollar aldı və Suriyadan qaçdı FOTO


Kriminal 09 Okt 2017 10:02:51 409 0

Azərbaycanlı terrorçu İŞİD komandirini aldadıb 100 dollar aldı və Suriyadan qaçdı  FOTO

Cihad adı altında Suriya torpaqlarına üz tutan "mücahidlər"in əksəriyyəti bir-birlərini yaxından tanıyıblar. Yaxın Şərqdə cərayan edən qanlı hadisələr, 2012-ci ildən üzü bəri xilafət yaratmaq istəyən qüvvələr barədə mətbuatdan oxuyub, internetdə yayımlanan videoları izləyib, öz aralarında dini mövzularla bağlı söhbətlər aparıblar. Hər bir müsəlmanın cihadda iştirakının vacib olduğunu düşünən gənclər beləcə bir-birinin ardınca Suriyaya yollanıblar.

Kimi "Cəbhət-ən-Nusra"ya, kimi "Azəri camaatı" na, kimisi isə "Ömər Şişani"nin ("Çeçen" ləqəbi ilə tanınan, milliyyətcə gürcü olan, Suriyaya gəldikdən sonra Ömər Şişani adını alan Tarxan Batiraşvili nəzərdə tutulur. Ömər Şişani İŞİD-in Suriyadakı komandiri kimi tanınıb. O, ötən ilin 10 iyul tarixində ABŞ-ın Suriyanın Əş Səddadi şəhəri yaxınlığına endirdiyi hava zərbəsi nəticəsində öldürülüb - vitualaz.org) rəhbərlik etdiyi "Muhacirun" qruplaşmasına qoşulublar.

"Mücahidlər"in ailələrinə əqidə yoldaşları arasında nüfuzlu dindar kimi tanınan yaşı 40-ı haqlamış Süleyman (şəxsiyyəti istintaqa məlum deyil - red.) adlı şəxs maddi köməklik göstərib. Cihada getmək istəyənlər üçün isə "Abdul Rəşid"in evi bir növ məntəqə rolunu oynayıb...

Həmin "məntəqə"dən Suriya yollanan, "Ömər Şişani"nin başçılıq etdiyi "Muhacirun" qruplaşmasına qoşulanlardan biri də Qəhrəmanov olub. Artmada baş verənləri görüncə isə dərin stress keçirən Qəhrəmanov fikrindən daşınıb və Azərbaycana dönməyi qərara alıb.

Bakı Ağır Cinayət Məhkəməsində İŞİD-ə qoşulmaqda ittiham olunan Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Rahib Salmanov sədrlik edib.

Qaraçuxurdan Suriyaya uzanan yol

İstintaqla müəyyən edilib ki, Afiq Süleymanov Suriya ərazisində Azərbaycandan olan tanışları ilə birlikdə "Cəbhət-ən-Nusra"adlı cinayətkar birliyin tərkibinə daxil olub. Həmin birliyin üzvləri - Rəşadət Qasımov və şəxsiyyəti istintaqa "Süleyman" kimi məlum olan şəxsin maddi dəstəyi əsasında 2013-cü ilin mart ayında Ömər Şişaninin rəhbərlik etdiyi "Muhacirun" adlı silahlı birləşmənin tərkibində iştirak edib.

Belə ki, 2013-cü ilin fevral ayının sonlarında tanışı,"Cəbhət-ən-Nusra"nın üzvü R.Qasımova müraciət edərək ondan Suriyaya getmək üçün maddi yardım istəyib. R.Qasımov bu barədə təşkilatın digər üzvü olan Süleyman adlı şəxsə məlumat verib. Hər ikisi ümumilikdə A.Qəhrəmanova 350 manat verib. A.Qəhrəmanov pulu aldıqdan sonra 2013-cü ilin martın 2-də avtobusla İstanbul şəhərinə yola düşüb. Öncə Reyhani qəsəbəsində Vüsal adlı şəxsin köməkliyi ilə sərhədi qanunsuz olaraq keçib və Artma şəhərinə gedərək Ramal Əbilovun köməkliyi ilə "Muhacirun" silahlı birləşməsinə qoşulub. 20 gündən sonra isə geriyə - Azərbaycana qayıdıb.

İstintaq zamanı həmçinin məlum olub ki, R.Qasımov mütəmadi olaraq silahlı mqnaqişələrdə iştirak edən Ramal Əbilov, Fuad Xəlilzadə və Süleyman adlı şəxslərlə "Skype" vasitəsilə əlaqə saxlayıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Afiq Qəhrəmanov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, 2011-ci ildən etibarən İslam dininin əhli-sünnə təriqətinin sələfi məzhəbinin qaydalarına uyğun ibadət etməyə başladığını, "Qaraçuxur" məscidinə gedərək mütəmadi olaraq orada namaz qıldığını, Vüsal adlı şəxslə də məsciddə tanış olduğunu, aralarında dostluq münasibətləri yaranıb. 2013-cü ildə Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etmək qərarına gəliblər:"Vüsal zəng vurub Türkiyədə olduğunu dedi. Ona dedim ki, məni gözlə, yol pulu tapan kimi gələcəyım. Vüsal da məni gözləyəcəyinə söz verdi".

"Ailə üzvlərimə heç nə deməyib yola düşdüm"

A.Qəhrəmanovun dini ləqəbi "Abdulrəşid" olan Rəşadət Qasımovla tanışlığı da "Qaraçuxur" məscidindən başlayıb. Suriyaya getmək üçün yol pulu olmadığını deyən A.Qəhrəmanov "Abdulrəşid" dən maddi köməklik istəyib. Həmçinin, cihada qoşulmaq, Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etmək istədiyini deyib. "Abdulrəşid" ona yol pulu tapacağını bildirib. İki gün sonra "Abdulrəşid" onu evinə dəvət edib, ona cihada getmək üçün köməklik göstərəcək şəxsin və digər sələfi qardaşlarının da gələcəyini deyib, evinə dəvət edib:

"Rəşadətin evinə getdim. Orada onun ailəsindən başqa evdə Süleyman, Nazim, Şahin, Osman, Səbuhi adlı şəxslər də vardı. Evdə Süleyman və Rəşadətlə danışdıq. Süleyman cihada qoşulmağımı dəstəklədi və 350 manat pul verdi. Bilet alıb yola düşəcəyimi dedim. Səhəri gün Süleymanın verdiyi pulun 60 manatına bilet aldım. Ailə üzvlərinə heç nə demədən Türkiyəyə yola düşdüm".

"Artma şəhərində "Ömər Şişani"nin dəstəsinə qoşulduq"