ÜAK-ın vəkili: "İşin Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətində baxılması üçün müraciət hazırlanır"


Siyasət 03 Okt 2017 16:43:12 492 0

ÜAK-ın vəkili: "İşin Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətində baxılması üçün müraciət hazırlanır"

Həsən Mirzəyev: "Rusiyadakı Azərbaycan diasporunda həmrəylik baxımından qüsurlar var"

"Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) təşkilatını qoruyub saxlamaq mümkün olmasa, yenisini yaratmaq lazımdır".

Bunu "Report"un Rusiya bürosuna Rusiya Vəkillər Gildiyasının prezidenti, ÜAK-ın Rəyasət Heyətinin üzvü və təşkilatın ləğv edilməsi prosesində Rusiya Ali Məhkəməsindəki rəsmi nümayəndəsi Həsən Mirzəyev bildirib.

"Təşkilatın qorunub saxlanılması üçün maksimum səy göstərilib. ÜAK təşkilatın fəaliyyəti haqqında gecikmiş məlumatlara görə ləğv edilib", - H.Mirzəyev vurğulayıb.

O, ÜAK-ın işi üzrə məhkəmədə çıxış edərkən harada səhvlər buraxıldığını izah etdiyini və bunların aradan qaldırılması üçün vaxt istədiyini xatırladıb.

"Lakin qanunun pozulması halları o qədər açıq-aydın idi ki, məhkəmə ləğvedilmə barədə hökmü qüvvədə saxlayıb", - vəkil əlavə edib.

H.Mirzəyevin sözlərinə görə, ÜAK-ın ləğvi onun üçün "şəxsi faciə" sayılacaq.

"Mən özüm tatam, lakin ruhən azərbaycanlıyam. Mənim üçün ÜAK doğma təşkilatdır, buna görə də təşkilatın bugünkü vəziyyəti, xüsusilə də diasporun bütün səviyyələri arasında həmrəyliyin olmaması məni narahat edir", - Gildiya prezidenti vurğulayıb.

O, Rusiyada yaşayan azərbaycanlıların çoxunun öz həyatını yaşadığını, başlarının biznesə qarışdığını və nəticədə də diasporun işlərinin onlar üçün maraqlı olmadığını qeyd edib.

H.Mirzəyev həmçinin bildirib ki, hazırda işə Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətində baxılması üçün müraciət hazırlanır.

Rusiyada azərbaycanlıların yeni diaspor strukturunun yaradılmasının mümkünlüyü haqqında danışan ÜAK Rəyasət Heyətinin üzvü vurğulayıb ki, köhnə təşkilatı qoruyub saxlamaq mümkün olmasa, bütün səhvləri nəzərə almaqla, yeni təşkilat yaratmaq lazımdır.

"Məncə, bu, tam doğru addım olardı. Yeni təsis qurultayı keçirilməli, nizamnamə yazılmalı, idarəetmə orqanlarına seçimlər edilməlidir. Təşkilatda, xüsusən də rəhbərlik səviyyəsində müasir Azərbaycanı təcəssüm etdirən insanlar - Avropa təhsilli, amma şərq müdrikliyinə malik, intellektli, xalqın mədəniyyətini və ənənələrini bilənlər olmalıdır", - H.Mirzəyev fikrini tamamlayıb.

Xatırladaq ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin "Ümumrusiya Azərbaycan Konqresinin" (ÜAK) ictimai təşkilatının nizamnaməsinin Rusiya qanunvericiliyinə uyğun olmaması səbəbilə ləğv edilməsi barədə iddiasını təmin edib. Sentyabrın 19-da Rusiya Ali Məhkəməsinin Apelyasiya Şurası ÜAK-ın ləğvi ilə bağlı qərarı qüvvədə saxlayıb.