Şəxsiyyət vəsiqələrinin forması DƏYİŞİR:


Digərləri 14 Tem 2025 11:58:00 76 0

Şəxsiyyət vəsiqələrinin forması DƏYİŞİR:

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir.

Son.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur. Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Bu baxımdan, şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilməsi zərurəti yaranmışdır. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.

Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi, onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.

Qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur.