Dünən Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 tır ərzaq yükünü Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib.
Separatçılar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ağdam-Xankəndi yolu üzərindən həmin yükü qəbul edəcəyini bildiriblər.
Laçın yolu yalnız Qızıl Xaç komitəsi üçün açılacaq. Onlar da yalnız Azərbaycanın gömrük və sərhəd-keçid qaydalarına uyğun fəaliyyət göstərə bilərlər.
Bu, tam ayrı, fərqli anlaşmadır və o demək deyil ki, Laçın-Xankəndi yolu eyni vaxtda açılır.
Azərbaycan sentyabrın 1-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasının təmin edilməsinə xoş niyyətli jest kimi razılığını bildirdi. Lakin qanunsuz rejim bundan imtina etdi.
Laçın buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd nəzarəti rejiminə əməl edilməlidir.
Və bu, qarabağlı erməni separatçıları ilə Ermənistanınn, erməni diasporunun və erməniləri dəstəkləyənlərin ilk strateji məğlubiyyətidir.
Niyə belə oldu?
Əsas səbəb Azərbaycanın qətiyyətidir.
Ermənistan anladı ki, şərti dövlət sərhədindəki hərbçilərimiz əmr alan kimi, istənilən an irəliləyə bilərlər.
Qarabağlı separatçılar dərk etdilər ki, Xankəndindəki xuntanın sonu çatır, aqoniyadır - Bakı separtizmə dözmək niyyətində deyil.
Xankəndindəki xuntanın son qərarının Bakı üçün mənfəətli məqamları:
1. Qarabağlı ermənilərin "blokada" isterikasının yalan olduğu sübut edildi
2. Laçın yolu ilə yanaşı, Xankəndinə yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunun ən real alternativ olduğu göstərildi
3. "Qarabağlı ermənilərin bütün yolları bağlanıb" iddialarının puçluğu nümayitş olundu
4. Laçın yolu ilə Ermənistandan Xankəndinə yüklərin yalnız Ağdam-Xankəndi yolu işə düşəndən sonra açılacağını deyən Bakının qətiyyəti nəticə verdi.
Separatçı xuntanın Rusiyanın yolladığı bir yük maşınını qəbul etməsi artıq situasiyanı dəyişir.
Rusiyanın avtomobili yolu keçəndən sonra Azərbaycanın yük maşınları da marşrutla hərəkət edəcəklər.
Beləcə, Rusiya qarabağlı ermənilərə təsir imkanlarının böyük olduğunu Paşinyana və onu dəstəkləyənlərə sübut etdi.
Ən nəhayət, qarabağlı erməni separatçıların rəhbərləri ilə Rusiya arasında çoxdan əldə edilmiş razılaşma, daha doğrusu, Moskvanın əmrlər məcmusu faş oldu.
Məlum oldu ki, qarabağlı separatçılar Nikol Paşinyanın marioneti Araik Arutyunyanın dönəmində yolu qapatsalar da, indi Rusiyanın Xankəndində tam təsir rıçaqlarına yiyələndiyi dönəmdə açırlar.
Bununla da Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrilib.
Xatırladaq ki, münaqişədən əvvəl Bakı-Ağdam-Xankəndi-Şuşa avtomobil yolu və Bakı-Ağdam-Xankəndi dəmir yolu xətti Qarabağın inkişafında önəmli rol oynayıb. Münaqişə dövründə dəmir yolu xətti sıradan çıxsa da, hazırda avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. Ona görə də, ermənilərin hər hansı bəhanəsinə yer yoxdur. Bu bölgə Azərbaycanın ərazisi olduğu üçün artıq bütün kommunikasiyalar məhz dövlətimizin vasitəsilə həyata keçirilməlidir.
Bakı növbəti siyasi qələbəyə nail oldu. Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan qarabağlı ermənilər ərzaq, gündəlik tələbat malları, yanacaq və s.-ni Ermənistandan yox, Azərbaycandan keçməklə, Ağdam-Xankəndi marşrutu ilə alacaqlar.
Qarabağlı ermənilər ölkəmizdəki digər etnik azlıqlardan biridir və onlar Azərbaycan cəmiyyətinə reinteqrasiya olmalıdırlar.
Reinteqrasiyaya yönəlmiş dialoqa və ümumiyyətlə, qarabağlı ermənilərlə bağlı situasiyaya heç bir dövlət, beynəlxalq təşkilat və ya siyasətçi qarşıa bilməz: rəsmi Bakı ölkənin sırf daxili işi olan bu məsələyə kimsənin müdaxiləsinə imkan verməyib, bundan sonra da mövqeyinə sadiq qalacaq.
Azərbaycan hakimiyyəti Qarabağda yaşayan erməni sakinlərimizin hüquqlarının qorunmasını, təhlükəsizliyini, sağlamlığını və təminatını daimi olaraq öz üzərinə götürməyə həmişə hazır olub.
Ağdam-Xankəndi yolu ilə humanitar yardımların daşınması qarabağlı ermənilərin cəmiyyətimizə reinteqrasiya prosesinin sürətləndirilməsi prosesinə təkan verəcək, bölgədə sülh və stabilliyin bərqərar olmasında əhəmiyyətli addım olacaq.
Bundan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin də malları Ağdam-Xankəndi yolu vasitəsilə daşınacaq. Laçın yolu isə yalnız sözügedən marşrut işə düşənə kimi BQXK-nın humanitar yardım daşımaları üçün açıqdır, çünki Laçın yolunda Azərbaycanın gömrük-hüquqi rejimi fəaliyyət göstərir.