“Arvadım yad kişilərlə evimə kamera quraşdırıb...”


Kriminal 04 Apr 2023 23:42:00 317 0

“Arvadım yad kişilərlə evimə kamera quraşdırıb...”

Gəncə şəhərində 1994-cü il təvəllüdlü Ayaz qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Könülü (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Bu xəbəri də oxu: "TikTok"er xanımlar da tutuldu

Son.az bildirir ki, Ayaz rəsmi nikah münasibətində olduğu arvadı Könülün ona xəyanət etməsindən şübhələndiyi üçün uzunmüddətli mübahisələrə birdəfəlik son qoymaq, məhkəməyə boşanmaq iddiası ilə müraciət etməsi səbəbindən onu öldürmək qərarına gəlib.

Ayaz 5 fevral 2021-ci ildə səhər saatlarında münaqişələrdən sonra Könülə 26 bıçaq xəsarəti yetirib. Qadına vaxtında ixtisaslaşmış tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. İstintaq orqanı tərəfindən Ayazın barəsində Cinayət Məcəlləsinin 29 və 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Könüllə 2017-ci ildə öz istəyi ilə ailə qurub: "Bir-birimizi sevmişik, evlənməyimizdə ailələrimizin təsiri və narazılığı olmayıb. Evləndikdən sonra atamın verdiyi evdə birlikdə yaşamağa başladıq".

Təqsirləndirilən şəxs qeyd edib ki, 22 oktyabr 2018-ci ildə Əzizə adlı qız övladları dünyaya gəlib:

"Evliliyimizin ilk vaxtlarında münasibətlərimiz mehriban olsa da, təxminən 2020-ci ilin əvvəllərindən aramızda soyuqluq yaranmağa başladı. Bunun səbəbi Könülün mənə xəyanət etməsi barədə yaranmış şübhələrim oldu. Həmin ərəfədə Könül "Instagram" sosial şəbəkəsində özünə "Könül prensessa" və "Könül" adlı profillər açdı.

Bundan xəbər tutanda nəyə görə məndən icazəsiz və xəbərsiz profil açmasının səbəbini soruşdum. Könül həmin profillərin özünə məxsus olmadığını, anası Sevilin Əzizənin şəkillərini paylaşmaqdan ötrü açdığını bildirdi, and içdi. Bundan sonra bu söhbəti bağladım. Bu mövzuda mübahisə etmədim".

Ayaz deyib ki, yenə də özündə Könülə qarşı şübhə qalıb: "Könülün mənə xəyanət etdiyini, "Instagram"da kiminləsə danışdığını fikirləşməyə başladım. Çünki Əzizənin şəkillərini paylaşmaqdan ötrü qayınanamın iki fərqli profil açması mənə inandırıcı gəlmədi.

Bir neçə gün sonra qayınanam bizə gələndə bu barədə soruşdum. Qızının sözlərini o da təsdiq etdi, hər iki profilin özünə məxsus olduğunu bildirdi. Lakin Könül barədə şübhələrim yarandığına görə aradabir onun telefonunu yoxlamağa, kimlərlə danışıb-yazışdığına baxmağa başladım".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ilin martında Könülün telefonuna baxanda "qalereya" bölməsində "silinmiş şəkillər" qovluğunda "Instagram"dan çəkilmiş ekran şəkillərini, yəni "screenshot"ları görüb: "Həmin şəkillərə əsasən mənə məlum oldu ki, Könül "Instagram"da özünə məxsus profillərdən biri ilə "eliw 45-38" istifadəçi adlı profillə mesajlaşıb.

Ekran şəklini Könülə göstərdim və hesabat verməsini istədim. Könül əvvəlcə mesajlardan xəbəri olmadığını, sonradan isə həmin profili anasının açıb işlətdiyini, ola bilsin, mesajları anasının yazdığını, "eliw 45-38" istifadəçinin xalası qızı Elmira olduğunu dedi.

Bir sözlə, Könül mənə qeyri-səmimi cavablar verdi. Bu barədə qayınanamdan soruşdum. Qayınanam da qızı Könülün dediklərini təsdiqlədi".

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Könüllə aralarında "Instagram" mübahisəsi bağlanıb:

"Amma içimdə şübhələr qalmaqda davam etdi. Konkret sübutum olmadığına görə Könüllə bu mövzu ətrafında heç bir mübahisə etmədim. Baş vermiş hadisədən təxminən bir ay əvvəl Könüllə xəyanətlə bağlı mübahisələrimiz yenidən təzələndi. Bir ay əvvələ qədər müddət ərzində Könüllə danışanda tez-tez qonşuluqda yaşayan Elmar adlı iki şəxs haqqında söhbətlər açdı, təriflədi. Bizimlə eyni blokda iki nəfər Elmar adlı şəxs var, biri 4-cü, digəri isə 8-ci mərtəbədə qalır. 4-cü mərtəbədəki Elmar evlidir, arvad-uşağı ilə yaşayır, 8-ci mərtəbədəki isə subaydır, ata-anası ilə yaşayır. Həmin şəxslərlə qonşu kimi sıx münasibətim yoxdur, bir-birimizi görəndə ayaqüstü salamlaşıb, hal-əhval tutmuşuq.

Könül Elmar adlı qonşularından çox danışanda əsəbiləşdim. Ona irad tutdum və bunun səbəbini soruşanda Könül xüsusi bir səbəbi olmadığını, eləcə qonşulardan söhbət açıldığına görə danışdığını, hər ikisinə qardaş gözü ilə baxdığını dedi".

Ayaz bildirib ki, bundan sonra Könülün Elmar adlı şəxslərdən biri ilə münasibətdə olduğundan şübhələnib: "Biri evli olub ailəsi ilə yaşadığına görə ən çox subay olan haqqında şübhələrim yarandı. Amma şübhələrimi təsdiq edən dəlillərim yox idi. "Instagram"dakı "eliw 45-38" istifadəçi adlı profilin də Elmarlardan birinə məxsus olduğunu fikirləşdim.

Hətta Könülün danışdığı şəxslə əlbir olub yaşadığımız mənzilə və atamgilin evinə kiçikölçülü müşahidə kameraları yerləşdirdiyini, bizim evimizi izlədiyini düşündüm. Çünki əsasən, gecələr Könülün başqa otaqda telefonla söhbət edərkən məni görməsinə işarə edən sözlər deyirdi.

Bir dəfə mən tez Könülün yanına getdim. Ondan kiminlə danışdığına baxmaq istədim. Könül heç kəslə danışmadığını, istifadə etdiyim narkotik vasitə və psixotrop maddələrin təsiri ilə qulağıma səslər gəldiyini mənə dedi. Bu səbəbdən ailədaxili soyuqluq getdikcə artmağa başladı. Biz tez-tez xırda mövzularla bağlı dalaşırdıq".

Ayaz qeyd edib ki, baş vermiş hadisədən təxminən 10 gün əvvəl atasıgilə gedib:

"Könül isə qızımla qaldı. Mən Könüllə danışmadım, yanına getmədim. Onunla qızımın yemək-içməyini və ehtiyacları olan başqa şeyləri atam alıb aparırdı.

Fevralın 3-də təxminən günorta saat 12 radələrində Könül mənə zəng etdi və qızım Əzizənin başına pis hadisə gəldiyini dedi, məni evə çağırdı. Kiminlə qarşılaşacağımı bilmədiyim üçün özümü və ailəmi qorumaq üçün hər ehtimala qarşı evdən iki mətbəx bıçağı götürdüm.

Könülün yaşadığı mənzilin qapısını döydüm. Qapı açılanda Əzizə qabağıma gəldi. Azyaşlı qızımı görəndə bıçaqları cibimdən çıxarıb bloka atdım. Onu qucağıma alanda kövrələrək ağladım. Daha sonra Könüldən nə baş verdiyini, Əzizənin başına nə hadisəsi gəldiyini soruşdum. Könül heç nə baş vermədiyini dedi". Ayazın ifadəsinə görə, belə olan halda Könüldən nə üçün Əzizənin başına pis hadisə gəldiyini deyib və onu oraya çağırdığını soruşub:

"Könül məni ümumiyyətlə ora çağırmadığını, yenə də narkotiklərin təsiri altında qarabasma gördüyümü dedi. Bunun üçün əsəbiləşdim. Arvadıma "mənimlə məzələnirsən?" dedim və ona şillə ilə başından zərbə vurdum. Əzizəni də götürdüm və atamgilə getdim.

Atam uşağın azyaşlı olduğuna görə anasından ayrılmasının düzgün olmadığını dedi. Həmin gün axşam qızımı Könülün yanına apardım".

Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra Könüllə danışmayıb, onun yanına getməyib:

"Fevralın 5-də saat 11:30-da Könüllə söhbət etmək üçün yaşadığı ünvana yollandım. Məqsədim Könüllə xəyanət mövzusunu aydınlaşdırmaq idi. Evə gedərkən üzərimdə bıçaq və ya başqa alət aparmamışam. Könülə zərər yetirmək niyyətim olmayıb. Sadəcə, onunla söhbət etmək istəmişəm. Könülün yaşadığı ünvana çatdım və mənzilin qapısını döydün. Qapını Könül açdı və mən içəri girdim. Əzizəni qucaqladım, Könülə dedim ki, niyə belə elədin? Könül mətbəxə keçdi və arxası mənə tərəf dayandı, ağlamağa başladı.

Mən Könülə həmin sualı verəndə xəyanətini nəzərdə tutmuşdum. Lakin Könül ağlayaraq "sən onsuz da..." cümləsini işlətdi. Mən onun cümlənin davamını gətirməsinə imkan vermədim. Sözünü yarımçıq qoydum. Çünki cümlənin əvvəlindən yenə məni günahlandıracağını, səhvini etiraf etməyəcəyini başa düşdüm. Əzizəni qucağımdan yerə qoydum. Bıçaqla Könülün qarın nahiyəsindən zərbə vurdum. Daha sonra zərbələri davam etdirdim. Sinə və qarın nahiyəsinə çoxsaylı zərbələr endirdim".

Ayaz qeyd edib ki, məqsədi Könülün xəyanətinə görə ondan qisas almaq olub:

"Vurduğum zərbələrin təsirindən Könül yerə yıxıldı. Daha sonra birtəhər gücünü topladı və ayağa qalxdı. Mətbəxin pəncərəsini açdı, qışqıraraq başqa şəxsləri köməyə çağırdı.

Arxadan Könülün kürək nahiyəsinə sayını dəqiq xatırlamadığım bıçaq zərbələri vurdum. Koftasından tutaraq geri çəkdim, pəncərəni örtdüm. Fürsətdən istifadə edən Könül əlimdən çıxdı və qapıya tərəf qaçdı.

Zərbə vurarkən bıçağın tiyəsi əyildi. Tiyəsi əyilmiş bıçaq əlimdə Könülün arxasınca qaçdım. Onu vurmağa davam etmək niyyətində idim. Könülə arxadan zərbə endirib-endirmədiyimi dəqiq xatırlamıram.

Könül qışqıra-qışqıra qapıya tərəf qaçdı, bloka çıxdı və qonşuları çağırdı. Əlimdə tiyəsi əyilmiş bıçaqla bloka çıxdım. Könülü blokda üzü üstə yerə yıxılmış vəziyyətdə gördüm. Əlimdəki tiyəsi əyilmiş bıçağı bloka atdım. Üzü üstə yerdə uzanmış vəziyyətdə olan Könülün kürəyindən bir təpik zərbəsi vurdum".

Ayaz bildirib ki, qışqırıq səsinə üzbəüz mənzildə yaşayan və bir mərtəbə yuxarıda qalan qonşular onların yanına gəliblər:

"Qonşular məni oradan uzaqlaşdırdıqları üçün liftə mindim və aşağı düşdüm. Könüllü Gəncə Şəhər Baş Polis İdarəsinə getdim, törətdiyim əməli etiraf etdim".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Könülün sözlərinə görə, evləndikdən bir müddət sonra ailədə əhəmiyyətsiz mövzularda mübahisələr baş verməyə başlayıb:

"Ayaz qarşılıqlı anlaşmağı bacarmayan, tez əsəbiləşərək özündən çıxan insandır, əsassız yerə məni hamıya qısqanırdı. Küçədə, marketdə tanımadığı kimsə mənə baxanda, qonşu, yaxud hansısa tanış mənimlə salamlaşdıqda aqressiv şəkildə bunun səbəbini soruşurdu. Verdiyim cavablara qane olmur, mənimlə mübahisə edirdi".

Könül qeyd edib ki, Ayaz heç yerdə işləməyib, ailənin dolanışığını qayınatası təmin edib:

"Qayınatam ona taksi fəaliyyəti ilə məşğul olması üçün avtomobil də aldı. Lakin Ayaz həmin vaxt da evə pul gətirmir, qazandığı pulun heç avtomobilin yanacaq xərcini ödəmədiyini deyirdi. Çünki mütəmadi olaraq narkotik vasitələr və psixotrop maddələr qəbul edirdi. Buna görə həm pullarını zərərli vərdişlərinə xərcləyir, həm də narkotiklərin təsiri altında əsəbi, halsız olur, tez-tez hallüsinasiyalara qapılırdı.

O, reallıqda mövcud olmayan adamlar gördüyünü, səslər eşitdiyini deyirdi. Məsələn, evdə oturduğumuz vaxt qəfil başqa otaqdan yanıma gəlir, telefonla kiminlə danışdığımı soruşurdu. Halbuki həmin vaxt heç kəslə danışmamışdım. Yaxud atası bizdə olmadığı halda gah atasının ayaq üstə dayanaraq bizə baxdığını, gah evdəki uşaq arabasının içində oturduğunu söyləyirdi.

Mən evdə özümüzdən başqa heç kəsin olmadığını bildirəndə: "Bəs mən dəliyəm? Olmayan şeylər uydururam?" - deyib mənimlə dalaşır, hallüsinasiya gördüyünü qəbul etmirdi.

Bu səbəblərdən ailədə mütəmadi baş verən mübahisələr artdı və aramızda ciddi soyuqluq yarandı. Amma biz yenə də ayrılmayıb birlikdə yaşamışıq".

Könül qeyd edib ki, Ayazın nevroloji durumu yerində deyilmiş:

"Narkotikin və psixotrop dərmanların təsiri altında son dərəcə aqressiv və gərgin olurdu. Gözünə tez-tez qarabasmalar görünür, öz düşüncəsində qurduğu əsassız qısqanclıq şübhələri ilə məni incidirdi.

Baş vermiş hadisədən bir neçə gün əvvəl Ayaz iki bıçaqla yaşadığım evə gəldi, daha sonra məni şiddətlə döyməsi səbəbindən ondan qorxdum. Artıq birlikdə yaşamağın mümkün olmayacağını dərk etdim və boşanmaq haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etdim.

Ayaz boşanma ərizəsi yazdığıma görə məndən qisas almaq üçün öldürmək istəyib. Çünki həmin gün evə daxil olduqdan sonra mənə "sən niyə belə elədin?" deyəndə boşanmaq üçün müraciət etdiyimi nəzərdə tutduğunu fikirləşdim.

Bundan başqa, hadisədən sonra xəstəxanada məni ziyarət edən qonşularının dediyinə görə, Ayaz həmin gün mənə çoxsaylı xəsarətlər yetirdikdən sonra qonşulara deyib ki, guya bu, məni məhkəmələrdə süründürmək istəyirdi, indi görsün, onun başına nə oyun açıram.

Ayaz yalan ifadə verib. Biz heç vaxt ayrılmamışıq, ayrı yaşamamışıq".

Zərərçəkmiş qeyd edib ki, Ayazdan xəbərsiz və icazəsiz "Instagram" sosial şəbəkəsində özünə istifadəçi hesabı açmayıb:

"Anam orada profillər açaraq qızım Əzizənin şəkillərini paylaşırdı. Ayaz bundan xəbər tutdu və məndən soruşanda məsələni eyni cür izah etdim. Hətta anam özü də Ayaza bu barədə izahat verdi.

"Eliw 45-38" istifadəçi adlı profil isə anamın qohumu Elmira adlı şəxsə məxsus idi. Anam Elmira ilə ümumi hal-əhval tuturdu. Həmin profillərlə heç kəslə danışmamışam, Ayaza heç vaxt bu və ya digər formada xəyanət etməmişəm. Elmar adlı qonşularımız ilə də münasibətlərimiz, sadəcə, qonşu kimi normal olub. Həmin şəxslərlə aramızda qətiyyən heç nə baş verməyib".

Zərərçəkmiş qeyd edib ki, Ayaz narkotik və psixotrop maddə istifadəçisi olub, hətta bir müddət narkoloji kabinetdə qeydiyyata düşmədən ev şəraitində narkomaniyadan müalicə də alıb:

"Dəfələrlə yaşadığı evdə narkotik dərmanları, həmçinin avtomobilində istifadə olunmuş şprislər görmüşəm. Ayaz tramadol atdığını qəbul etsə də, iynə vurduğunu etiraf etməyib. Maşındakı şprislərlə taksi fəaliyyəti göstərdiyi dövrdə tanıdığı bir müştərinin maşında özünə narkotik vasitə vurduğunu deyib. Mən isə nə üçün elə müştəriləri maşına mindirdiyini soruşanda Ayaz həmin müştərinin həmişə taksiyə minəndə çox pul verdiyini deyib. Buna inanmamışam.

Ayazın dedikləri yalandır, yaşadığımız evə videokamera yerləşdirilməsi söhbəti onun təxəyyülünün məhsuludur".

Könül deyib ki, hadisədən əvvəl Ayazla aralarında baş vermiş münaqişələr zamanı onu döyməsi və başqa formada zorakılıq hərəkətləri göstərməsi barədə hüquq-mühafizə orqanlarına heç vaxt müraciət etməyib.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Ayaz 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. / teleqraf.com

Tramp məhkəmə qarşısında  FOTO like
  • 04 Apr 23:37  
Dünya Tramp məhkəmə qarşısında FOTO

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Manhettendəki məhkəmədə hakim qar

arrow Ətraflı
Almaniya Ukraynadan üzr istədi: Utanc hissi keçiririk! like
  • 04 Apr 23:32  
Dünya Almaniya Ukraynadan üzr istədi: Utanc hissi keçiririk!

Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek ölkəsinin Ukr

arrow Ətraflı
Mustafa Tayatla arvadı üzüzə  Bakıda 300 minlik ev davası like
  • 04 Apr 23:27  
Digərləri Mustafa Tayatla arvadı üzüzə Bakıda 300 minlik ev davası

Azərbaycanda tanınmış geyim mağazalarının sahibi Mustafa Tayatla həyat y

arrow Ətraflı
"Azərbaycanın minalardan təmizləmədə təcrübəsi dünyada nümunədir" like
  • 04 Apr 23:22  
Siyasət "Azərbaycanın minalardan təmizləmədə təcrübəsi dünyada nümunədir"

Ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycanın təcrübəsi

arrow Ətraflı
Vilayət Hacıyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq like
  • 04 Apr 23:16  
Digərləri Vilayət Hacıyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Görkəmli tərcüməçi, filoloq Vilayət Hacıyev sabah "Qurd qapısı&qu

arrow Ətraflı
“Ağ Ev Trampın həbsi ilə bağlı mümkün iğtişaşlara hazırdır” like
  • 04 Apr 23:11  
Dünya “Ağ Ev Trampın həbsi ilə bağlı mümkün iğtişaşlara hazırdır”

ABŞ hakimiyyəti keçmiş prezident Donald Trampın həbsi ilə bağlı mümkü

arrow Ətraflı
Şok bəyanat: Tatarskini biz öldürmüşük! like
  • 04 Apr 23:05  
Dünya Şok bəyanat: Tatarskini biz öldürmüşük!

Rusiyalı hərbi müxbir Vladlen Tatarskinin qətlinə görə məsuliyyəti &quo

arrow Ətraflı
Avropa Parlamentində növbəti korrupsiya qalmaqalı like
  • 04 Apr 22:55  
Dünya Avropa Parlamentində növbəti korrupsiya qalmaqalı

Belçika polisi və alman müstəntiqləri Almaniyada başladılan istintaq çə

arrow Ətraflı
“İnana bilmirəm” like
  • 04 Apr 22:50  
Dünya “İnana bilmirəm”

"Amerikada bunun baş verdiyinə inana bilmirəm".

arrow Ətraflı
Fazil Mustafaya hücumla bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib like
  • 04 Apr 22:44  
Kriminal Fazil Mustafaya hücumla bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

Deputat Fazil Mustafaya qarşı törədilmiş sui-qəsdlə bağlı saxlanılan �

arrow Ətraflı
Molla rejimi qızlardan belə QİSAS alır like
  • 04 Apr 22:38  
Dünya Molla rejimi qızlardan belə QİSAS alır

İranda şagird və tələbələrin müəmmalı zəhərlənməsi davam edir.

arrow Ətraflı
Ermənilər Rusiyanın bütün gücünü hiss edəcək  Mixaylov like
  • 04 Apr 22:26  
Dünya Ermənilər Rusiyanın bütün gücünü hiss edəcək Mixaylov

Ermənistanın Rusiyaya qarşı son hərəkətləri arxadan vurulan kiçik, anca

arrow Ətraflı
İnsan niyə gecikir? like
  • 04 Apr 22:21  
Digərləri İnsan niyə gecikir?

Yəqin ki, hər bir insanın görüşlərə daima gecikən tanışları, qohumla

arrow Ətraflı
Bu müğənni də dələduzluqla üzləşdi like
  • 04 Apr 22:15  
Şou-biznes Bu müğənni də dələduzluqla üzləşdi

Müğənni Aynur Dadaşovanın adı dəvət olunmadığı restoranların birinin

arrow Ətraflı