Rusiyadan yeni həmlə: Moskva Xəzərdən qaz kəməri çəkilməsinə qarşı çıxdı
Siyasət 01 Mar 2023 08:53:00 292 0
Moskva Türkiyədə qaz habını yalnız öz nəzarətində görür
Bu xəbəri də oxu: İlham Əliyev Surinam Prezidentinə təbrik məktubu ünvanlayıb
Ukraynaya hücumundan sonra Avropaya ən böyük təsir rıçağını - enerji təminatındakı dominant rolunu tamamilə itirmək üzrə olan Rusiya öz məhsuluna bazar tapmaq üçün çabalar göstərməkdədir. Son.az musavat.com-a istinadən bildirir ki, belə çabalardan biri də Türkiyədə qaz habının yaradılmasıdır. Rusiya Prezidenti Vladimir Putin habın yaradılması təklifi ilə çıxış edəndə təəccüblə qarşılandı. Sual meydana çıxdı ki, Rusiya hansı səbəbdən təbii qaz kimi strateji məhsulunun satışını Türkiyənin ərazisində yaradılan və Ankaranın nəzarətində olan mərkəzə həvalə etmək istəyir? Axı bu, Türkiyənin nəinki regional, hətta beynəlxalq enerji bazarında mövqeyinin çox kəskin güclənməsi demək olacaq...
Putinin "səxavətli" təşəbbüskarlığından zaman keçdikcə, aydın oldu ki, o, Türkiyədə özünün qaz habını yaratmaq istəyir. Elə bir mərkəz ki, bütün rıçaqlar Rusiyanın əlində olsun, bütün önəmli qərarlar Moskvadan verilsin, Ankaranın hər hansı söz sahibi olmasına imkan verilməsin...
Məlumdur ki, Türkiyə öz ərazisində qaz habının yaradılması ideyasını aktiv dəstəklədi. Təsadüfi deyil, çünki Ankaranın belə planı uzun illər əvvəldən var və ləng də olsa, icrası üçün addımlar atır: Azərbaycan qazını dünya bazarına çıxaran kəmərlər çəkilib, İsraildən kəmərin çəkilməsi prosesi yenidən aktivləşdirilir, Türkiyə ərazisində qaz anbarlarının tutumu sürətlə genişləndirilir, nəhayət, ölkə Qara dənizdən öz qazının hasilatını yoluna qoymaq üzrədir.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistan qazının da həmin habda satılması üçün bir sıra addımlar atdı: Türkmənistana səfər etdi, Azərbaycan və Türkmənistan prezidentləri ilə üçlü görüşlər təşkil olundu. Məhz həmin görüşdə Ərdoğan türkmən qazının Xəzər üzərindən Azərbaycana, oradan isə Türkiyə ərazisinə çatdırılması istiqamətində fəaliyyətlərin gücləndirilməsi təşəbbüsü ilə çıxış etdi.
Son aylarda baş verən proseslər göstərdi ki, Rusiya öz qazını Avropaya satmaq planlarından əl çəkməyib. Moskva Türkiyədəki mərkəzdə öz qazından başqa məhsul görmək istəmir və mümkün qədər ora çıxacaq fərqli ölkə məhsullarının həcminin az olmasına nail olmağa çalışır. Bu baxımdan, nəzərlər Rusiya qazının yaratdığı boşluğu artıqlaması ilə doldurmağa qadir olan tək ölkəyə - Türkmənistana yönəldi. Bir vaxtlar bu ölkədən qaz alışına dair öhdəliklərindən geri çəkilib, ciddi sosial-iqtisadi problemlər yaradan Moskvaya Aşqabadın könlünü almaq çətin olmadı. 2022-ci ilin yazından sonunadək Rusiyanın qaz nəhəngi olan "Qazprom"un rəhbəri Aleksey Miller 6 dəfə Aşqabada gedərək, bir sıra cüzi güzəştlər təklif etməklə Türkmənistan rəhbərliyini yenidən Rusiyanın təsir dairəsinə qaytarmağa nail oldu.
Fevralın 15-də yenidən Aşqabada gedən Aleksey Millerin Türkmənistan rəhbərliyinə ölkəsinin Transxəzər layihəsinin reallaşmasına imkan verməyəcəyini açıq mətnlə çatdırdığı deyilir. Bu barədə AzadlıqRadiosu öz mənbələrinə istinadən xəbər yayıb. Bildirilir ki, əvəzində Rusiya türkmən qazının İran üzərindən Türkiyəyə çatdırılmasına dəstək vəd edir. Bu marşrutla Türkmənistan ildə 5 milyard kubmetr qazı Türkiyəyə, oradan isə Avropaya çatdırmaq imkanı əldə edə bilər. Halbuki Transxəzər kəməri ilə bu həcm 30 milyard kubmetr nəzərdə tutulub...
Hazırda Türkmənistan Çinə qaz satışını artırmaq üçün mövcud Türkmənistan-Özbəkistan-Qazaxıstan-Çin boru xətti şəbəkəsində dördüncü kəmərin çəkilişi ilə məşğuldur. Bununla bağlı razılıq 2022-ci ilin fevralında əldə olunub. Çin Gömrük Komitəsinin məlumatına əsasən, 2022-ci ildə Türkmənistan Çinə qaz ixracını 51 faiz artırmaqla 10 milyard 250 milyon dollarlıq satış həyata keçirib və Pekinə boru qazı satan ölkələr arasında birinci olub. Müqayisə üçün bildirək ki, ikinci yerdə qərarlaşan və Çinə satışı 2,63 dəfə artıran Rusiya Pekinə 3,68 milyard dollarlıq qaz satıb. 2021-ci ildə Türkmənistan Çinə 34 milyard kubmetr qaz nəql etmişdi. Dördüncü xəttin çəkilməsi ilə illik nəqlin həcmi 65 milyard kubmetrə çatacaq.
Türkmənistan həmçinin TAPI layihəsinin icrasına çalışır - bu kəmərlə qazını Əfqanıstan üzərindən Pakistan və Hindistana da satmaq imkanı əldə edə bilər. Son vaxtlar layihəyə Rusiya da maraq göstərir. Lakin 8 ildən yuxarıdır razılıq əldə olunan və çoxmilyardlı investisiya tələb edən layihəyə heç kim maliyyə ayırmaq təşəbbüsü ilə çıxış etmir.
Türkmənistan rəhbərliyinin davranışlarına nəzər yetirsək, görərik ki, onlar hansısa layihənin maliyyələşdiricisi olmaq istəmirlər. Ölkədən Çinə çəkilən 3 boru xəttindən ibarət şəbəkəni Çin maliyyələşdirib, sonradan 8-10 il müddətində aldığı qazın pulundan çıxıb xərcini. Dördüncü boru xətti ilə bağlı da eyni maliyyələşmə prinsipi tətbiq olunub.
Məlumdur ki, Çin heç də ədalətli alıcı deyil və Türkmənistan qazını çox aşağı qiymətə alır. Bu baxımdan, Aşqabad satış bazarlarının diversifikasiyasında maraqlıdır. Lakin onlar bu zaman təşəbbüskar, yaxud maliyyələşdirici olmamağa üstünlük verirlər. Transxəzər layihəsində də Aşqabad eyni siyasəti sərgiləyir: Avropa İttifaqının maliyyələşməni, yaxud investorları tapmağı öz üzərinə götürməsini, həmçinin azı 30 illik alış müqaviləsi imzalanmasını tələb edir. Bu ilin yanvarında "Fitch Reytings" beynəlxalq reytinq agentliyi Transxəzər layihəsi qarşısında ciddi problemlərin olduğunu bildirib. Agentliyin saytında yerləşdirilən materialda qeyd olunurdu ki, kəmərin Avropaya daşıyacağı qaza alıcı tapmaq ciddi problemlərdən biridir. Belə ki, ucuz Rusiya qazı, həmçinin maye qaz idxalının yoluna qoyulması Avropada Türkmənistandan gələcək bahalı qaza alıcı tapmağı müşkülə çevirə bilər. Böyük kapital tutumlu olacaq layihənin icrası üçün daimi alıcıların olması çox vacib şərtdir: "Belə alıcıları tapmaq problemli ola bilər, çünki Avropa İttifaqı öz enerji balansını karbonsuzlaşdırmaq səylərini sürətləndirir və bölgədə karbonun qiyməti artmaqda davam edir".
Avropa İttifaqı Türkmənistandan kəmərin çəkilməsini istəsə də, Aşqabadın tələb etdiyi şərtləri təmin etmək niyyətində deyil. Aİ artıq qısa və ortamüddətli dövr üçün qaz təminatında Rusiya asılılığından qurtulmuş vəziyyətdədir. Yaxın illərdə Afrikadan, Aralıq dənizi sahillərindən, Azərbaycandan bölgəyə boru qazının idxalını artıracaq, həmçinin maye qazın qəbulu terminallarının sayını çoxaldan layihələr icra olunmaqdadır. Belə bir şəraitdə Türkmənistandan baha başa gələcək qazı uzunmüddətli müqavilə ilə almaqda qətiyyən maraqlı deyil.
Türkmənistandan çəkiləcək kəmərin Azərbaycandan keçməsi nəzərdə tutulduğuna görə bir sıra qüvvələr Bakının bu layihənin maliyyələşməsində iştirak etməsini gözləyirlər. Lakin Prezident İlham Əliyev Azərbaycanın belə planının olmadığını açıq şəkildə bəyan edir. Yanvar ayında yerli TV-lərə müsahibəsi zamanı o, bir daha bu mövqeyi açıqlayıb: "Burada bu layihənin icrası üçün bir neçə əsas məsələ var, onlardan biri bu layihəni kimin maliyyələşdirəcəyidir. Çünki bizim layihələrə gəldikdə, istər Bakı-Tiflis-Ceyhan olsun, istər Cənub Qaz Dəhlizi, burada hər şey aydın idi. Azərbaycan liderliyi öz üzərinə götürmüşdür, ölkələrdən və şirkətlərdən ibarət komanda şəklində bir qrup yaratmışdır, beynəlxalq maliyyə qurumlarını cəlb etmişdir. Transxəzər layihəsi ilə bağlı hələ ki, aydınlıq yoxdur. Yəni kim bu layihəni irəliyə aparacaq, bunun maliyyə tutumu nədən ibarət olacaq. Bunu hesablamaq üçün texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bunu hazırlamaq üçün gərək şirkətlər cəlb edilsin. Yəni bu, bir gündə, bir il ərzində həll olunan məsələlər deyil. Əgər bu gün bu layihəyə start verilsə, bir neçə il ərzində, sadəcə olaraq, araşdırmalar aparılmalıdır - geoloji araşdırmalar, ekoloji araşdırmalar, texniki imkanlar, maliyyə tutumu - bütün bunlar açıq suallardır. Mən hesab edirəm ki, bu suallara cavab vermədən Transxəzər layihəsi haqqında danışmaq yersizdir. Biz ölkə olaraq həmişə bu layihəni dəstəkləmişik və mən bunu bir neçə dəfə açıq bəyan etmişəm ki, bəli, əgər bizə müraciət olarsa, biz öz imkanlarımızı təqdim etməyə, mövcud infrastrukturumuzu və digər lazımi məsələləri həll etməyə hazırıq. Amma biz bu layihənin təşəbbüskarı ola bilmərik, çünki bu, bizim qazımız deyil".
Azərbaycan Prezidenti birmənalı şəkildə ölkəmizin layihənin maliyyələşməsində iştirak etmək niyyətində olmadığını açıqlayıb: "Tutaq ki, Transxəzər qaz kəməri inşa edildi, Azərbaycan sahilinə qədər gətirildi, ondan sonra nə olacaq? Hansı yollarla Avropa istiqamətinə göndəriləcək? TANAP-la? Yəni TANAP-ın bu gün cəmi 16 milyard kubmetr buraxılış imkanı var. Onun da demək olar ki, hamısını indi Azərbaycan qazı ilə biz təmin etmişik. TANAP-ın imkanlarının iki dəfəyədək genişləndirilməsi yenə də Azərbaycan qazına bağlıdır. Çünki biz növbəti 5-6 il ərzində, əgər hər şey plan üzrə gedərsə, minimum 10 milyard kubmetr əlavə qaz hasil edə bilərik. Əlbəttə ki, bunun yeganə yolu TANAP və ondan sonra dediyim kimi, interkonnektorlar vasitəsilə. Yəni Azərbaycan ərazisindən sonra nə olacaq? Yəni Azərbaycan ərazisində yeni kəmərmi tikiləcək? Ola bilər. Kim bunu tikəcək? Ona görə bunlar hamısı açıq suallardır. Transxəzər qaz kəməri mövzusu uzun illərdir ki, siyasiləşdirilir. Mən bunun əleyhinəyəm. Çünki mən həmişə real layihələr üzərində işin aparılmasının tərəfdarı olmuşam. Bütün bu suallara cavab veriləndən sonra əlbəttə ki, bu layihə həyata keçirilə bilər. Çünki prinsip etibarilə mən hesab edirəm ki, bu layihə iqtisadi cəhətdən səmərəli ola bilər, amma texniki-iqtisadi əsaslandırma gərəkdir, əlbəttə, bu təsdiqlənməlidir. Qazın sahibi istehlakçılarla kontraktlar imzalamalıdır, hansı qiymətə satılacaq. Çünki məsafə nə qədər uzun olsa, bir o qədər də xərclər artır. Amma yenə də biz həmişə bu layihəyə siyasi dəstək vermişik. Əgər bizə bu layihə ilə bağlı müraciət olunarsa, əlimizdən gələni edəcəyik ki, kömək göstərək".
Ağ Ev rəhbəri Co Bayden ABŞ üçün təhlükə yaradır.
Süni intellektlə hazırlanmış ilk yeni növ koronavirus (COVID-19) dərmanı
Avropa Birliyi Serbiyanı Kosova planından imtina edəcəyi təqdirdə təcride
Rusiyanın Ufa şəhərində dini fanat olan mədrəsə müəllimi oğlan uşaql
Çeçenistan lideri Ramzan Kadırovun keçmiş müşaviri, "kölgə bankiri
"Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun yeni
Rusiyanın Krasnodar diyarında yerləşən Yeysk aerodromunda güclü partlayı
Ukraynanın paytaxtı Kiyevdə, Dnepr çayının sol sahilində güclü partlay�
Alimlər müəyyən ediblər ki, müntəzəm aspirin istifadəsi xərçəngə tu
Trend BİA-nın BMT Baş Assambleyasının sədri Çaboy Kereşi ilə Qoşulmama
Rusiya hərbçiləri Xerson vilayətinin zəbt olunmuş hissəsində talançıl�
Ukrayna Nazirlər Kabineti fevralın 28-də Rusiya Federasiyası ilə dövlət s
"Samvel Babayan müstəqil oyunçudur, onu hakimiyyət maraqlandırır. Bun