Paşinyanla Mirzoyanın imitasiya oyunları: sülh əvəzinə silahlanma
Siyasət 16 Apr 2025 12:35:00 82 0
Diplomatiyada, teatrda olduğu kimi, təkcə deyilən sözlər deyil, onların necə səsləndirilməsi də yetərincə önəmlidir. Son həftələrdə Ermənistanın baş naziri Nikol Paşinyanın və xarici işlər naziri Ararat Mirzoyanın çıxışlarında ciddi səhnələşdirilmiş bəsit tamaşanın şahidi oluruq - iddialı, çoxqatlı və bünövrəsindən saxta bir tamaşacığın. "Sülh", "bəndlərin razılaşdırılması" və "sülh müqaviləsi ilə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son verilməsi qərarının eyni vaxtda imzalanması" kimi dolaşıq ifadələrin arxasında vəziyyətin tənzimləməsinə canatma deyil, prosesi uzatmağa hesablanmış primitiv oyun gizlənir. Bu oyun sadəcə Ermənistan-Azərbaycan trekindəki danışıqlar prosesi üçün yox, bütün Cənubi Qafqazın təhlükəsizlik sistemi üçün çox təhlükəlidir.
Bu xəbəri də oxu: Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib
Saxta tamaşanın son pərdəsi Antalyada nümayiş olundu.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan diplomatik forumda Ceyhun Bayramov və Maka Botçorişvili ilə yanaşı oturarkən bəyan etdi ki, İrəvan "sülh sazişi ilə eyni vaxtda ATƏT-in Minsk qrupunun buraxılmasına" hazırdır. Bu bəyanat ilk baxışdan konstruktiv yanaşma kimi səslənə bilərdi. Fəqət artıq növbəti abzasda Mirzoyan manipulyativ tezis irəli sürür: "Sazişin mətni üzrə razılıq əldə edilən kimi Azərbaycan şərtlər irəli sürməyə başladı".
Məfhumların təhrif edilməsi göz qabağındadır. Bakı üçün ilk gündən aydın olan məsələ - Minsk qrupu kimi köhnəlmiş və zərərli formatların ləğv edilmədən, Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarılmadan tammiqyaslı sülh mümkün deyil. Bu məntiqi və çoxdan bəri səslənən tələbləri İrəvan indi "yeni" şərtlər kimi təqdim olunur. İrəvan elə bir narrativ qurmağa çalışır ki, guya Azərbaycan mövqeyini dəyişib və artıq razılaşdırılmış mətnə sabotaj edir. Bu diplomatiya deyil. Bu - kvazidiplomatik fırıldaqçılıqdır.
Nikol Paşinyan da bu ritorikaya qoşulanda, bu ikrah doğuran oyun daha da ciddiləşir. O, parlamentdə bəyan edir ki, Ermənistan Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı məntiqini "anlayır" və hətta dəstəkləyir... amma "yalnız o halda ki, bu buraxılış və sülh sazişi eyni vaxtda imzalansın". Bu formulu Paşinyan öz aləmində guya məharətlə qurulub: guya İrəvan qorxur ki, Bakı "münaqişəni Ermənistan ərazisinə daşıya bilər".
Absurd və marazmdır: səmərəsizliyi və gərəksizliyi sübut olunmuş bir qrupun ləğvi münaqişənin yayılmasına necə səbəb ola bilər? Cavab aydındır: heç bir şəkildə. Amma Paşinyan, bəlkə də ilk dəfədir ki, bu qədər açıq danışır - Ermənistan üçün Minsk Qrupunun saxlanması Azərbaycan daxilində "münaqişə gündəliyi"nin saxlanması deməkdir. Qrupun ləğvi isə münaqişənin başa çatdığını tanımaq deməkdir. İrəvan isə məhz bundan canını qorumağa çalışır.
Tamaşanın ikinci pərdəsi - Ermənistan Konstitusiyasını təmizə çıxarmaq və məsuliyyəti Azərbaycanın üzərinə yönəltmək cəhdidir. Mirzoyan və Paşinyan həmrəy şəkildə iddia edirlər ki, Ermənistanın əsas qanununda Azərbaycana qarşı "heç bir iddia yoxdur". Üstəlik, iddia edirlər ki, guya təhlükə daşıyan məhz Azərbaycanın Konstitusiyasıdır. Yəni "biz Bakının konstitusiyasına dəyişiklik tələb etmirik - siz də bizdən tələb etməyin".
Halbuki belə ritorika sadəcə, uşaq cığallığı təsiri bağışlayır. A.Mirzoyan delimitasiya ilə bağlı Ermənistan Konstitusiya Məhkəməsinin qərarına istinad edir və guya həmin qərar "ərazi iddialarının olmadığını təsdiqləyib". Halbuki reallıqda Ermənistan Konstitusiyanın preambulasında "ermənilərin birliyi", "Ermənistan SSR-in mirası" kimi anlayışlara açıq istinadlar yer alır - və bu anlayışlar hüquqi təhlildə Azərbaycanın ərazi bütövlüyünün tanınması prinsipi ilə heç bir şəkildə uzlaşmır.
Daha önəmlisi: beynəlxalq hüquq açıq şəkildə bildirir ki, konstitusion müddəalar xüsusi islahat aparılmadıqca beynəlxalq müqavilələrdən üstün sayılır. Bu, o deməkdir ki, Paşinyan sülh sazişinə imza atsa belə, həmin sənəd Ermənistan konstitusiyasındakı müddəalarla ziddiyyət təşkil etməyə davam edəcək. Yəni bu - tələ, gələcək üçün hüquqi boşluq saxlamaq məqsədilə hazırlanmış maskalanmış cəhddir.
İrəvan münaqişənin mahiyyətini tanımaqdan imtina edir. Bunu nə xəritələr üzərində mübahisə, nə də delimitasiya adlı texniki proses kimi deyil, demək olar ki, otuz il davam edən işğal aktı kimi qəbul etmək istəmir. Bu işğal dağıntılarla, talanla, yüz minlərlə insanın qovulması ilə müşayiət olunub. Ermənistan rəhbərliyinin son bəyanatlarının heç birində bu günahın tanınmasına dair bir işarə belə yoxdur. Əksinə - bu bəyanatlarda günahkarın olmadığını göstərməyə yönəlmiş inadkar cəhd hiss olunur. Guya hər iki tərəf "eyni dərəcədə" iştirak edib. Guya aqressor olmayıb. Məhz bu yanaşma - əsas etimadsızlıq mənbəyidir.
Azərbaycan mümkünsüzü tələb etmir. Heç bir təzminat istəmir, açıq-aşkar tövbə də tələb etmir. Rəsmi Bakı ən azı faktlara hörmət və prinsiplərə əməl olunmasını tələb edir - çünki məhz bu prinsiplər olmadan heç bir sülh sazişi mənalı deyil. Minsk Qrupu ləğv olunmadan və Ermənistan Konstitusiyası islah edilmədən heç bir sənəd yekun razılaşma kimi qəbul olunmayacaq. Bakı illüziya və ikibaşlılıqlar üzərində qurulmuş razılaşmanın tərəfi olmayacaq.
Sadaladığımız məqamlarla bahəm, Nikol Paşinyanın və komandasının Avropanın bəzi ölkələrindən alınmış təlimatlarla, həmin ölkələrin bölgmizlə bağlı yürtüdüyü siyasətin konturları ilə sıx koordinasiya edilmiş fəaliyyətidir.
Mirzoyan və Paşinyanın açıqlamaları bəzi Qərb siyasətçiləri və beynəlxalq təşkilat nümayəndələrinin ritorikası ilə heyrətamiz dərəcədə üst-üstə düşür. Onlar İrəvanı "Şərq avtoritarizminə qarşı kiçik, amma mədəni müttəfiq" kimi qəbul etməyə vərdiş ediblər. Xüsusilə də Ermənistanı bölgənin "ilk xristian dövləti" kimi romantikləşdirməyə davam edən dairələr onu fəal şəkildə sığortalayır. Bu isə münaqişə mənzərəsini bilərəkdən təhrif edir, hüquqi yox, ideoloji kontekst yaradır.
"Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsini niyə tələb etdiyini anlamaq olmur" məzmunlu tezislər Qərb mediasında və "müstəqil" analitiklərdən mütəmadi olaraq səslənir. Bu tezislər spontan şəkildə yaranmır - onlar Ermənistanın "sülhə hazır tərəf", Azərbaycanın isə guya "yeni tələblər irəli sürən tərəf" kimi təqdim olunduğu diqqətlə qurulmuş narrativin bir hissəsidir.
Halbuki həqiqət tam əksinədir. Bakı İkinci Qarabağ müharibəsindən dərhal sonra öz şərtlərini açıq şəkildə elan edib və bunlar "qabaqcıl şərt" deyil, sülhün geridönməzliyinə zəmanət verən prinsiplərdir. Onlar sadədir: ərazi bütövlüyünün hüquqi şəkildə tanınması, revizionist potensialların (ilk növbədə - Ermənistan konstitusiyasındakı müddəaların) aradan qaldırılması və Minsk qrupu da daxil olmaqla, bütün köhnəlmiş formatlardan imtina.
Bəs İrəvan nə edir? Bu şərtləri təkzib etmir - sadəcə elə göstərir ki, guya bu şərtlər son anda, qəfil ortaya çıxıb. Bu isə diplomatik mimikriyadır - Avropa institutlarının qısa yaddaşına və Qərb mediasının mürəkkəb münaqişələri sadə nağıllara endirməyə meyilliliyinə hesablanmış bir yanaşma: "sülh istəyən yaxşı tərəf" və "ambisiyalarını doyura bilməyən qəddar qonşu".
Bu gün Ermənistanın davranışında ən təhlükəli cəhət - sülhü razılaşma ritualları ilə əvəzləməsidir. Sadəcə sənəd imzalamaq, sonra isə daxili hüquqa istinad edərək həmin sənədin icrasını bloklamaq. Problemi hüquqi dekorasiyaya bürümək, amma onun mahiyyətinə toxunmamaq. Və ən əsası - bunu beynəlxalq ictimaiyyətə "münaqişənin sonu" kimi satmaq. Belə yanaşma təkcə yalançı deyil, həm də strateji baxımdan dağıdıcıdır.
Tarix sübut edir ki, şərtlərlə və boşluqlarla imzalanmış saxta razılaşmalar müharibənin sonu yox, sadəcə onun növbəti mərhələsi olur. 90-cı illərin Balkanları, Yaxın Şərqdəki "sülh prosesləri", Ukraynadakı Minsk sazişləri - bunların hamısı sübut edir ki, sülhə hazırlıq adı ilə revanşa zəmin yaratmaq mümkündür.
Azərbaycan bu tələyə düşmək istəmir. Ona görə də rəmzlər yox, məğz tələb edir. "Eyni vaxtda imzalar" yox, məntiqli ardıcıllıq tələb edir: əvvəl risk faktorlarının aradan qaldırılması, sonra - saziş. Əvvəl münaqişə memarlığının sökülməsi, sonra - sülhün qurulması.
Beynəlxalq vasitəçilər, müşahidəçilər, ekspertlər və siyasətçilər üçün başa düşülməli olan budur: Ermənistanla Azərbaycan arasında sülh yoxdur, əgər İrəvanda bu sülhü potensial olaraq pozmağa imkan verən hüquqi və siyasi mexanizmlər saxlanılırsa. Sülh - bu, sənədin altına atılmış imza və ya mətbuat konfransında təbəssüm deyil. Bu, hər şeydən əvvəl gələcək müharibə üçün hüquqi, institusional və ideoloji zəminin tamamilə sökülməsidir.
Əgər Ermənistan hakimiyyəti "artıq ərazi iddialarımız yoxdur" deyir, amma bunu konstitusiyadan çıxarmaq üçün heç nə etmirsə - bu, sülhməramlılıq deyil. Bu - ikiüzlülükdür. Əgər onlar Minsk qrupunun ləğvindən danışır, amma bunu heç bir əlaqəsi olmayan digər şərtlərə bağlayırlarsa - bu, kompromis deyil. Bu - manipulyasiyadır. Əgər onlar Bakının mövqeyini "yeni tələblər" kimi yozurlarsa - bu, diplomatiya deyil. Bu - adi saxtakarlıqdır.
Həqiqi sülh cəsarət tələb edir. Bu halda isə - aydın olanı etiraf etmək cəsarəti: bu münaqişənin tarixi iki bərabər mövqeyin yox, işğalın, dağıntıların və ədalətsizliyin tarixidir. Və bu ədalətsizlik yalnız ritorika ilə deyil, əməli addımlarla düzəldilməlidir. Məhz Ermənistan bu yolun açılması üçün mənəvi və hüquqi məsuliyyət daşıyır.
Hərgah İrəvan yenə də eyni rolu canlandırmağa davam edəcəksə - yəni özünü eyni anda həm qurban, həm vasitəçi, həm də hakim kimi göstərməyə çalışacaqsa - o zaman regionun təhlükəsizlik sistemində bərabərhüquqlu və məsuliyyətli aktor kimi tanınmaq şansını birdəfəlik itirə bilər. Cənubi Qafqaz sürətlə dəyişir. Bu, birbaşa, praqmatik və beynəlxalq hesabatlılıq dövrüdür. Artıq miflərin və ritualların arxasında gizlənmək, "sülh" deyib arxada bıçaq saxlamaq mümkün deyil.
Sülh - həmişə səmimiyyət üçün testdir. Və bu testdə Ermənistanın aldığı qiymətlər getdikcə daha da aşağı düşür.
İrəvan hələ də yayınmağa davam etdiyi bir vaxtda, Bakı olduqca aydın danışır: köhnə təhdidlər aradan qaldırılmadan münasibətlərdə yeni mərhələyə keçid mümkün deyil. Əgər Ermənistan bu təhdidlərdən könüllü şəkildə imtina edə bilmirsə, deməli, o, sülhə hazır deyil. Sadə və aydın.
Çünki diplomatik dildə bu belə səslənir: oyunda qalmaq istəyirsənsə - qaydalarla oyna. Əks halda təəccüblənmə ki, meydan yenidən alova qərq olur.
Nikol Paşinyan, yəqin ki, öz sevimli oyununu bir daha oynaya biləcəyinə inanır: Qərbdə bir söz demək, ölkədə başqasını, kuluarlarda isə tamamilə fərqli mövqe sərgiləmək. Amma belə oyunların vaxtı bitmək üzrədir. Hər yanlış addımın onlarla insanın həyatına və növbəti gərginliyə səbəb ola biləcəyi bir regionda imitasiya diplomatiyasının artıq heç bir dəyəri yoxdur.
Ermənistan dönüş nöqtəsindədir. Ya o, real sülhə doğru addım atacaq - şərtsiz, Minsk qrupu kimi köhnəlmiş manipulyatorlarsız, konstitusiyasında imperiya illüziyalarının qalıqları olmayan bir sülhə doğru, - ya da keçmişi qəbul etməyə qadir olmayan bir dövlət kimi qalacaq və bu keçmişi yenidən yaşamağa məhkum olacaq.
Top - həqiqətən də Ermənistan tərəfindədir.
Amma əgər o top yalnız daxili debatların içində dairə vurmaqda davam edəcəksə, nə oyundan, nə də sülhdən danışmağa dəyməz.
Zira siyasətdə də, idmanda da: topa zərbə vurmayanda sən sadəcə statistik olursan.
Elçin Alıoğlu Son.az
Xəbərə aid video
Bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa

Təbii olaraq siyasi əlaqələr inkişaf edir, yüksəksəviyyəli təmaslar m�

Aprelin 16-da ulduz falı qaçılmaz dəyişiklikləri qəbul etməyə çağır�

Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Klasterləşmə təşəbbüsü olan sahibkarlar bir sıra vergi güzəştlərind

Abşeron rayon Masazır qəsəbəsində Qurtuluş 93 ünvanının həyətində y

Gələn il üçün proqnozlaşdırılan sosial müdafiə və sosial təminat xə

İstanbulda qadınların yumurta hüceyrələri toplanaraq ABŞ-dəki süni maya

Bu gün Bakıda yağan güclü yağış nəticəsində şəhərin müxtəlif ər

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkə oarlamentində emosional ç

Vətəndaşların ən çox üzləşdiyi məsələlərdən biri də əlilliyin t�

ABŞ-nin Kaliforniya ştatında evsiz kişi içki dükanından aldığı loterey
