ABŞ azərbaycanlı tələbələr üçün ən cəlbedici istiqamətlərdən biri olaraq qalmaqdadır Huqo Gevara


Digərləri 17 May 2025 12:45:00 57 0

ABŞ azərbaycanlı tələbələr üçün ən cəlbedici istiqamətlərdən biri olaraq qalmaqdadır  Huqo Gevara

ABŞ azərbaycanlı tələbələr üçün ən cəlbedici istiqamətlərdən biri olaraq qalmaqdadır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Huqo Gevara Bakıda keçirilən "EducationUSA" təhsil sərgisində çıxışı zamanı bildirib.

"ABŞ - ali təhsil almağa can atan azərbaycanlı tələbələr arasında ən cəlb edici istiqamətlərdən biri olub və hal-hazırda qalmaqdadır da. Son illər ABŞ-də oxuyan azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artıb", -deyə o bildirib.

Gevaranın sözlərinə görə, 2023-2024 tədris ilində ABŞ-da Azərbaycandan olan 1130 tələbə təhsil alıb. Bu əvvəlki illə müqayisədə 25,4% çoxdur.

"Artıq ardıcıl 4-cü ildir ki, bu cür əhəmiyyətli artım müşahidə olunur. Bu rəqəmlər Amerika təhsilinin keyfiyyətinə olan artan marağın və etibarın təzahürüdür", - deyə o qeyd edib.

Diplomatın sözlərinə görə, azərbaycanlı tələbələr ABŞ-də təhsil alanda onlar təkcə ali təhsil almırlar, eyni zamanda ölkənin mədəniyyət səfirlərinə çevrilirlər, yeni dostluq əlaqələri qururlar, vətənə gələcəkdə Azərbaycan üçün faydalı ola biləcək yeni ideyalarla qayıdırlar.

"Və onlar bu məsələdə tək deyillər - əksər tələbələr ABŞ universitetlərini ona görə seçirlər ki, Amerika təhsil sahəsində dünya lideri olaraq qalmaqdadır. ABŞ-da dünyanın ən yaxşı ali təhsil ocaqlarından biri yerləşir, habelə çoxsaylı təqaüd proqramları, o cümlədən ayrı-ayrı təhsil müəssisələri tərəfindən verilən və ya müxtəlif idman növləri üzrə verilən təqaüdlərin olduğu təqaüd proqramları var", -deyə Gevara bildirib.

Diplomat qeyd edib ki, ABŞ-da 5 000-dən çox universitet və kolleci var və onların hər biri müxtəlif təhsil proqramları təklif edir.