Əslində Ermənistan Konstitusiyasında nə var? Paşinyan növbəti dəfə yalan danışdı
Siyasət 16 May 2025 12:27:00 75 0
Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya açıqlama verib. Erməni baş nazirin sözünün qısası o oldu ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur.
"Hələlik yeni konstitusiya layihəmiz yoxdur. Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır", - deyə Paşinyan bildirib.
Bəs əslində Ermənistan Konstitusiyasında nə var?
Ermənistanın Konstitusiyası 5 iyul 1995-ci ildə keçirilmiş olan ümummilli erməni referendumu nəticəsində qəbul edilib. 1995-ci il konstitusiyasında 117 maddə var idi. 27 noyabr 2005-ci ildə ümummilli konstitusiya referendumu keçirilib və düzəlişlər edilib yeni bir konstitusiya qəbul olunub. 6 dekabr 2015-ci ildə keçirilmiş növbəti ümumxalq səsverməsindən sonra yenidən konstitusiyada dəyişikliklər edilib.
Ermənistan Konstitusiyasının preambulasında Ermənistan Müstəqillik Bəyannaməsinə istinad edilir.
Ermənistan Müstəqillik Bəyannaməsi isə 1990-cı ildə qəbul edilib və bu bəyannamə Türkiyə və Azərbaycanı düşmən kimi görən və həmin dövrdə Ermənistanda hakim olan daşnak siyasi ideologiyasının məhsuludur.
İstinad edilən Ermənistan Müstəqillik Bəyannaməsində beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağ hüquqi olaraq Ermənistan torpağı kimi qəbul edilir. Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alıb, Ermənistan Konstitusiyasında isə bu müddəya istinad var.
Azərbaycan isə bu təhdidin aradan qalxması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini istəyir, çünki Ermənistanın mövcud Konstitusiyası bölgədə davamlı və uzunmüddətli sülhə qarşı təhdid formalaşdırır.
Sülh danışıqlarının təməlində dayanan əsas məsələlərdən biri Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasıdır. Ermənistan öz Konstitusiyasında ərazi iddiaları ola-ola Azərbaycanla sülh müqaviləsi imzalayıb, onun ərazi bütövlüyünü və suverenliyini necə tanıya bilər?!
Asif Mehman Son.az