Qaz idarəsində çalışanlar işdən çıxarıldı: SƏBƏB?


Digərləri 29 Nis 2025 12:12:11 62 0

Qaz idarəsində çalışanlar işdən çıxarıldı: SƏBƏB?

Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı üzrə xidmət sahəsində çalışan təxminən 40 nəfər işdən azad olunub.

Son.az xəbər verir ki, bununla bağlı Masallı sakinləri şikayətlərini bildiriblər.

Onların sözlərinə görə, heç bir xəbərdarlıq edilmədən və kompensasiya ödənilmədən əmək müqavilələrinə xitam verilib.

Şikayətçilərdən biri Telman Abbasov açıqlamasında qeyd edib ki, əgər əvvəlcədən məlumat verilsəydi, alternativ iş tapmaq üçün vaxtları olardı:

"Dörd aydır işsizəm. 62 yaşım var, bu səbəbdən müraciət etdiyim yerlərdə işə götürmürlər. Hər həftənin cümə axşamı və cümə günləri Məşğulluq İdarəsinə gedirəm, lakin mənə uyğun vakansiya olmadığını deyirlər. Ailədə 7 nəfərik necə dolanaq?" 

Digər vətəndaşlar da işdən çıxarılmalarının hüquqi əsaslandırmasının onlara təqdim olunmadığını vurğulayıblar.

Məsələ ilə bağlı Lənkəran Regional Qaz İstismar İdarəsi açıqlama verərək bildirib ki, həmin şəxslər onların ştatında deyil, DOST İş Mərkəzi ilə müqavilə əsasında fəaliyyət göstərən əməkdaşlar olub.

DOST İş Mərkəzindən isə qeyd edilib ki, vətəndaşların müraciətləri hazırda araşdırılır. Bildirilib ki, əmək müqavilələrinin başa çatmasına ən gec bir həftə qalmış sistem üzərindən onlara müvafiq elektron xəbərdarlıqlar göndərilib:

"Dost iş mərkəzinin işçinin dostu proqramı daxilində həmin vətəndaşlarla 2021-ci il yanvar ayının 5-də əmək müqaviləsi bağlanıb. Onlar Lənkəran rayon Qaz istismar idarəsinin Masallı Xidmət sahəsində çalışıblar. 2025-ci il yanvar ayının 6-sında Əmək Məcəlləsinin 68-ci maddəsinin bəndinə əsasən, yəni əmək müqaviləsinin vaxtının başa çatması ilə əlaqədar olaraq onların əmək müqaviləsinə xitam verilib. Onlar yenidən məşğulluq idarəsinə müraciət etdikləri halda işlə təmin olunmasına köməklik göstəriləcək". 

Asya Son.az