Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqləndi – Nələr gözlənilir?


Digərləri 18 Ağu 2025 18:41:00 100 0

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqləndi – Nələr gözlənilir?

Ölkədə rəqəmsal hökumət infrastrukturunun inkişafı istiqamətində mühüm addım atılıb. Prezident İlham Əliyevin 2025-ci il 12 avqust tarixli Fərmanı ilə Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) Əsasnaməsi təsdiq edilib. Bu sənəd sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Bu barədə Son.az İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir.

Əsasnaməyə görə, EHİS-in sahibi funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək.

"Sistem, müxtəlif istiqamətlərdə rəqəmsal idarəetməni təmin edən səkkiz əsas altsistemdən ibarətdir. Kommunal xidmətlər üzrə məlumatların toplanması, emalı, analizi və mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini həyata keçirən "Vahid Kommunal Xidmətlər", fərdi məlumatların yalnız qanuni razılıq əsasında işlənməsi və ötürülməsini təmin edən "Rəqəmsal Razılıq", yerli icra hakimiyyəti orqanlarının elektron xidmətlərinin və qəyyumluq-himayəçilik qərarlarının idarə olunmasını icra edən "Rəqəmsal İcra Hakimiyyəti", qəbul edilmiş qeyri-normativ hüquqi aktların vahid bazasını formalaşdıran "Yerli İcra Hakimiyyəti Orqanları Başçılarının Qeyri-normativ Hüquqi Aktlarının Reyestri", dövlət qurumları arasında real vaxt rejimində təhlükəsiz sənəd mübadiləsini təmin edən "Rəqəmsal Sənəd Dövriyyəsi", bütün dövlət informasiya resurslarını vahid bazada birləşdirən "Dövlət İnformasiya Ehtiyatlarının, Sistemlərinin və Elektron Xidmətlərin Vahid Reyestri", dövlət informasiya sistemləri arasında təhlükəsiz məlumat mübadiləsini həyata keçirən "Rəqəmsal Məlumat Mübadiləsi" və təkmil sertifikatlı gücləndirilmiş elektron imza və digər eyniləşdirmə vasitələri ilə vahid autentifikasiyanı təmin edən "Vahid Giriş" bu altsistemlərə daxildir", - məlumatda deyilir.


Habere ait fotoğraflar