"Günəşi qaraltma" planı: ABŞnin gizli iqlim təcrübəsi üzə çıxdı


Digərləri 31 Tem 2025 06:06:00 97 0

"Günəşi qaraltma" planı: ABŞnin gizli iqlim təcrübəsi üzə çıxdı

ABŞ-da bir qrup tədqiqatçı iqlim dəyişikliyi ilə mübarizə məqsədilə "Günəş işığını azaltma" texnologiyaları üzərində milyonlarla dollarlıq gizli bir layihə planlayıb. 

Son.az "Politico"ya istinadən xəbər verir ki, layihə ictimaiyyətdən və yerli idarəetmələrdən gizli şəkildə aparılıb.

Layihə çərçivəsində okean üzərinə duzlu su aerozolları püskürdürülərək buludların parlaqlaşdırılması və bununla da günəş şüalarının geri əks etdirilməsi planlaşdırılıb. Bu texnologiya, günəş geomühəndisliyi adlanan metodların bir hissəsidir və qlobal istiləşmənin azaldılması hədəflənir.

2023-cü ildə San-Fransisko Körfəzində həyata keçirilən və cəmi 20 dəqiqə davam edən bir sınaq, Vaşinqton Universitetinin rəhbərliyində həyata keçirilib. Bu, daha böyük miqyaslı layihənin ilk addımı idi. Universitetin "Dəniz Buludlarını Parlatma Proqramı" sənədlərinə əsasən, gələcək sınaqların Şimali Amerika, Çili və ya Cənubi Afrikanın qərb sahillərində 10 min kvadrat kilometrə yaxın sahədə keçirilməsi planlaşdırılıb.

Araşdırma qrupunun sınaqları ictimaiyyətə açıqlamamasının əsas səbəbi texnologiyanın hələ erkən mərhələdə olması və ictimai reaksiyalardan qorxulması olub. Araşdırmaçılar sınaqları "xalqı qorxutmamaq üçün" gizli saxladıqlarını etiraf ediblər. Alameda şəhərində sınaq zamanı yerli hakimiyyətə məlumat verilmədiyi üçün layihə şəhər şurası tərəfindən dərhal dayandırılıb.

Şəhər meri Merilin Ezzi Aşkraft bildirib ki, layihə haqqında yalnız "New York Times" məqaləsindən xəbər tutub və buna sərt reaksiya verib. Daha əvvəl, 2021-ci ildə İsveçdə oxşar bir layihə də yerli icmanın məlumatlandırılmaması səbəbilə ləğv edilmişdi.