“Veteran pulu” artırılacaq? "Yeni təşəbbüslərin şahidi olacağıq”
Digərləri 26 Tem 2025 18:45:00 75 0
2025-ci ilin iyul ayının 1-dən etibarən Azərbaycanda sosial müavinətlər və müxtəlif təqaüd növlərinin məbləğləri artırılıb. Hökumətin sosial dəstək tədbirləri çərçivəsində həyata keçirilən bu artımlar, əhalinin müxtəlif təbəqələrinin rifah halının yaxşılaşdırılmasına yönəlib.
Bu haberi de oku: Həkim və tibb bacısının qeyrietik görüntüləri yayıldı
Eyni zamanda, 2025-ci il sentyabrın 1-dən doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin aldıqları təqaüdlərin məbləğləri də artırılması nəzərdə tutulub.
Bu tədbirlər çərçivəsində yaxın vaxtlarda müharibə veteranlarına verilən təqaüdlərin (90 manat) də artırılması ilə bağlı ictimaiyyətdə müəyyən gözləntilər formalaşıb.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Modern.az-a açıqlamasında deyib ki, son illər dövlət büdcəsinin gəlirlərinin artması fonunda hökumətin əsas prioritetlərindən biri olan sosial tədbirlər daha da genişləndirilir:
"Növbəti mərhələlərdə də sosial sahədə yeni təşəbbüslərin şahidi olacağıq. Bu tədbirlər sırasında müxtəlif kateqoriyadan olan vətəndaşların, o cümlədən müharibə veteranlarının sosial rifahının yaxşılaşdırılması xüsusi yer tutur".
Millət vəkilinin sözlərinə görə, təqaüdlərin və pensiyaların davamlı şəkildə artırılması, sosial müdafiə tədbirlərinin genişləndirilməsi, dövlətin vətəndaşlara yönəlik sosial siyasətinin davamlı və ardıcıl şəkildə həyata keçirildiyini göstərir.
İqtisadçı-ekspert Xalid Kərimli isə saytımıza açıqlamasında vurğulayıb ki, müharibə veteranlarının təqaüdlərinin artırılması gözlənilmir:
"Bu tip təqaüdlər son vaxtlar artıq artırılıb və əgər yenidən artırılma nəzərdə tutulsaydı, indiyədək həyata keçirilərdi. Bir neçə ay əvvəl nazir müavini də bu məsələ ilə bağlı mətbuata açıqlama verərək, hökumətin mövqeyini izah edib".
İqtisadçı əlavə edib ki, veteran təqaüdü yəni müharibə iştirakçılarına verilən vəsait daha çox təşəkkür xarakterli ödənişdir.