Səhnədə Cennifer Lopeze belə evlilik təklifi etdilər


Şou-biznes 18 Tem 2025 11:18:00 69 0

Səhnədə Cennifer Lopeze belə evlilik təklifi etdilər

Dünyaca məşhur 55 yaşlı müğənni və aktrisa Cennifer Lopez səhnədə bir fanatının etdiyi evlilik təklifinə verdiyi cavabla diqqət çəkib.

Son.az xarici mətbuata istinadən xəbər verir ki, "Up All Night" turu çərçivəsində səhnəyə çıxan Lopez tamaşaçılar arasında bir fanatın qaldırdığı "JLo, mənimlə evlənərsən?" yazılı plakatı görüb.

Plakatı ucadan oxuyan sənətçi, mikrofona verdiyi səmimi cavabında evlilik məsələsində artıq qərarını verdiyini açıq şəkildə bildirib.

"Deyəsən o dəftəri bağladım. Bəli, bir neçə dəfə sınadım", - deyən Lopez dördüncü evliliyi olan Ben Affleckdən ayrıldıqdan sonra artıq evlilik haqqında düşünmədiyini bildirib.

Cennifer Lopezin keçmiş evlilikləri

Cennifer Lopez indiyə qədər dörd dəfə evlənib. İlk evliliyini 1997-ci ildə Mayamidə ofisiant işləyən Ojani Noa ilə qurub. Lakin bu evlilik yalnız 11 ay davam edib.

2001-ci ildə rəqqas Cris Judd ilə ailə qurub. Onlar Lopezin "Love Don't Cost A Thing" klipinin çəkilişləri zamanı tanış olublar. Bu evlilik də cəmi 9 ay çəkib.

Ən uzunmüddətli evliliyini isə Latın musiqisinin tanınmış ifaçısı Marc Anthony ilə yaşayıb. Cütlük 2004-cü ildə evlənib, 2008-ci ildə onların Max və Emme adlı əkiz övladları dünyaya gəlib. Lakin evlilik 2011-ci ildə bitib, rəsmi boşanma isə 2014-cü ildə tamamlanıb.