Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?


Digərləri 24 Haz 2025 08:08:00 66 0

Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?

"Yas mərasimlərinin tənzimlənməsi prosesi dövlət tərəfindən həyata keçirilərsə, insanlar bunu qadağa kimi qəbul edərək, onun üzərinə gedəcəklər".

Bunu Qaynarinfo-ya açıqlamasında ilahiyyatçı Elşad Miri yas mərasimlərində hökm sürən mənasız ənənələrə son qoymaq üçün dövlət səviyyəsində inzibati addımların atılması məsələsinə toxunarkən deyib.

"Pandemiya dövründə elə bir vəziyyət yarandı ki, insanlar artıq yas mərasimlərində 3-7, cümə axşamları və nəhayət 40 mərasimində ehsan süfrələrinin təşkil edilməsi kimi məsələlərin aradan qaldırıldığının şahidi oldular. Ancaq faktiki olaraq pandemiya aradan qaldırılan kimi, yenidən əvvəlki mənzərə təkrar olunmağa başladı. Yəni prosesin dövlət tərəfindən tənzimlənməsi zamanı insanlar bunu qadağa kimi qəbul edərək, onun üzərinə gedirlər. Nəticədə onlar həmin qadağaya qarşı çıxırlar və belədə isə proses tənzimlənmir", deyə Elşad Miri bildirib.

Həmsöhbətimiz düşünür ki, bununla bağlı maarifləndirmə işləri düzgün aparılarsa, məsələ avtomatik olaraq öz həllini tapacaq:

"Çünki əslində yas mərasimlərindəki belə halların yığışdırılması hamının ürəyindən keçən, istədiyi məsələdir".