Saxta hərbi bilet verən şəxsin işi məhkəməyə göndərildi


Digərləri 20 Haz 2025 14:38:00 88 0

Saxta hərbi bilet verən şəxsin işi məhkəməyə göndərildi

Rüşvət müqabilində çağırışçıları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşlardan rüşvət almaları barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılmışdır.

İbtidai istintaqla Ramin Şükürovun sözügedən vəzifədə işləyərkən Xalid Əzimov və Emil Nəbiyev ilə cinayət əlaqəsinə girərək çağırışçıların həqiqi hərbi xidmətə cəlb edilməməsi ilə əlaqədar dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesini sürətləndirmək müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa Ramin Şükürovun öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan Xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaşın dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə köməklik edilməsi ilə bağlı sonuncudan 30 min manat məbləğində pul vəsaitini alaraq həmin şəxsə hərbi biletin verilməsinə nail olmaqla vəzifəli şəxslərin və hərbi həkim komissiyasının qərarına qanunsuz təsir göstərməsinə (nüfuz alveri etməsinə) əsaslı şübhələr müəyyən edilib.