Cəmil Həsənlinin məntiqsizlyi yoxsa ictimai rəyi çaşdırmaq cəhdi?
Digərləri 16 Haz 2025 16:43:00 75 0
Cəmil Həsənli öz "facebook" səhifəsində iddia edir ki, hökumət yaxın günlərdə elektrik enerjisi, qaz və suyun qiymətlərini qaldırmaq üçün yeni mexanizm - "sabit tarif qaydası" tətbiq etməyə hazırlaşır.
Bu haberi de oku: Bakıdan Tehran və TəlƏvivə uçuşlar iyunun sonunadək dayandırıldı
Son.az xəbər verir ki, faktyoxla Lab. Cəmil Həsənlinin yazdıqlarında məntiqi axtarmağa çalışıb.
Əslində, söhbət Milli Məclisdə müzakirə edilən "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanun layihələrində nəzərdə tutulan dəyişikliklərdən gedir. Sözügedən qanun layihələrində nəzərdə tutulan dəyişikliklərin mahiyyəti, yəni əsas mübahisə predmeti kimi qələmə verilən "sabit tarif" anlayışı barədə sonra detallı şərh verəcəyik. Əvvəlcə, C.Həsənlinin qaz satışı mövzusunda spekulyasiya edərək yazdığı çaşdırıcı və yönləndirici iddialarına aydınlıq gətirək.
O, heç bir iqtisadi əsas, fakt, dəlil və arqumentə əsaslanmadan iddia edir ki, qaz istehsalçısı olan ölkələr arasında əhaliyə ən baha qaz Azərbaycanda satılır, hətta bəzi qonşu ölkələrə Azərbaycan qazının öz vətəndaşlarından ucuz satılması barədə faktlar var.
Həsənli həmin "faktları" təsdiqedəcək heç bir əsas və arqument ortaya qoymadığı halda ümumi fərziyyələr danışır. Əvvəla, qaz istehsal edən ölkələrlə müqayisədə Azərbaycanda yanacağın ən baha qiymətə satılması iddiası tam saxtadır. Misal üçün, Rusiya, İraq, Özbəkistan, Qətər və qaz istehsalçısı olan digər ölkələrdə təbii qazın daxili bazarda təchizatçı şirkətlər tərəfindən pərakəndə satış qiyməti orta tarif hesabı ilə Azərbaycandan ucuz deyil, hətta bəzilərində bahadır. mənbə
Qonşu ölkələrə satılan Azərbaycan qazının özümüzdən ucuz olması barədə fikirlər də tam yalandır. Azərbaycan qonşu dövlətlərdən Türkiyə və Gürcüstana qaz satır, digər alıcılar isə Avropanın 10 ölkəsidir. Azərbaycanın xarici dövlətlərə nəql etdiyi qazın orta satış qiyməti 340-350 dollar arasındadır. Məsələn, 2024-cü ildə Azərbaycanın xaricə satdığı qazın hər min kubmetr qazın orta ixrac qiyməti 344 dollar (585 manat) olub. istinad
Bizim daxili bazarda əhaliyə verilən qazın satış qiyməti aşağı limitlə, yəni 1200 m3 -ə ədər olan paket üzrə 12,5 qəpik (1000 m3 =125 manat, 1200 m3- 2500 m3-dək olan hissə üçün 22 qəpikdir (1000 m3 = 220 manat). Əgər həmin məbləği dollar ilə ifadə etsək, qiymət 72-128,5 dollar edir. Göründüyü kimi Azərbaycanın ölkə daxilindəki satış qiyməti istər qonşu, istərsə də digər dövlətlərə satdığı yanacağın qiymətindən 4-5 dəfə ucuzdur. Gürcüstanda tariflərin daha ucuz olması barədə iddia da yersiz və məqsədli şəkildə saxta məlumat yaymağın göstəricisidir. Gürcüstanda əhali abonomentləri üçün 1 m3 qazın qiyməti Azərbaycandan təxminən 3 dəfə bahadır. Belə ki, Gürcüstanda qazın qiyməti "SOCAR Georgia Gas" tərəfindən 2024-cü il yanvarın 1-də yeni tariflə hər kubmetri üçün 1,29 lari müəyyən edilib. Tarifin 0,13 larisi güzəşt tarifidir, birbaşa yekun qiymət isə (1,29-0,13= 1,16) 1,16 laridir. Bir "lari"nin təxminən 61 qəpik olduğunu nəzərə alsaq Gürcüsanda bir kubmetr qazın qiymətinin təxminən 80 qəpik olduğunu görərik.
Həsənlinin Azərbaycanda daha çox səmt qazı istehlak olunduğu və səmt qazının Beynəlxalq Əməliyyət Şirkəti tərəfindən havayı verildiyi barədə iddiası da tamamilə böhtandır. Birincisi, səmt qazı ümumi istehlakda elə də çox yer tutmur. Azərbaycanda qaz hasilatının ümumi həcmində səmt qazının payı isə 29,9 faiz təşkil edir.
İkincisi, Beynəlxalq Əməliyyət Şirkəti, yəni BP və konsorsium tərəfdaşlarının Azərbaycana verdiyi səmt qazının qiyməti daxili satış tarifindən bahadır. Belə ki, 107 dollara başa gələn səmt qazı öz xərc dəyrindən 30 dollar ucuz, yəni abonomentlərin 70-75 faizinin illik tələbatını tam ödəyən 1200 m3 llimitin satış qiymətindən (72 dollar) aşağı tariflə əhaliyə verilir.
Sayğaca gəlincə, Cəmil Həsənli bu sahədə də savadsız və müqayisə aparmaqda dayaz olduğundan məsələni tam tərsinə izah edir. Əvvəla, Azərbaycanda smart sayğaclardan imtina olunmayıb. Paytaxt və bir sıra rayonlarda quraşdırılmış sayğacların əksəriyyəti smart tiplidir.
Qaldı ki, dövrü müddəti bitmiş sayğacların mexaniki sayğaclarla əvəzlənməsinə, bu proses barədə "Azəriqaz" İB dəfələrlə izahat verib və açıqlamalardan da göründüyü kimi bu addım abonomentlərin ziyanına səbəb olacaq hal yaratmır. Öncədən ödənişli qaz sayğacı (smart-kart tipli), həm sonra ödənişli - mexaniki tipli sayğacların hər biri ölçü vasitəsidir və onların daxili ölçmə quruluşunda hər hansısa bir fərq yoxdur.
Smart, yaxud mexaniki olsun, bütün sayğaclar müvafiq qurum tərəfindən yoxlanılır, uyğunluq sertifikatı olan qaz sayğaclarından istifadə üçün akt tərtib olunur. Quraşdırılmazdan əvvəl hər bir sayğacın metroloji qayda və normalara uyğunluğu Azərbaycan Metrologiya İnstitutu tərəfindən yoxlanılır və yoxlamadan keçirilən sayğacların tipi təsdiq olunaraq dövlət reyestrinə daxil edilir. Ona görə də, mexaniki sayğaclarda qazın daha çox istehlak edilməsi barədə fikirlər gülünc və məntiqsizdir.
Bundan başqa, mexaniki sayğacla "smart sayğac"ın strukturu eynidir, fərq sadəcə sayğacın üzərindəki kart yükləmə hissəsindədir. Bu da artıq qaz sərfiyyatı ilə bağlı şübhələrə son qoyur.
Göründüyü kimi Cəmil Həsənlinin "vətəndaşın cibinə mexaniki girməyin dədə-baba üsulunu tətbiq edirlər" fikri də məntiqsizdir.
İndi isə Cəmil Həsənlinin "sabit tarif" təklifi ilə bağlı iddialarına aydınlıq gətirək.
Təəssüf ki, bu şəxs kommunal sektor üçün xarakterik olan sabit rejimin mənasını qiymət artımı kimi başa düşür, yersiz və məntiqsiz ittihamlar irəli sürərək ictimaiyyəti çaşdırmağa çalışır.
Yuxarıda da vurğuladıq ki, "sabit tarif" "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" yeni qanun layihələrindən irəli gələn yeni tənzimləmə elementidir. Həmin qanunda qaz təchizatı sektorunda tənzimlənən qiymətlərlə (tariflər) bağlı yeniliklər nəzərdə tutulub ki, dəyişikliklərdən biri də yeni "sabit tarif" anlayışıdır. 2028-ci il iyulun 1-dən qüvvəyə minəcək yeni dəyişikliklər sırasında yer alan "sabit tarif" elementi qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərini müəyyən edir.
Eləcə də "Elektroenergetika haqqında" qanuna təklif edilən dəyişikliklərdə də "sabit tarif"in tətbiqi məsələsi öz əksini tapıb. Həmin layihədə "sabit tarif"in tətbiqindən irəli gələn məsələlər konkretləşdirilib. Qanuna dəyişikliyin əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir. İstehlakçının statusundan, kommunal xidmətlərin istifadə səviyyəsindən asılı olmayaraq, daha ədalətli yanaşmanın tətbiqi nəzərdə tutulur.
"Sabit tarif" elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edilir.
"Sabit tarif"in əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq olaraq müəyyən vəsait ödəməsindən ibarətdir. "Sabit tarif" istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur. Metodoloji qaydaya görə, "sabit tarif" əsaslı tarif şərtlərindən biri kimi çıxış edir, ancaq bu, istehlak tariflərinin artması demək deyil. Burada başlıca yanaşma, vahid istehlakın təchizat xərclərinin strukturu və xarakterinə uyğun olaraq diferensasiyaya keçiddir. Yəni enerjiyə çıxışda hansı abonomentin daha çox təchizat xərci yaratmasını müəyyən etməklə differensial bölgünü müəyyənləşdirməkdir.
"Sabit tarif" xərcəsaslı metodologiyanın tarif elementlərindən biridir. "Sabit tarif"in tətbiqində əsas məqsəd sabit və dəyişkən xərclər baxımından doğru şəkildə strukturlaşdırılmasıdır. Məsələn, iki abonomentin komunal xidmətə çıxışları (işıq və qaz) eynidir, ancaq birinin bir, digərinin iki mənzili var və bunların istehlak səviyyəsi eynidir. Bu məsələyə istehlak tarifi istiqamətindən baxdıqda bir və iki mənzili olan abonoment eyni ödənişləri edir. Üç mənzilin infrastuktur xərcləri iki abonoment arasında bölüşdürülür. Bu mövzuda bölgünün daha ədalətli şəkildə təmin olunmasını "sabit tarif" elementinin tətbiqində görülür. istinad
Məlumdur ki, elektrik enerjisi, su və ya qazın abonomentə çatdırılması xərclərinin tərkibində həmin kommunal xidmətin istehsal, emal, daşınma və çatdırılma, infrastruktur və qurğuların, digər avadanlıqların dəyəri daxildir. Bütün bu xərclər həmin xidmətin yekun xərc və maya dəyərini müəyyən edir. Həmin xidmətlər isə qeydə alınmış cəmi abonomentlərin sayına uyğun hesablanır. Dövlət elektrik enerjisini və ya qaz, su xəttini çəkərkən böyük investisiyalar xərcləyir, xətt çəkir, sayğac qoyur, yarımstansiya və qovşaq, anbar inşa edir, kommunal xidməti abonomentin düz evinin qarşısında ona təhvil verir və investisiya xərclərini öz üzərinə götürür. Bütün bu xərclərin məqsədi abonomentə mal və xidməti çatdırmaq, satışdan əldə etdiyi gəlirlərlə xərclərini qarşılamaqdır. Abonomentlərin bir qismi həmin xidmətlə təmin edildikdən sonra istifadə etmir. Məsələn, elektrik enerjisi 1000 abonomentlik binaya çəkilərkən kabel, avadanlıq, transformator məntəqəsi, sayğac və digər elementlər yekun xərc portfelini müəyyənləşdirir və buna uyğun tarifin dəyəri hesablanır. Əgər həmin binada yaşayan 1000 abonomentin 300-ü mənzildə yaşamır və enerjidən istifadə etmirsə, dövlətin xərclədiyi investisiya, qurduğu infrastruktur 700 nəfərin təchizatı anlamına gəlir. Nəticədə dövlətin çəkdiyi cəmi xərcin strukturunda enerjidən istifadə etməyənlər də istifadə edənlərin hesabında yer alır, bu isə tənzimləyici orqanın, "Azərenerji", "Azərişıq" və s. qurumların maliyyə rentabelliyini pozur, onların xidmətlərdən əldə etdiyi gəlirlərin azalmasına səbəb olur. Bu isə işıq, qaz və s. kommunlar xidmətlərin dayanıqlıqlıq, fasiləsizlik, əlçatanlıq ritminə təsir göstərir.
"Sabit tarif"in tətbiqi xərc-investisiya-istehlak zəncirində ədalətli həlli təmin edəcək. Bu tarifin tətbiqində əsas məqsəd maliyyə yükünü artırmaq deyil, tarif elementlərinin təchizat xərclərinin xarakteri, yəni sabit və dəyişkən xərclər baxımından doğru şəkildə strukturlaşdırılması, o cümlədən, xərclərin istehlak tariflərinə ədalətli şəkildə ötürülməsinin təmin olunmasıdır.
Göründüyü kimi sabit rejim abonomentin əlavə işıq və ya qaz pulu ödəməsi anlamına gəlmir və əksinə, differensiallıq daha ədalətli yanaşma olmadır ki, bu zaman xərc yükünün konkret tərkibi daha aydın olur. Bir az da sadələşdirək: əgər vətəndaş eyni tarif dövründə istehlaka görə aylıq 10 manat ödəyirdisə, həmin dövr üçün "sabit tarif" müəyyənləşdikdə, vətəndaş istehlaka görə maksimum 9 manat ödəyəcək. Yəni, 1 manat "sabit tarif", 9 manat istehlak xərci çıxacaq. Bir neçə abonomentliyi olan, yəni mənzili, evi, bağı olan şəxslər istehlak etmədiyi işıq və qazın pulunu ödəmədiklərindən əsas xərc kimi "sabit tarif"i ödəyəcəklər. istinad
Yekun olaraq, "sabit tarif" elementinin qüvvəyə minməsi sayəsində qaz sektorunda aydın və şəffaf qaydaların tətbiqi, ədalətli tarif mexanizmlərinin qurulması və istehlakçı ilə etibarlı münasibətlərin formalaşdırılması baxımından mühüm mərhələ olacaq. Yeri gəlmişkən, Gürcüstan və Türkiyə kimi qonşu ölkələr də bu yanaşmadan bəhrələnərək qaz sektoruna investisiya axınını və sənayenin modernizasiyasını sürətləndirib. Azərbaycan da məhz beynəlxalq təcrübəni nəzərə alaraq həmin tətbiqə keçidi zəruri hesab edir. istinad
"Sabit tarif" və ya sabit enerji müqavilələri Avropa və dünya ölkələrində də neçə illərdir ki mövcuddur. Sabit enerji müqavilələri qaz və elektrik tariflərinin vahid tarif xərclərinə əsasən müəyyən edilir və istehlakçının istifadə etdiyi xidmətlərin istehlak dəyərinin artması və ya aşağı düşməsində özünü göstərməklə yekun xərcin diferensiallığını müəyyənləşdirir. Belə ki, Avropanın mərkəzində aylıq enerji istehlak edən abonoment kənardakı hansısa malikanə, bağ evi, anbar və s. üzrə istehlak etmədiyi xidmətlərin sabit xərclərini də ödəmiş olur. Yəni "sabit tarif" enerji daşıyıcılarının qiymətlərinin qalxmasına deyil, istehlakın dəyərinə görə artıb-azalır. istinad
Beləliklə,
- Cəmil Həsənlinin "sabit tarif" təklifi üzrə irəli sürdüyu bütün iddialar əsassız, məntiqsiz və heç bir iqtisadi əsası olmayan yarımçıq arqumentlərdir; - C.Həsənli beynəlxalq praktikada neçə illərdir ki, mövcud olan "sabit tarif" anlayışının mahiyyətindən xəbərdar olmadığından və ya xəbəri olduğu halda məqsədli şəkildə bu mövzuda süni manipulyasiya etməklə ictimaiyyəti çaşdırmağa çalışır, qərəzli və açıq şəkildə təxribatlara cəhd edir.