Paşinyandan kilsə rəhbərliyinə qarşı sərt addımlar
Dünya 12 Haz 2025 13:19:00 85 0
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvlərinə Erməni Apostol Kilsəsinə qarşı təzyiqlərin artırılması ilə bağlı göstəriş verib.
Son.az xəbər verir ki, məlumata görə, sözügedən təzyiqlər din xadimləri barədə kompromat xarakterli məlumatların ictimaiyyətə təqdim olunmasını, kilsə nümayəndələrinin gündəlik şəkildə nüfuzdan salınması məqsədilə tədbirlərin həyata keçirilməsini və digər oxşar addımları əhatə edir.
Qəzet yazır ki, hökumət eyni zamanda hazırkı katolikos II Qareginə qarşı kilsə daxilində koalisiya yaratmağa və onun vəzifədən uzaqlaşdırılması üçün şərait formalaşdırmağa çalışır.
Xatırladaq ki, Nikol Paşinyan mayın 29-da keçirilən hökumət iclasında Erməni Apostol Kilsəsini tənqid edərək bəzi kilsələrin fiziki vəziyyətinin qənaətbəxş olmadığını bildirib. Baş nazir bəzi ibadət məkanlarında sement torbalarının və paslanmış dəmir parçalarının saxlandığını qeyd edib. Bu açıqlamalar din xadimlərinin etirazına səbəb olub.
Bundan sonra Paşinyan sosial media hesabında bir sıra paylaşım edərək bəzi din xadimlərini dini qaydaları pozmaqda, o cümlədən arxiyepiskoplardan birini yaxın qohumuna qarşı etik qaydalara zidd davranışda ittiham edib. O, daha sonra katolikosu subaylıq andını pozmaqda günahlandırıb.
Hadisələr cəmiyyətdə geniş rezonansa səbəb olub. Ermənistanın Etik Məsələlərə Nəzarət və Korrupsiya ilə Mübarizə Komissiyası Paşinyanın bu paylaşımlarına dair araşdırma başladığını açıqlayıb.