“87 yaşımda siqareti tərgitdim,ən qorxulu qidalardan biri də çörəkdir”


Digərləri 30 May 2025 23:43:00 83 0

“87 yaşımda siqareti tərgitdim,ən qorxulu qidalardan biri də çörəkdir”

Ən qorxulu qidalardan biri də çörəkdir - Rəşid Mahmudov

Zaman dəyişir, texnologiyalar inkişaf edir, amma dəyərini saxlayan bir həqiqət var: insan sağlamlığı. O, həyatın bütün mərhələlərində ən böyük sərvət, ən vacib ehtiyac və ən sarsılmaz dəyər olaraq qalır.

Məhz bu vəziyyətdə elmin, təbabətin, xalq biliklərinin və mənəvi dəyərlərin ortaq nöqtəsində dayanan şəxsiyyətlər zamanın ehtiyacına çevrilir. Belə insanlardan biri də hər çıxışı ilə cəmiyyətə güzgü tutan, fikirləri ilə düşündürən, milli təbabəti elmi təhlillə birləşdirən fəlsəfə doktoru Rəşid Mahmudovdur.

Oxu24.com saytının müxbiri Pərvin Şakirqızı  Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq və tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudovla həmsöhbət olub.

Söhbətimiz zamanı sadəcə tibb və xəstəliklərdən deyil, vicdanla həkim olmağın mənəvi yükündən, Rəşid müəllimin çəkildiyi içki reklamının səbəbindən və digər mövzulardan danışdıq.

Həmin müsahibəni təqdim edirik:

- Rəşid müəllim, müsahibələrinizin birində bildirmişdiniz ki, müsəlman ölkələrində araq içilməməli, onun zavodu və reklamı olmamalıdır. Bəs bu mövqeyinizə baxmayaraq, nə üçün spirtli içki reklamında çəkilməyə qərar verdiniz?

- Düzdür, mən bir müddət əvvəl bir araq firmasının reklamında iştirak etmişəm. Amma bunu təbliğat məqsədilə etməmişəm. Əslində, müsəlman ölkələrində araq zavodları olmamalı, reklamı aparılmamalıdır. Mən yenə də içkinin əleyhinəyəm.

Bəzi xəstəliklər var ki, məsələn taun, onun müalicəsində tibbi spirt istifadə olunur. Amma mənim əsas məqsədim bu deyildi. Mən istədim ki, insanlar zəhərli, padval şəraitində texniki spirtdən hazırlanan içkilərdən uzaq dursunlar. Çünki bu içkilər qaraciyəri, mədəaltı vəzi, böyrəkləri, beyni və bütövlükdə orqanizmi məhv edir.

Düşünürəm ki, 87 yaşımda siqareti tərgidə bildimsə, insanlar da içkini tərgidə bilərlər. Mən heç vaxt içkinin tərəfdarı olmamışam. Amma bir halda ki, bəziləri içir, heç olmasa, zəhərli olanını deyil, təhlükəsiz olanını seçsinlər. Lakin təəssüflər olsun ki, bəziləri bunu düzgün anlamadı.

- Sizin fikirləriniz çox zaman cəmiyyətdə səs-küyə səbəb olur. Bu qədər qətiyyətli bir mövqe sizə haradan gəlir?

- Vicdandan. Əgər insanın içində vicdan varsa, o, haqqı deməkdən çəkinməz. Mən heç vaxt kiminsə xoşuna gəlmək üçün danışmamışam. Nə bilirəmsə, nəyi doğru hesab edirəmsə, onu da deyirəm. Çünki bu millətin dərdi mənim dərdimdir. İllərdir insanlara xidmət edirəm. Artıq nə şöhrətə, nə vəzifəyə ehtiyacım var. Amma bir sözüm var - o sözü demək mənim həm borcumdur, həm də vicdani rahatlığım.

- Rəşid müəllim, bilirsiniz ki, skolioz xəstəliyi yeniyetmələr arasında çox müşahidə olunur. Təəssüflər olsun ki, müalicələr də effektli nəticə vermir. Sizcə bunun səbəbi nədir?

- Skoliozun əsas səbəbi gigiyenik qaydalara əməl olunmamasıdır. Çox zaman bu xəstəlik revmatizmdən qaynaqlanır. Bəzi mikroblar-beta-hemolitik streptokoklar, oynaqlar və fəqərələr arasında yaşayaraq iltihab yaradır. Bu iltihab tədricən fəqərələrin formasını pozur və belin əyilməsinə səbəb olur.

İltihabın əsas əlamətləri - şiş (tumor), qızartı (rubor), istilik (kolor) və ağrıdır (dolor). Sadəcə müalicədən sonra müvəqqəti ağrılar azala bilər. Dəmir vasitəsilə də bağlasan, dəstək versən də əyriliyi düzəldə bilməz, ağrıları isə həmişəlik aradan qaldıra bilməzsən. Əgər bu mikroblar məhv edilməzsə, əyriliyi bərpa etmək mümkün deyil. Müalicəni isə yalnız peşəkar revmatoloq aparmalıdır.

- Müasir tibbdə təbii vasitələrin rolu nə qədər əhəmiyyətlidir və gündəlik qidalarımız nə dərəcədə təbiidir?

- Təəssüf ki, bu gün bazarda "təbii" adı ilə satılan bir çox məhsullar əslində süni qatqılarla zəngindir. Qidaların təbiliyi günbəgün azalır. Buna görə də, insanlar daha çox orqanik, az işlənmiş, yerli məhsullara üstünlük verməlidirlər.

Açıq şəkildə deyə bilərəm ki, qəbul etdiyimiz qidaların çoxu təbii deyil və məhz bu qidalar bir çox xəstəliklərin yaranmasına səbəb olur. Məsələn, son illərdə qidalara palma yağı qatılır. Bu, bitki yağı kimi görünsə də, dünya alimləri bu yağın insan qidası üçün uyğun olmadığını bildirirlər. Təəssüf ki, hər il ölkəmizə 50 min ton palma yağı idxal olunur.