Uçotda dəyişiklik: Yalnız bu yolla aparılacaq
Digərləri 27 Feb 2026 11:54:00 311 0
Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN vasitəsilə aparılacaq.
Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, dövlət sosial sığorta sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi mütəmadi olaraq bu sistemlə bağlı dəyişikliklərin aparılmasını və təkmilləşdirilmələrin həyata keçirilməsini zəruri edir. Sosial sığorta nömrəsi (SSN) verilərkən elektron sistemlərdə həmin şəxsin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN) ilə əlaqələndirilir.
Vurğulanıb ki, hazırda sığortaedənlər tərəfindən muzdlu işlə əlaqədar vahid rüblük bəyannamə təqdim edilərkən SSN və FİN məlumatların hər ikisinin daxil edilməsi əlavə iş yükü yaradır və sistemdə məlumat bazasının yüklənməsinə səbəb olur. Həmçinin, əksər dövlət orqanlarının müvafiq sahələrində məlumatların uçotu da FİN üzərindən aparılır.
Bununla əlaqədar sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması məqsədilə "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi ilə bağlı layihə hazırlanıb.
Qanun layihəsində sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması təklif edilir.
