Ermənistan vaxt qazanmağa çalışır XİN
Siyasət 08 Sen 2023 17:30:00 324 0
8 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib.
Bu xəbəri də oxu: COP29: Azərbaycanın qlobal uğuru
Bu barədə Son.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Brifinq zamanı aşağıdakı əsas məqamlar vurğulanıb:
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi ciddi çağırışlarla üzləşir;
Ermənistan tərəfinin müşahidə etdiyimiz davranışı 30 il ərzində bu ölkəyə xas olan danışıqların imitasiyası, əldə olunmuş öncəki razılaşmalardan geri çəkilmək və müxtəlif siyasi, hərbi və digər təxribatlara əl atmaqla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmaq təcrübəsinin təkrarıdır;
Ermənistan ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlardan sui-istifadə etmək üçün mövcud bütün imkanların istifadəsi ilə bölgədə guya "blokada" və "humanitar böhran"ın mövcudluğu haqqında yalan və əsassız iddialarla Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparmaqla məşğuldur;
Spesifik olaraq detallara varmazdan öncə, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və ya BQXK kimi müxtəlif beynəlxalq aktorlar vasitəsilə aparılan bütün qarşılıqlı təmaslar zamanı Ermənistanın real danışıqlardan yayındığı, qeyri-səmimi davranış sərgilədiyi və öncədən əldə edilmiş bütün razılaşmalar və qarşılıqlı anlaşmalara zərbə vurduğu vurğulanmalıdır;
Ermənistanın məqsədi Azərbaycan ərazisində separatizmi bütün mümkün ideoloji, siyasi, hərbi, maliyyə və digər vasitələrlə qoruyub saxlamaqdan ibarətdir. Bu məqsədlə, Ermənistan vaxt qazanmağa çalışır və danışıqların bütün istiqamətləri üzrə irəliləyişi təmin edə biləcək real addımlardan yayınır;
Erməni sakinlərin ehtiyaclarını ödəmək üçün Qarabağ bölgəsinə malların çatdırılması ilə bağlı yaranmış vəziyyət bunun bariz nümunəsidir. Müxtəlif üçüncü tərəflər vasitəsilə aparılan danışıqların xronologiyası bir şeyi, yəni Ermənistanın danışıqlar masasında həll yolları tapmaqda maraqlı olmadığını sübut edir:
Ermənistan Laçın yolundan təxminən iki il yarım ərzində qanunsuz hərbi və digər məqsədlər üçün istifadə etdi. Bu istiqamətdə bizim heç bir çağırışımıza məhəl qoyulmadı və Azərbaycanın legitim və faktlara əsaslanan narahatlığını aradan qaldırmaq üçün heç bir tədbir görülmədi;
23 aprel 2023-cü il tarixində Azərbaycan bu yoldan sui-istifadə hallarının qarşısının alınması, eyni zamanda sərhəddən hüquqi, şəffaf və tənzimlənən keçidin təmin edilməsi məqsədilə dövlət sərhədində sərhəd-buraxılış məntəqəsi təsis etdi. Bütün ittihamlara baxmayaraq, sərhəd-buraxılış məntəqəsi çox həssas şəraitdə nümunəvi şəkildə fəaliyyət göstərirdi;
Azərbaycan sərhəddən maneəsiz keçidin təmin edilməsi üçün müvafiq dövlət qurumları, o cümlədən gömrük və sərhəd xidmətləri arasında işçi təmasların yaradılması ilə bağlı Ermənistan tərəfinə dəfələrlə müraciətlər ünvanladı. Lakin, bu müraciətlərə münasibətdə heç bir qarşılıq nümayiş olunmadı;
Ermənistan isə Azərbaycanın öz sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etmək hüququna etirazlarına davam etdi, bu istiqamətdə Beynəlxalq Ədalət Məhkəməsi və digər instansiyalardan sui-istifadə etməyə çalışdı. Yerli erməni sakinlər tərəfindən sərhəd-buraxılış məntəqəsindən istifadənin intensivləşməsi fonunda bütün bu cəhdlərində uğursuzluğa düçar olmuş Ermənistan 15 iyun tarixində açıq hərbi təxribat törətdi. Bu təxribatla, sərhəd-buraxılış məntəqəsindən keçən sakinləri və əvvəlcədən planlaşdırılan tibbi evakuasiya əməliyyatı üçün yaxınlıqda olan BQXK əməkdaşlarını riskə atdı;
Bu təxribatdan sonra BQXK-nın avtomobillərindən qaçaqmalçılıq məqsədilə istifadəyə cəhd göstərildi. Bu fakt BQXK tərəfindən də təsdiqləndi;
Bu təxribatlara baxmayaraq, tibbi evakuasiya və digər təxirəsalınmaz məqsədlər üçün nəzarət-buraxılış məntəqəsindən keçid bu günə qədər davam edir. İyunun 15-dən BQXK bu istiqamətdə 27 əməliyyat keçirib, Ermənistanın 312 sakini 208 nəfərin müşayiəti ilə (ümumilikdə 520 nəfər) Ermənistana gedib, 380 nəfər isə müalicəsi başa çatdıqdan sonra Qarabağa qayıdıb. Bu əməliyyatlar zamanı hər iki istiqamətdə 425 BQXK nəqliyyat vasitəsinin keçidi qeydə alınıb. Qarabağa qayıdarkən onlar dərman, uşaq qidası kimi zəruri malları da özləri ilə gətirməkdədirlər. Beləliklə, iyunun 15-dən Qarabağa heç bir məhsulun ötürülməməsi iddiasının heç bir əsasının olmaması ilə yanaşı, sadəcə həqiqətə uyğun deyil;
Sərhəd-buraxılış məntəqəsindən keçidi asanlaşdırmağa davam etməklə yanaşı, Azərbaycan rəsmi olaraq, yerli sakinlərin ehtiyaclarını ödəmək üçün yüklərin çatdırılması məqsədilə digər yollardan istifadəni təklif etdi;
Bu təklif 15 iyul tarixində Şarl Mişelin iştirakı ilə keçirilən liderlər görüşü çərçivəsində də geniş müzakirə olunub. Təsadüfi deyil ki, bu məsələ cənab Mişelin görüşün yekunlarına dair bəyanatında da öz əksini tapıb;
25 iyul tarixində Moskvada bir neçə yolun sinxron istifadəsi məsələsi xarici işlər nazirlərinin üçtərəfli görüşündə yenidən müzakirə mövzusu oldu. Bu, Rusiya tərəfinin təklif etdiyi formula idi. Azərbaycan bu variantı nəzərdən keçirməyə hazır olduğunu bildirərək yekunda öz razılığını verdi. Ermənistan isə konkret müzakirələrdən nümayişkaranə yayındı;
Bunun qarşılığında, Ermənistan ertəsi gün əvvəlcədən planlaşdırılan daha bir təxribata əl ataraq sərhədə "humanitar konvoy" göndərdi. Bu, beynəlxalq ictimai rəyi manipulyasiya etmək və bu istiqamətdə növbəti addımlar üçün zəmin yaratmaq məqsədilə törədilmiş açıq təxribat idi;
Rusiya Federasiyası, ABŞ və Avropa İttifaqı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından sinxron istifadənin həyata keçirilməsinin, habelə mərkəzi hökumətin xüsusi nümayəndəsinin yerli sakinlərlə görüşünün təşkili üçün müvafiq iş aparıldı;
Nəhayət, 4 avqust tarixində hər iki məsələ ilə bağlı razılıq əldə olundu. Bununla, sözügedən yolların ardıcıl şəkildə açılması və Yevlaxda görüşün təşkili məsələləri razılaşdırıldı. İştirak edən bütün maraqlı tərəflər, o cümlədən BQXK və sülhməramlı kontingent razılaşmaların həyata keçirilməsinin təşkilinə hazır idilər. Lakin son anda Ermənistan tərəfi siyasi motivli qanunsuz bəhanələr irəli sürərək hər iki razılaşmadan geri çəkildi;
Bunun ardınca, BMT Təhlükəsizlik Şurasının bu məsələyə müdaxiləsi üçün zəmin yaratmaq məqsədilə Ermənistan tərəfindən bütün dünyada aparılan qarayaxma kampaniyası intensivləşməyə başladı. Ermənistanın BMT TŞ-dən Azərbaycana qarşı addımları üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın gözləntilərinin əksinə, BMT TŞ-nin əksər üzvləri humanitar yardımın çatdırılmasının siyasiləşdirilməsinə qarşı çıxdı, bu cür yük daşımaların həyata keçirilməsi üçün bütün marşrutların açılmasına çağırdılar və birbaşa dialoqa ehtiyac olduğunu vurğuladılar;
Azərbaycan Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından sinxronlaşdırılmış istifadə formulasının həyata keçirilməsi üçün bütün tərəfdaşlarla qarşılıqlı fəaliyyətini davam etdirdi;
Bu yaxınlarda, ABŞ ilə yüksək səviyyəli təmaslar zamanı Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsi bir daha ətraflı müzakirə edildi. Ermənistanın Amerika tərəfi vasitəsilə çatdırdığı narahatlığını nəzərə alaraq, Azərbaycan yolların ardıcıl açılması təklifini hər iki yolla yüklərin eyni vaxtda çatdırılması formasında dəyişdirməyə razılıq verdi. Amerika tərəfi bunu konstruktivliyin əlaməti kimi müsbət qəbul etdi. Müvafiq amerikalı həmkarlara bu mesajı aidiyyəti üzrə Ermənistan tərəfinə çatdırmaq və sövdələşmənin həyata keçirilməsi üzərində işləmək tapşırıldı. Lakin yenə də bu razılığın da həyata keçirilməsi reallaşdırıla bilmədi;
Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iki yük maşını erməni sakinlərə un çatdırmaq üçün yerində gözləyir;
Azərbaycan məsələnin həlli üçün yol tapmaqda maraqlıdır və bunu öz xoşməramını, habelə vasitəçilik xidmətlərini təklif edən hər kəslə qurduğu səmimi qarşılıqlı əlaqəsi ilə sübut edib. Bütün hallarda, istisnasız olaraq, Ermənistan tərəfi öncədən əldə edilmiş razılaşmaları müxtəlif bəhanələrlə pozub. Əsl məqsəd isə vəziyyəti uzatmaq, gərginliyi süni şəkildə alovlandırmaq və nəticədə normallaşma prosesini pozmaqdan ibarətdir;
Ermənistanın vəziyyəti beynəlxalq birliyə "humanitar" xarakterli məsələ kimi təqdim etməyə çalışmasının, əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş utanmaz bir siyasi kampaniya olması tamamilə aydındır və bu heç bir şübhə doğurmamalıdır;
Vəziyyət humanitar məsələ olsa idi, həftələr öncədən bir neçə yolun sinxronlaşdırılmış istifadəsi təklifi əsasında həll edilə bilərdi. Qarabağ bölgəsinin erməni sakinlərinin humanitar ehtiyacları bəhanəsi ilə Ermənistan əslində bu insanları separatizm siyasətinin qurbanına çevirdi və hazırda dözümsüzlük və nifrətə əsaslanan fikirlərini yaymaqda davam edir;
Bu faktdır ki, Ermənistan BQXK-nın Azərbaycan Nümayəndəliyinin mandatının həyata keçirilməsində daim maneələr törədir;
Yüklərin çatdırılması məsələsi ilə bağlı vəziyyət Ermənistanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş hərbi və siyasi təxribatları ilə eyni zamanda baş verir;
Ermənistanın təxminən 10 min nəfərlik silahlı qüvvələri Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğunu davam etdirir. Onlarla tank və digər zirehli texnika, 200-dən çox ağır artilleriya silahı, o cümlədən reaktiv yaylım atəşi sistemləri, onlarla müxtəlif növ radioelektron mübarizə vasitələri, 200-ə yaxın minaatan hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində yerləşdirilib;
Ermənistan öhdəliklərini pozaraq, bu qüvvələrin saxlanılması üçün texniki, hərbi, maddi-texniki və maliyyə dəstəyi göstərir. Azərbaycan ərazisində saxlanılan silahlı birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşir;
Son günlər həm delimitasiya olunmamış dövlət sərhədi boyunca, həm də Qarabağ bölgəsində hərbi quruculuq işlərinin artması ilə müşayiət olunan hərbi təxribatların daha da intensivləşməsi müşahidə olunur. Ermənistan açıq şəkildə növbəti hərbi avantüraya girmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır;
Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla ərazi bütövlüyünün tanıması ilə bağlı əvvəlki bəyanatına baxmayaraq, Ermənistanın baş naziri Azərbaycan ərazilərində qurulmuş qondarma quruluşunun yaradılmasının "ildönümü" münasibətilə qondarma "təbrik mesajı" verərək daha bir son dərəcə təxribatçı addım atdı;
Ermənistan baş naziri bir daha "erməni sakinlərin öz müqəddəratını təyinetmə hüququ"na istinad edərək, Ermənistanın bu sakinlərlə bağlı məsələlərə onların təhlükəsizliyi və hüquqları bəhanəsi altında müdaxiləyə davam edəcəyini təsdiqlədi; Beləliklə, o, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə bağlı əvvəlki bəyanatını mahiyyətcə heçə endirmiş oldu;
Xatırladaq ki, bu taktika Ermənistan tərəfindən 30 il ərzində Azərbaycan ərazilərinin işğalını davam etdirmək üçün istifadə edilib. Baş nazirin mesajı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməsinin növbəti təsdiqindən başqa bir şey deyil, bu ölkə bütün mövcud vasitələrlə, o cümlədən siyasi, hərbi və maliyyə dəstəyi ilə ərazimizdə separatçılığın qızışdırılmasını dayandırmaq niyyətində deyil;
Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımasına baxmayaraq, bu ölkənin müxtəlif beynəlxalq təşkilatlarda akkreditə olunmuş diplomatik nümayəndəlikləri yenə də qanunsuz rejim adından müxtəlif növ sənədlər yaymaqda davam edirlər;
Bu qeyri-qanuni qurumun "prezidentinin" planlaşdırılan qondarma "seçkiləri" son dərəcə təxribatçı addımdır. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bu cür açıq şəkildə pozulması heç bir halda məqbul və qəbuledilən deyil;
Qeyd olunan Ermənistan tərəfindən törədilmiş təxribatlar normallaşma prosesinə mənfi təsir göstərir və beynəlxalq aktorların bu istiqamətdə səylərini heçə endirir. Ermənistanın məsuliyyətsiz və destruktiv davranışından irəli gələn risk və təhdidlərin adekvat şəkildə başa düşülməsi və Ermənistanı bu cür hərəkətlərdən çəkindirmək üçün müvafiq tədbirlərin görülməsi zəruridir;
Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən atdığımız ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir.
Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq məqsəd
Paşinyan məqsədlərinə nail olmaq üçün müharibə törədir. 2020-ci ild�
Ukrayna müharibənin 562-ci günü üçün Rusiya ordusunun itkiləri haqda mə
Peşə təhsili müəssisələrində "Dayə" ixtisası tədris olunaca
İranda polis qüvvələri Minab şəhərinin Kolahi limanına basqın edərək
Hollivudun ulduzlarından biri Jan Klod Van Dammın oğluna ərə gedən azərb
"Thodex" kriptovalyuta birjasının qurucusu Faruk Fatih Özerə hökm
Rusiyada ən böyük balqabaq Moskva vilayətində yetişdirilib.
İstilik enerjisindən istifadə qaydaları təsdiqlənib.
Sentyabrın 8-də saat 14:00 radələrində Rusiya sülhməramlı kontingentinin
Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Jan Anuyun "Antiqona&qu
Artıq bir neçə gündür ki, İrəvan küçərlərində hərbi kalonların hə
Sentyabrın 8-i saat 13:35-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi
Sürücü dövlət nömrə nişanındakı ''9''-u, ''8