Hakim köməkçisindən hədə-qorxu ilə pul tələb edən şəxs kassasiya şikayətini geri götürüb


Sosial 27 Sen 2018 09:42:00 307 0

Hakim köməkçisindən hədə-qorxu ilə pul tələb edən şəxs kassasiya şikayətini geri götürüb

Prosesdə qərar elan olunub

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Qılman Mahmudovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin kassasiya şikayətini geri götürdüyü elan olunub.

Qeyd edək ki, Q.Mahmudov qanunsuz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin mart-may ayları ərzində “WhatsApp” vasitəsi ilə əvvəldən tanıdığı Zaqatala Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyən Elvin Əliyevə hədə-qorxu gəlib.

Belə ki, o, E.Əliyevin istifadəsində olan mobil telefonun eyni adlı xidmətinə avtomat şəkli göndərməklə mətn hissəsində “biçəsiyəm” məzmunlu sms yazıb, hədənin təsirini gücləndirmək üçün həmin ərəfədə profil şəklinə tapança və tüfənglə çəkilmiş fotoşəkillər qoyub. Həmçinin onun barəsində Ədliyyə Nazirliyinə rüşvət almasına dair şikayətlər edib, haqqında rüsvayedici məlumatlar yaymaqla şərləyəcəyi ilə hədələyib. Daha sonra Q.Mahmudov həmin şəxsdən hədə-qorxu ilə 1000 manat məbləğində pul tələb edib.

Bundan başqa, Q.Mahmudov 2016-cı ilin iyul ayında özünün müəllim işlədiyi Zaqatala rayonunun Yuxarı Çardaxlar kənd orta məktəbinin direktoru vəzifəsini icra edən Ramin Qarayevin diplomunun saxta olması, hərbi biletinin olmaması, habelə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməklə haqqında rüsvayedici məlumatlar yayaraq işləməyə qoymayacağını bildirib və ondan hədə-qorxu ilə 500 manat məbləğində pul tələb edib.

Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Q.Mahmudovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin çıxardığı hökmünü qüvvədə saxlayıb. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məkəməyə müraciət edib.