Bakıda həbsdə olan şəxslərin qohumlarına qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayıb


Sosial 05 İyl 2018 17:35:00 254 0

Bakıda həbsdə olan şəxslərin qohumlarına qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayıb

Məhkəmənin baxış iclası iyulun 9-na təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin adından istifadə edərək dələduzluq etməkdə təqsirləndirilən Elşad Atakişiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 9-na təyin edilib.

İttiham aktına əsasən, E.Atakişiyev Bakıda həbsdə olan iki nəfərin qohumlarına qarşı dələduzluq edib. O, 2013-cü ildə özünü hüquq-mühafizə orqanlarında rəhbər şəxslərin qohumu kimi təqdim edib, həbsdə olan şəxslərin azad olunmasına köməklik göstərəcəyinə dair vəd verib.

E.Atakişiyev Səadət Məmişovanın 20 min və Elşad Zeynalovun isə 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

2014-cü ildə onun barəsində cinayət işi başlanılıb, lakin həbs qətimkan tədbiri seçilməyib. Daha sonra E.Atakişiyev məhkəmə iclaslarına gəlməyib və onun barəsində axtarış elan olunub. Bu il isə o, Gəncədə həbs edilib və cinayət işi yenidən məhkəməyə göndərilib.

E.Atakişiyev Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilir.