Bakıda banka basqın edib müştərini girov götürən şəxs: "Borcum var idi"


Sosial 29 May 2018 16:00:20 245 0

Bakıda banka basqın edib müştərini girov götürən şəxs: "Borcum var idi"

Məhkəmənin növbəti iclası iyunun 5-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüdeynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə N.Məmmədov özünü qismən təqsirli bildiyini deyib. O söyləyib ki, banka gedəndə məqsədi basqın etmək olmayıb: "Xeyli borcum var idi, bu səbəbdən əsəblərim də pozulmuşdu. Tutulmağımı istəyirdim. Buna görə də cinayət törətmək istədim, amma dedim oğurluq edib kiməsə ziyan vurmayım. Mən də belə etdim. Onsuz da mənə pul verməyəcəklərini bilirdim. Niyyətim bankı soymaq deyildi".

Onun sözlərinə görə, kassada o qədər pul olacağını bilmirmiş: "Dedim yəqin 3-5 min manat olar. Özüm də konkret məbləğ istəməmişəm. Qohumlarımdan borc almışdım, 12 800 manat borcum var idi. Mənə elə gəlirdi ki, kimsə mənə xəsarət yetirə bilər, ona görə də özümlə çörək bıçağı götürmüşdüm. Fikirləşdim ki, yəqin 1-2 il "yatıb" çıxaram, amma cəzamın 10-15 il olacağını bilsəydim etməzdim. Hələ də borclarımı ödəyə bilməmişəm".

Vəkili qeyd edib ki, N.Məmmədov boşanıb və himayəsində olan 3 uşağa aliment ödəyib. Həm də əsəb xəstəliyinə görə psixotrop maddələr qəbul edib. 2009-cu ildə Psixiatriya Xəstəxanasında müalicə olunub.

Daha sonra şahidlər dindirilib. Bankın filialında şöbə müdiri olan Fərhad İsmayılov ifadəsində deyib ki, hadisə zamanı bankda olub: "Qadının boğazına bıçaq dirəyib dayanmışdı, konkret kiminsə üstünə getmirdi, ümumi olaraq ona pul verilməsini tələb edirdi, söyüşlər söyürdü.

Təqsirləndirilən şəxsin qardaşı Nizami Məmmədov deyib ki, qardaşının 20 min manata yaxın borcu olduğunu bilib.

Məhkəmənin növbəti iclası iyunun 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il saat 13 radələrində “Turan Bank” ASC-nin Yasamal filialında baş verib. O, bankda müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və bıçağı onun boğaz nahiyəsinə dirəyib. Həmin şəxs xəzinədarlıqdan pul verilməsini, əks halda qadını öldürəcəyini deyib. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb. Araşdırma zamanı həmin şəxsin paytaxtın Yasamal rayon sakini 1967-ci il təvəllüdlü Məmmədov Nazim Novruz oğlu olduğu müəyyən edilib.