Lerik meşəsində 75 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanıb
Sosial 23 May 2018 10:27:18 241 0
“Qanunla nəzərdə tutulmuş qaydada ən ciddi cəza tədbirləri görüləcək”
Baş Prokurorluğun mətbuat xidmətindən “Report”a bildirilib ki, Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vizəzəmin meşəbəyliyinin ərazisində yaşköküstə müxtəlif cinsli və diametrli 75 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə xeyli miqdarda, yəni 6590 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
Həmin faktla bağlı Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini tərəfindən mayın 18-dəCinayət Məcəlləsinin 259.1-ci (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Lerik rayon Polis Şöbəsinin İstintaq Qrupuna tapşırılıb.
Hazırda qanunsuz ağac kəsmə faktı ilə bağlı başlanmış cinayət işi üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“Bütün fiziki və hüquqi şəxslərə qanunsuz ağac kəsilməsi hallarına yol verməmələri tövsiyə edilir və bu kimi hallara yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş qaydada ən ciddi cəza tədbirləri görüləcək”, - Baş Prokurorluqdan əlavə olunub.