Abşeronda qadını görüntülərilə şantaj edən şəxsin kassasiya şikayəti təmin edilməyib


Sosial 27 Apr 2018 16:12:27 272 0

Abşeronda qadını görüntülərilə şantaj edən şəxsin kassasiya şikayəti təmin edilməyib

Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Roland Abdıyevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Abdıyevin kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, R.Abdıyev internetdə tanış olduğu Abşeron rayon sakini A.İ-lə (qadının ad və soyadı şərti) yaxın münasibətdə olduqdan sonra əlindəki özəl görüntülərilə onu şantaj etməklə hədələyib. Daha sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib.

2015-ci ilin noyabr ayının 6-da Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadından 100 manat alarkən Ağstafa rayon sakini R.Abdıyev tutulub.

O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Abdıyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi isə R.Abdıyevin apellyasiya şikayəti qismən təmin edib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirib. Belə ki, onun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib. Daha sonra R.Abdiyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.